EN

Dostdan yetim qalmaq...

Əslində mən bədbin, insan ruhuna mənfi emosiyalar gətirən ifadələrdən, pafoslu, ibarəli fikirlərdən az istifadə edirəm. Onsuz da müasir dünyamız qəm yükü ilə doludur. Əlbəttə, bu yükü daşıyanlar bilirlər, kimlər ki, ağına-bozuna baxmadan, cəhənnəm-cənnətini fikirləşmədən haqq tərəzisinin o biri gözünə ağırlıq salır, nə vecinə! Onları da Tanrı belə yaradıb, yazıq hallarına!

Adam atadan-anadan yetim qalar, bu, təbii, yaşı ötmüş doğmalarının bioloji varlığından dünyamızı tərk etmələrii təbiətin qarşısıalınmaz bir prosesidir. Mənim mərhum otuz illik dostumun məzarı başında “dostdan yetim qalmaq” ifadəm də ani olaraq dilimə gəlib və başqa heç nə deyə bilməmişəm.

Söhbət filologiya elmləri doktoru, professor Cəlal Qasımovdan gedir. O, həm də yeni yaradılan dövlətimizin müstəqillik dövründə xüsusi xidmət orqanlarında müddətli hərbi xidmətini leytenant rütbəsində adi əməkdaşdan başlamış, polkovnik rütbəsində şöbə rəisinədək şərəfli yol keçmiş, namusli, vicdanlı zabitlərindən idi.

15 yanvar 1959-cu ildə Naxçıvan Muxtar Respyblikası Şərur rayonunun Püsyan kəndində anadan olub. Ailəsi kasıb olsa da, geniş ürəkli insanlar olub, elə Calalı da halal duz-çörək, ürək genişliyi ilə böyüdüblər.

Orta məktəbdə, Naxçıvan Dövlət Pedaqoji Universitetində yaxşı təhsil alıb. Bir müddət pedaqoji fəaliyyətindən sonra o vaxt yaradılan Milli Təhlükəsizlik Nazirliyinə (DTX) işə götürülüb. Xidməti fəaliyyəti ilə bərabər, arxivlərdə çalışmağı da sevərdi. Bu mənada, yazdığı 40-dək kitabı, yüzlərlə məqaləsi saralmış arxiv qovluqları arxasında axtarışlarının nəticəsi idi. Təsadüfi deyil ki, akademik İsa Həbibbəyli Cəlal Qasımovu “repressiayşünaslığın Qulam Məmmədlisi” adlandırıb, akademiklər Azad Mirzəcanzadə, Yaşar Qaryev, Tofiq Hacıyev, Nizami Cəfərov, Muxtar İmanov, xalq şairi Bəxtiyar Vahabzadə Cəlal Qasımovun elmi əməyini, yaradıcılıq prizmasından və yorulmadan, usanmadan töhfə vermək baxımından yüksək qiymətləndiriblər. Sinəsinə sıqmayan orden-medalları, yazı masasına düzülmüş Fəxri Fərmanlar onun dövlətçilik yolunda zəhmətinin təzahürüdür. Bunlarla yanaşı, Cəlal Qasımov işlədiyi kollektivin, dərs dediyi auditoriyanın sevimlisi idi.

Sözü yerində məntiqlə işlətməyi sevərdi. Yumordan da əskik deyildi. “Hələ sən uşaqsan”ı elə deyərdi ki, kənardan baxanları təəccübləndirərdi və heç kim aramızda cəmi bir aylıq yaş fərqi olduğunu anlamazdı və sonra da üzünə təbəssüm qataraq, “32 gün o məndən balacadı”, - əlavə edərdi. “Mən ondan böyüyəm” deməzdi heç vaxt. Çünki mənim də 70-ü ötmüş söz adamı və sözünün sahibi olan qardaşım Sahib Cavadlı Calal Qasımovu həmişə yuxarıda olmağa adət etdiyi süfrələrin, məclislərin başında otuzdurardı, qalxıb yerini ona verərdi, 15 yaş fərqə baxmayaraq! “Alimini başda oturtmayan millət haqqı tapa bilməz”, -deyərdi!

