EN

İşarət dilini bilməyənlərlə eşitmə və nitq məhdudiyyəti olan şəxslər arasında “virtual körpü” yaradılır – REPORTAJ

Sumqayıt, 14 yanvar, Göyçək Mahmudlu, Azər İbrahimov, Ceyhun Mustafayev, AZƏRTAC

Sözlərin səssiz qaldığı anlarda danışan surdotərcümə xidməti mövcud olan ünsiyyət baryerlərinin aradan qaldırılmasında mühüm rol oynayır. Eşitmə və nitq məhdudiyyətli şəxslərin cəmiyyətin bütün sahələrində bərabər şəkildə iştirakını təmin edən həmin xidmət onlara öz hüquqlarını qorumaq, fikirlərini ifadə etmək imkanı yaradır. Azərbaycanda ötən il fəaliyyətə başlayan “Səsiniz olaq” eşitmə və nitq qüsurlu şəxslər üçün onlayn surdotərcümə xidməti həmin təbəqədən olan vətəndaşların cəmiyyətlə ünsiyyətində körpü funksiyasını yerinə yetirir.

AZƏRTAC-ın əməkdaşları Sumqayıt Reabilitasiya Mərkəzinə gedib, ölkə üzrə fəaliyyət göstərən surdotərcümə xidmətinin fəaliyyəti ilə tanış olublar.

Burada məlumat verilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən istifadəyə verilən “Səsiniz olaq” onlayn surdotərcümə xidməti eşitmə və nitq məhdudiyyəti olan şəxslərin müraciətlərinin üçüncü tərəflərə – dövlət qurumları, özəl sektor nümayəndələri və digər təşkilatlara operativ şəkildə ötürülməsini təmin edir. Xidmət vasitəsilə işarət dilini bilməyən tərəflərlə eşitmə və nitq məhdudiyyəti olan şəxslər arasında “virtual körpü” yaradılır. Belə ki, vətəndaşlar videozəng və ya yazılı mesaj vasitəsilə operatorla əlaqə saxlayır, operator isə surdotərcüməçi funksiyasını icra edərək müraciətin istiqamətinə uyğun olaraq aidiyyəti üçüncü tərəflə əlaqə yaradır və onlayn kommunikasiya qurulur. Surdotərcümə xidməti eşitmə və nitq məhdudiyyəti olan şəxslərin müxtəlif istiqamətlər üzrə müraciətlərini aidiyyəti tərəflərə daha rahat, düzgün və əlçatan şəkildə çatdırmasına imkan yaradır. Layihə inklüziv mühitin dəstəklənməsi, sosial ünsiyyət maneələrinin aradan qaldırılması və informasiya mübadiləsinin təmin edilməsi məqsədi daşıyır.

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sosial-psixoloji reabilitasiya xidmətləri üzrə koordinatoru Pərvin Süleymanova AZƏRTAC-a açıqlamasında 2025-ci il iyulun 28-dən fəaliyyətə başlayan surdotərcümə xidmətinə indiyə qədər 300-ə yaxın müraciətin daxil olduğunu deyib. Onun sözlərinə görə, eşitmə və nitq məhdudiyyətli şəxslərə birbaşa olaraq tərcümə xidməti göstərilir ki, nəticə etibarilə həmin qəbildən olan vətəndaşlar üçün normativ ünsiyyət mühiti yaradılır: “Altı ay ərzində bu qədər müraciət həm həmin xidmətin əhəmiyyətinin, həm də eşitmə və nitq məhdudiyyətli şəxslərin etimadını doğrultmağımızın nəticəsidir. Onlayn surdotərcümə xidməti Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən ən yaxşı təcrübə kimi dəyərlənirilib. Bu barədə təşkilatın Avropa regionu üzrə əlilliyi olan şəxslərin əlçatanlığı, müyəssərliyi və sosial inteqrasiyanı əhatə edən sənəddə əks olunub. Həmin sənəddə surdotərcümə xidmətinin iş mexanizmi, müraciət qaydaları, hətta bəzi müraciət nümunələri qeyd olunaraq, eşitmə və nitq məhdudiyyətli şəxslər üçün nə qədər real bir mühit yaradaraq sosial inteqrasiyanı təmin etdiyi nümunə kimi göstərilib. Ümumi olaraq eşitmə və nitq məhdudiyyətli şəxslər xidmətə dövlət qurumları, özəl sahələr, tədris müəssisələri, həmçinin şəxsi ehtiyacları ilə bağlı müraciət edə bilirlər”.

Surdotərcüməçi Rəhilə Babayeva isə işarət dilini şəxsi həyatında ehtiyac yarandığı və həmin dilə marağı olduğu üçün öyrəndiyini deyib: “Hazırda işarət dili ilə peşəkar şəkildə 4 ildən artıqdır ki, məşğul oluram. Surdotərcüməçiliklə məşğul olarkən bu işin psixoloji tərəflərini də düşünmək lazımdır. Çünki bəzən hansısa bir prosesi başa salmaq üçün çox zamana ehtiyac yaranır. Bu da səbr tələb edən məqamdır. Surdotərcümə xidmətində daha çox sosial xidmətlərlə bağlı müraciətlər olur. Bank xidmətləri, xəstəxanalar, bundan əlavə şəxsi ehtiyaclarla da bağlı müraciətlər kifayət qədər çoxdur. Xidmətdən yararlanmaq üçün vətəndaşlar 055 213 19 97 əlaqə nömrəsinə vatsar və ya teleqram platformaları vasitəsilə müraciət edə bilərlər. “Səsiniz olaq” surdotərcümə xidməti bazar günü istisna olmaqla, həftənin 6 günü saat 09:00-dan 16:00-dək fəaliyyət göstərir. Prosesə uyğun olaraq, eşitmə və nitq məhdudiyyətli şəxs ilk öncə bizə müraciət edir. Bu, mesaj şəklindədirsə, biz ona dərhal videogörüntülü zəng edirik. Ya da özü birbaşa videozənglə müraciət ünvanlayır. Əvvəlcə qeydiyyat üçün ad, soyad və digər şəxsi məlumatlarını alırıq. Daha sonra isə həmin şəxsin hansı problem üçün müraciət etdiyini öyrənir, kömək etmək üsulunu müəyyənləşdiririk. Həmin şəxs birbaşa kömək istəyə bilər, yəni hər hansı bir qurumdadır, və ya hər hansı bir şəxslə ünsiyyət yaratmaq lazımdırsa, onun yanındadır. Biz burada birbaşa şəkildə tərcümə edirik. Ya da ola bilər ki, görüntülü şəkildə başqa bir şəxsi, yəni əlaqələndiricini də zəngə qoşa bilər. O zaman üç tərəf, yəni biz, müraciət edən, əlaqələndirilən tərəf görüntülü danışır, müraciətin məzmununu və cavabı qarşı tərəfə ötürürük”.

Bildirilib ki, vətəndaşla müvafiq qurumlar arasında sağlam və etibarlı ünsiyyəti təmin edən surdotərcümə xidməti inklüziv və ədalətli cəmiyyətin formalaşması üçün səmərəli addımlardan biridir.

 

 

Chosen
163
azertag.az

1Sources