EN

G7 ölkələri İranı əlavə sanksiyalarla hədələyib

Xarici işlər nazirləri Tehrandakı etirazların zorakılıqla yatırılmasından ciddi narahatlıq ifadə edib...

Poliqon xəbər verir ki, “Böyük yeddilik” ölkələrinin xarici işlər nazirləri İrandakı vəziyyətlə bağlı birgə bəyanatla çıxış ediblər. Sky News-un məlumatına görə, nazirlər ölkədə davam edən etirazlar fonunda baş verən hadisələrdən ciddi narahat olduqlarını bildiriblər.

Bəyanatda qeyd olunur ki, G7 üzvləri İran hakimiyyətinin sərt və qəddar repressiyalarını qətiyyətlə pisləyir və ölənlərin, eləcə də yaralananların sayının artması ilə bağlı yayılan məlumatlardan dərin təşviş keçirirlər. Nazirlər vurğulayıblar ki, mövcud vəziyyət insan haqları və əsas azadlıqlar baxımından ciddi risklər yaradır.

G7 ölkələri İran hakimiyyətini maksimum təmkin nümayiş etdirməyə, zorakılıqdan çəkinməyə və vətəndaşların fundamental hüquq və azadlıqlarına hörmət etməyə çağırıblar. Bəyanatda Tehran rəhbərliyinə beynəlxalq öhdəliklərə uyğun davranmaq tövsiyə olunub.

Sənəddə həmçinin bildirilir ki, əgər İran hakimiyyəti etirazların və fərqli fikirlərin boğulmasını davam etdirərsə, G7 üzvləri əlavə məhdudlaşdırıcı tədbirlərin, o cümlədən yeni sanksiyaların tətbiqinə hazırdır. Nazirlər vurğulayıblar ki, bu cür addımlar insan haqlarının kobud şəkildə pozulmasına cavab olaraq gündəmdə saxlanılır.

Poliqon.info

Chosen
105
poliqon.info

1Sources