EN

Ekspert: Su itkilərinin azaldılması Dövlət Proqramının əsas hədəfidir

Bakı, 15 yanvar, AZƏRTAC

Azərbaycanın 44 günlük müharibədə qələbəsindən sonra son 5 ildə işğaldan azad olunmuş torpaqlarda su anbarlarının yenidən bərpası həyata keçirilib. Prezident İlham Əliyev çıxışında qeyd edib ki, ermənilər sudan bir silah kimi istifadə edirdilər. Torpaqlar işğaldan azad olunduqdan sonra Azərbaycan tərəfindən bu su mənbələrinin yenidən bərpası istiqamətində geniş miqyaslı işlər görülüb.

Bunu AZƏRTAC-a açıqlaması zamanı iqtisadçı ekspert Samir Heydərov bildirib.

Onun sözlərinə görə, Xəzər suyunun duzsuzlaşdırılması üzrə “ACWA Power” tərəfindən həyata keçiriləcək stansiya ölkədə dövlət-özəl tərəfdaşlığının ilk nümunəsi olacaq.

“İllik 100 milyon kubmetr istehsal gücü olan bu stansiya Bakı şəhərinin indiki su təchizatının 25 faizini təşkil edir. 2028-ci ilin sonuna kimi stansiyanın təhvil verilməsi gözlənilir. Stansiya təhvil verildikdən sonra Bakı şəhəri və Abşeron yarımadasının su təchizatının 70 faizdən 95 faizə qədər artması mümkün olacaqdır. Yağış sularının idarə olunması üçün Bakı şəhərinin 30 küçəsində kollektor şəbəkəsinin qurulması da nəzərdə tutulur”, - deyə Samir Heydərov vurğulayıb.

Ekspert qeyd edib ki, dövlət proqramının icrası nəticəsində tullantı suları və kanalizasiya sisteminin təminatı 50 faizdən 95-ə qədər artacaq: “Prezident su itkilərinin də azaldılmasının da bizim üçün vacib olduğunu qeyd edib. Su itkisi 40-45 faiz təşkil edir. Bu baxımdan proqramda su strategiyasında itkilərin minimallaşdrılması, magistral kəmərlərdə və ötürücülərdə su itkisinin, nəzarətdən kənar istifadənin qarşısının alınması və sayğaclaşmanı başa çatdıraraq suyun tam uçotunun aparılması öz əksini tapıb. Beləliklə icra olunacaq dövlət proqramının məqsədi su mənbələrinin dayanıqlığının təmin edilməsi, suyun mənbədən götürülməsi, emalı, nəql edilməsi, saxlanılması və paylanması proseslərin optimallaşdrılması, eyni zamanda, əhalinin keyfiyyətli və dayanıqlı su ilə təmin edilməsi, alternativ su mənbələrindən istifadənin təmin edilməsini nəzərdə tutur”.

S.Heydərov bildirib ki, Bakı şəhəri və Abşeron yarımadasının su təchizatı, kanalizasiya və yağış suları sistemlərinin “Master Planı” yenilənərək 2050-ci ilə qədərki dövrə qədər əhatə olunacaq.

Chosen
125
azertag.az

1Sources