EN

Casuslara haqq qazandıran Qərb, vətəndaş qətllərinə susan dünya – İkili standartlar DAVAM EDİR

Qərb dairələrinin, xüsusilə Fransanın Azərbaycana münasibətində illərdir müşahidə olunan ikili standartlar bu gün regionda baş verən proseslər fonunda daha aydın, daha kəskin və daha ifşaedici formada üzə çıxır.

Məsələ təkcə siyasi yanaşma fərqlərində deyil, “insan haqları”, “demokratiya” və “azadlıqlar” kimi anlayışların selektiv şəkildə tətbiq olunmasındadır.

Azərbaycan öz suverenliyini, konstitusion quruluşunu və daxili təhlükəsizliyini qorumaq məqsədilə addım atanda dərhal hədəfə çevrilir, ittiham olunur, sanksiyalarla təhdid edilir. Eyni zamanda, daha ağır, sistemli və kütləvi insan haqları pozuntularının yaşandığı ölkələrdə bu anlayışlar ya tamamilə unudulur, ya da bilərəkdən görməzlikdən gəlinir.

Bu ikili standartların kökləri yalnız daxili siyasi proseslərlə məhdudlaşmır, onlar Azərbaycanın yaxın tarixində – Birinci və İkinci Qarabağ müharibələri dövründə də açıq şəkildə özünü göstərib.

Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanın əraziləri işğal olunanda, bir milyona yaxın insan qaçqın və məcburi köçkünə çevriləndə, dinc əhali qətliamlara məruz qalanda dünya susdu. Xocalı soyqırımı kimi insanlığa qarşı ağır cinayət belə Qərb dairələri tərəfindən ya görməzlikdən gəlindi, ya da bilərəkdən siyasi manipulyasiya predmetinə çevrildi. BMT Təhlükəsizlik Şurasının Azərbaycanın ərazi bütövlüyünü tanıyan qətnamələri illərlə kağız üzərində qaldı, onların icrası üçün heç bir real mexanizm işə salınmadı. Qeyd edək ki, Azərbaycana qarşı bu cür manipulyasiyalarda Ermənistanın bacısı olan Fransa daha çox canfəşanlığı ilə seçilir.

Sonrakı dövrdə Minsk qrupu adı altında yaradılan format isə faktiki olaraq münaqişənin həlli deyil, onun dondurulması və uzadılması məqsədinə xidmət etdi.

İllərlə aparılan mənasız danışıqlar, nəticəsiz görüşlər, balanslı mövqe adı altında işğalçı ilə işğala məruz qalan tərəfin eyniləşdirilməsi ikili standartların ən klassik nümunəsinə çevrildi. Azərbaycan torpaqları işğal altında saxlanıldığı halda, işğalçıya qarşı real sanksiyalar tətbiq olunmadı, beynəlxalq hüquq selektiv şəkildə şərh edildi. Bu yanaşma nəticəsində münaqişə dalana dirəndi və status-kvo illərlə qorundu. Qərb üçün əsas olan ədalət deyil, bölgədə öz maraqlarına uyğun süni sabitliyin saxlanılması idi.

Nəticədə Azərbaycan başa düşdü ki, beynəlxalq hüquq yalnız kağız üzərində qalanda, haqq yalnız güclü siyasi iradə ilə bərpa olunur. 44 günlük Vətən müharibəsi məhz bu reallığın təzahürü oldu.

Azərbaycan özünün haqq savaşını başladı və bütün dünyaya göstərdi ki, xalqın, millətin və dövlətin iradəsindən üstün heç nə ola bilməz. Bu müharibə təkcə hərbi qələbə deyildi, bu, illərlə tətbiq olunan ikili standartlara, saxta vasitəçilik institutlarına və selektiv ədalətə verilən tarixi cavab idi. Azərbaycan öz gücü ilə beynəlxalq hüququn icrasını təmin etdi və sübut etdi ki, ədalət geciksə də, itmir.

Eyni ikili standartlar daha sonra Bakıda baş vermiş Nardaran hadisələri zamanı da açıq şəkildə özünü göstərdi.

Azərbaycan hüquq-mühafizə orqanları dövlətə qarşı yönəlmiş fəaliyyətlə məşğul olan, xarici xüsusi xidmət orqanları ilə əlaqədə olan radikal şəbəkələri ifşa edib zərərsizləşdirəndə, Qərb dairələri, əsas də Fransa hadisənin mahiyyətinə deyil, yalnız öz maraqlarına uyğun təqdimatına fokuslandı. Dövlət təhlükəsizliyinə real təhdid yaradan qruplara qarşı görülən tədbirlər insan haqlarının pozulması, demokratiyaya zərbə kimi təqdim edildi. Halbuki Qərbin özündə belə hallar ən sərt şəkildə cəzalandırılır və heç vaxt “azadlıq mübarizəsi” kimi qələmə verilmir.

