EN

“Düzünü desəm, üzvlük haqqı ödəmək barədə heç düşünməmişəm” - Afiq Muxtaroğlu



“AYB-yə üzv olmağım 15-16 il bundan əvvələ təsadüf edir. Həmin dövrdə mən Tiflisdə nəşr olunan "Varlıq" qəzetində çalışırdım. Bu təşkilata üzv olmağa elə də böyük istəyim olmayıb. Ona görə ki, ortada birliklə məni bağlayan konkret nəsə yox idi. Həmin dövrdə biz – Gürcüstanda yaşayan bir qrup yaradıcı şəxs "Varlıq" qəzeti ətrafında birləşib, müxtəlif mövzularda publisistik yazılarla dünyada baş verən hadisələrə münasibət bildirirdik. AYB nin Gürcüstan bölməsi də elə o vaxtlardan fəaliyyət göstərirdi. Bölməyə şair Rafiq Hümmət rəhbərlik edirdi. Səhv etmirəmsə bu bölmə yenə də fəaliyyətdədir. Mən də həmin dövrdə dostların təşəbbüsü ilə AYB-ə üzv oldum. Bu təşkilatın Gürcüstanda yaşayıb-yaradan adamlara xüsusi bir diqqət yetirdiyinə dair heç bir məlumatım yoxdur”. Bu sözləri baki-xeber.com-a Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, adı AYB tərəfindən üzvlük haqqı ödəməyənlər siyahısına salınan Gürcüstanda yaşayan şair Afiq Muxtaroğlu deyib.

A.Muxtaroğlu bildirdi ki, Gürcüstanda yaşayan sənət adamları gücləri çatan qədər, öz imkanları ilə, öz xərclərilə kitablarını çap etdirir, hansısa saytlarda öz təşəbbüsləri ilə yazdıqlarını üzə çıxarırlar.

Onun özünün AYB-nin hansısa qurultayında nümayəndə olaraq iştirak edib etməməsinə gəlincə, A.Muxtaroğlu “təşkilatın heç bir qurultayında iştirak etməmişəm. Amma bizim şair və yazıçılardan bir neçəsinin iştirak etdiyini dəqiq deyə bilərəm. O üzdən ki, onların qurultayda iştirak etmələrini AYB-nin Gürcüstan bölməsi olaraq biz demokratik yolla öz aramızda həll edib, kimlərin qurultaya gedəcəyini müyyənləşdirmişdik”-deyə bildirdi.

İndiyə qədər AYB-yə üzvlük haqqı ödəməməsinin səbəblərinə A.Muxtaroğlu belə aydınlıq gətirdi: “Düzünü desəm, üzvlük haqqı ödəmək barədə heç düşünməmişəm. Və AYB-dən xaric olunmağı da özümün ən axrıncı problemim hesab edirəm. Buna görə inciməyi ağlımın ucundanda keçirmirəm. Ona görə ki, məni Birliklə bağlayan kiçik bir səbəb də yoxdur”.

Qeyd edək ki, AYB-də təmsil olunan, lakin üzlük haqqını ödəməyən şair və yazıçılara fevralın 1-dək vaxt verilib, onlar AYB-yə borclarını ödəməsələr təşkilatdan xaric ediləcəklər.

İradə SARIYEVA

Chosen
19
baki-xeber.com

1Sources