EN

Boşananda uşaq kimdə qalacaq? – Atanın üstünlük qazanacağı hallar – Məhkəmələrin “gizli qaydaları” ortaya çıxdı

Boşanma zamanı uşağın kimdə qalması məsələsi cəmiyyətdə ən çox mübahisə doğuran və emosional yanaşmalarla müşayiət olunan mövzulardandır. Xüsusilə də “məhkəmələr uşaqları demək olar ki, avtomatik olaraq ataya verir”, “ananın baxıcı tutması nəzərə alınmır, atanın anası baxacaq deməsi isə əsas götürülür” kimi fikirlər ictimai rəyin formalaşmasında ciddi rol oynayır. Hüquqi baxımdan isə vəziyyət bir qədər daha mürəkkəb və çoxşaxəlidir.

Azərbaycan qanunvericiliyinə görə, boşanma zamanı uşağın kimdə qalması məsələsi valideynlərin cinsinə görə deyil, uşağın maraqlarına əsasən həll edilməlidir. Ailə Məcəlləsində açıq şəkildə göstərilir ki, məhkəmə qərar qəbul edərkən uşağın yaşı, sağlamlıq vəziyyəti, valideynlərin mənəvi keyfiyyətləri, maddi imkanları, yaşayış şəraiti, uşağa real qayğı göstərmək imkanı və uşağın valideynlərə bağlılığı nəzərə alınır. Yəni nəzəri baxımdan nə ata, nə də ana üstün mövqedə deyil.

“Bakı” Hüquq Şirkətinin rəhbəri, hüquqşünas Natiq Ələsgərovun bu mövzu ilə bağlı NOCOMMENT.az-a hüquqi şərhinə görə, uşağın atada qalması halları qanunda istisna deyil və müəyyən şərtlər mövcud olduqda məhkəmələr bu qərarı tam hüquqi əsaslarla verə bilir. Onun fikrincə, “cəmiyyətdə elə təəssürat yaranıb ki, uşaq ataya verilirsə, bu, ədalətsizlikdir. Halbuki məhkəmə baxır: konkret olaraq bu uşağın təhlükəsizliyi, psixoloji rahatlığı və gələcək inkişafı harada daha yaxşı təmin olunacaq”.

“Uşağın atada qalmasına səbəb ola bilən əsas hallardan biri ananın valideynlik vəzifələrini lazımi səviyyədə yerinə yetirməməsidir. Məsələn, ananın alkoqol və ya narkotik asılılığı, psixi xəstəlikləri, uşağa qarşı laqeyd münasibəti, zorakılıq faktları və ya uşağın sağlamlığı və təhlükəsizliyi üçün risk yaradan həyat tərzi məhkəmə tərəfindən ciddi arqument kimi qiymətləndirilir. Belə hallarda ata uşağın daha təhlükəsiz mühitdə böyüyəcəyini sübut edərsə, uşaq onun himayəsinə verilə bilər” , – deyə hüquqşünas qeyd edib.

Natiq Ələsgərovun sözlərinə görə, digər mühüm məsələ valideynlərin real baxım imkanlarıdır:

“Təcrübədə tez-tez rast gəlinir ki, ata işlədiyini, lakin anasının (uşağın nənəsinin) uşağa gündəlik baxacağını və ya daimi baxıcı tutulacağını bildirir”.

Hüquqşünas qeyd edir ki, məhkəmə üçün burada əsas meyar “baxımın faktiki və davamlı olub-olmamasıdır:

“Yəni ata sadəcə sözlə yox, sənədlərlə, yaşayış şəraiti ilə, ailə üzvlərinin iştirakı ilə bunu sübut etməlidir. Eyni yanaşma hüquqi baxımdan ana üçün də keçərlidir. Lakin praktikada bəzən ananın baxıcı tutacağı barədə bəyanatının yetərincə əsaslandırılmaması, sübutların zəif təqdim olunması onun mövqeyini zəiflədir. Uşağın yaşı da həlledici amillərdəndir. Ümumən, azyaşlı uşaqların – xüsusilə məktəbəqədər yaşda olanların anada qalması daha məqsədəuyğun hesab olunur. Ancaq bu, dəyişməz qayda deyil. Əgər ata sübut edirsə ki, ana uşağın gündəlik qayğısını təmin etmir, uşağın rejimi pozulur, təhsili və sağlamlığı təhlükə altındadır, məhkəmə azyaşlı uşağı da ataya verə bilər. 10 yaşdan yuxarı uşaqlarda isə onların öz fikri də nəzərə alınır və uşaq atası ilə qalmaq istədiyini əsaslandırılmış şəkildə bildirərsə, bu, məhkəmə üçün ciddi arqument sayılır”.

Hüquqşünasın sözlərinə görə, maddi imkanlar məsələsində də tez-tez yanlış anlaşılmalar olur:

“Qanuna görə, daha çox qazanan valideyn avtomatik üstünlük qazanmır. Əsas məsələ uşağın ehtiyaclarının stabil və davamlı şəkildə ödənilməsidir. Ata orta gəlirli olsa belə, sabit yaşayış yeri, uşağa uyğun ev şəraiti və sosial mühit təqdim edirsə, bu, ananın daha yüksək gəlirindən üstün tutulmaya bilər. Məhkəmə üçün əsas sual budur: uşaq harada daha sakit, təhlükəsiz və sağlam böyüyəcək”.

Chosen
90
nocomment.az

1Sources