Bu yanaşma sonrakı illərdə daha da dərinləşdi. Özlərini feminist, LGBT və ya vətəndaş cəmiyyəti adı altında təqdim edən, lakin mahiyyət etibarilə xaricdən yönləndirilən və maliyyələşdirilən strukturların aksiyaları Avropa mediasında günlərlə tirajlandı,

Azərbaycan haqqında qərəzli və sifarişli materiallar yayımlandı. Bu kampaniyalar təkcə informasiya müstəvisində qalmadı, siyasi təzyiq mexanizminə çevrildi, sanksiya çağırışları səsləndirildi. Paradoks ondadır ki, həmin aksiyalar İran tərəfindən də informasiya müharibəsinin aləti kimi istifadə olundu, Azərbaycan regionda sabitliyi pozan tərəf kimi təqdim edilməyə çalışıldı.

Bu gün isə İranın öz daxilində baş verən hadisələr fonunda həmin ikili standartlar daha açıq, daha çılpaq və danılmaz şəkildə görünür.

İranda minlərlə aksiyaçının xüsusi amansızlıqla öldürüldüyü, yüzlərlə insanın işgəncələrə məruz qaldığı, edamların həyata keçirildiyi barədə çoxsaylı məlumatlar mövcuddur. Burada söhbət nə xarici müdaxilədən, nə də müharibədən gedir. Burada söhbət silahsız vətəndaşlara qarşı dövlət zorakılığından, repressiyalardan və total qorxu mühitindən gedir. ABŞ Prezidenti Donald Trampın bir müddət əvvəl aksiyaçılara qarşı silahdan istifadə ediləcəyi təqdirdə İrana zərbə endiriləcəyi barədə verdiyi sərt bəyanatlar xatırlanır. Lakin az sonra “İranda artıq aksiyaçılar öldürülmür, edamlar dayandırılıb” kimi reallıqla ziddiyyət təşkil edən açıqlamalar verilməsi Qərbin bu məsələdə nə qədər qeyri-səmimi olduğunu bir daha göstərdi. Faktlar zorakılığın davam etdiyini göstərdiyi halda, siyasi bəyanatlar məsuliyyətdən yayınmağa xidmət etdi. Çünki burada əsas meyar insan həyatı deyil, geosiyasi maraqlardır.

Ən ağrılı və düşündürücü məqamlardan biri isə müsəlman ölkələrinin bu proseslərə münasibətidir.

İllərdir davam edən İsrail–Fələstin müharibəsi zamanı Qəzzada baş verən insan itkilərinə görə haqlı olaraq etirazlar səslənir, kütləvi bəyanatlar verilir, beynəlxalq tribunalardan çağırışlar edilir. Müharibə şəraitində itkilərin olması acı və faciəvi reallıqdır, lakin buna baxmayaraq, müsəlman dünyası bu faciəyə laqeyd qalmır. Amma nədənsə eyni həssaslıq İranda müharibə olmadığı halda, molla rejiminin öz vətəndaşlarını güllələdiyi, edam etdiyi, sistemli şəkildə repressiyalara məruz qoyduğu vəziyyətdə ortaya qoyulmur. Bu susqunluq qorxudan, siyasi hesablamalardan, ideoloji yaxınlıqdan və ya regional balanslardan qaynaqlana bilər, lakin mahiyyət dəyişmir: haqsızlıq qarşısında kollektiv səssizlik hökm sürür.

Bütün bu mənzərənin fonunda sual daha da kəskinləşir: nə üçün Avropa, xüsusilə Fransa Azərbaycanda casus şəbəkələrinin ifşasını, dövlət təhlükəsizliyinə qarşı yönəlmiş fəaliyyətlərin qarşısının alınmasını demokratiyaya zidd addım kimi təqdim edir, amma İranda kütləvi qətllər, işgəncələr və edamlar qarşısında real, əməli addımlar atmır? Cavab aydındır, lakin acıdır. Məsələ dəyərlərdə deyil, maraqlardadır. İnsan haqları və azadlıqlar çox zaman universal prinsip kimi deyil, siyasi təzyiq aləti kimi istifadə olunur. Bu alət kimə qarşı sərfəlidirsə, orada işə salınır, kimə qarşı sərfəli deyilsə, orada kənara qoyulur. Azərbaycan nümunəsində bu mexanizm illərdir ardıcıl şəkildə tətbiq edilir, İran nümunəsində isə eyni mexanizm bilərəkdən susdurulur.

Nəticə etibarilə, bu ikili standartlar nə regionda ədalətin bərqərar olmasına, nə də qlobal miqyasda etimadın formalaşmasına xidmət edir. Əgər insan həyatı və azadlığı doğrudan da universal dəyərdirsə, o zaman bu dəyər selektiv yanaşma ilə deyil, hər yerdə və hər kəs üçün eyni ölçü ilə qorunmalıdır. Əks halda, demokratiya, insan haqları və azadlıqlar haqqında səslənən bütün şüarlar mahiyyətini itirir və sadəcə siyasi ritorikaya, ikili standartların pərdəsinə çevrilir.

Əli Səfərli
NOCOMMENT.az

Chosen
140
nocomment.az

1Sources