Təbii ki, mən o 32 gün fərqini götürə bilməzdim. Ancaq fərq təkcə o günlərlə hesablanmadı, dostum çox irəli getdi, çata bilmədim, o tələsdi, yazdı-yaratdı. Daha çox tələsdi, ağrı-acı tapdı, dayanmadı, işdə, evdə cızmaqaralarını bir yerə yığdı. Əvəzində nə qədər ziyalımızın ömürlərinin qaranlıq səhifələrinə işıq saldı, insan talelərinə aydınlıq gətirdi. Elmi-məntiqi yanaşmaları ilə diqqəti cəlb etdi, pafosdan uzaq qaçdı, fakta, dəlilə, sübuta söykəndi.

Yeri gəlmişkən: Azərbaycan Dövlət Pedaqoji Universitetində XX əsrimizin maarifşünası Hacı Kərim Sanılı ilə bağlı tədbirə mən də dəvət almışdım, - AMEA Folklor İnstitutunda H.Sanılı haqqında “Ağrı yaddaşı” və ayrıca siyahıdan ibarət “Repressiya ensiklopediyası” kitablarını C.Qasımovun ölümündən çap etdirmişik. Görkəmli akademiklərdən sonra jurnalistlərdən biri “Mən DTK arxivində iki qalın qovluğu araşdırmışam. Təəssüf ki, buradakı faktlara professor Cəlal Qasımov diqqət yetirməmişdir” ifadəsini işlətdi. Çıxışım başqa istiqamətdə hazırlamışdım, istər-istəməz bu yersiz ibarəni tamamlamalı oldum və digərləri ibtər çıxarsın deyə cavab verməli idim. 

Birincisi, elmi axtarışlar, arxiv araşdırmaları bununla maraqlıdır ki, hər dəfə yeni adamlar yeni faktlarla qarşılaşır və ictimaiyyətə nə isə yeni açıqlamalar gətirir. Ömrünü arxivlərdə keçirmiş qələm adamları üçün burada təəccüblü heç nə yoxdur.

İkincisi, Cəlal Qasımovun araşdırmaları dövrü tam başqa idi, o, arxivlərə icazə istəyəndə hələ də DTK-da sənədlərin açıqlanması proseduru köhnə qaydada idi və hətta əməkdaşın qarşısına belə qalın qovluqlar yox, o qovluqlardan kiçik çıxarışlar  qoyulurdu, araşdır necə istəyirsən...

Cəlal Qasımovun tərtibçiliyi ilə “Sərhəd” qəzetinin bir neçə xüsusi buraxılşı “Yaddaşın bərpası” 16 səhifədə çap olundu və rayonlarda müzakirələr keçirildi. O tədbirlərdə varis vətəndaşlardan bəziləri 7 qapı arxasında gizlədilmiş sənədləri, fotoları ələ alarkən varis kimi nə alacaqları barədə sullar da verirdilər. Eynilə, Sanıyev soyadlı birisini arayıb taparkən, o, “mən yalnız soyadı daşıyıram, başqa heç kimi tanımıram” ifadəsini eşitmişdim. Baxın, onda 95-ci il idi, çox şey geridə qalmışdı, ancaq şüurlar, baxışlar yeniliyə, müstəqilliyə köklənməmişdi.  

Daha bir ibrətamiz xatırlatma yerinə düşər: Torpaqlarmız işğala məruz qalanda hələ sovet Azərbaycanının vətənpərvər insanlarının, o cümlədən, Moskvadan idarə olunduğu dünyanın ən sirrli strukturunun vətənpərvər oğulları özünümüdafiə batalyonu yaratmaq üçün toplantı keçirirlər. Toplantıda “bu, bizim  qaydalara ziddir, bizim borcumuz təhlükəsizliyi təmin etməkdir, mərkəz nə deyər?” ifadəsini işlədən də elə millətimizə, xalqımıza yad fikirlərdən qopmamışdı. Ancaq yaratdılar, döyüşdülər, sıralarından mərd igidlər yetişdi, Riad Əhmədov kimi Azərbaycanın Milli Qəhrəmanı çıxdı. İndi o qalın qovluaqlrı lütfkarlıqla sizlərin qarşısına qoyan oğullardan biri də ağır günlərdə düşmənə qarşı silaha sarılmış bu günki nazir Əli Nağıyev və onun rəhbərlik etdiyi vətənpərvər kollektivdir.

Axtarın, tapın, araşdırın, bu ölkənin maddi sərvətləri kimi, mənəvi zənginlikləri də tükənməzdir. İşinizdə uğurlar, alimimiz ruhuna dualarla!

Mahir Cavadlı,

Yazıçı-jurnalist,

Qarabağ müharibəsi veteranı,

Polkovnik

Chosen
140
redaktor.az

1Sources