EN

Qaiser Navab: Pakistanda “ASAN xidmət” mərkəzinin açılması peşəkar təlim proqramları və ixtisasartırma seminarları üçün geniş imkanlar yaradır

Bakı, 15 yanvar, Günel Türksoy, AZƏRTAC

ASAN modeli rəqəmsal sahədə güclü tərəfdaşlığı təşviq edəcək, qabaqcıl proqram təminatlarının, kibertəhlükəsizlik təcrübələrinin və elektron hökumət həllərinin mübadiləsinə şərait yaradacaq. Bu, Azərbaycanın “Rəqəmsal Pakistan” təşəbbüsündə əsas tərəfdaş kimi mövqeyini möhkəmləndirir və Sənaye, İnnovasiya və İnfrastruktur (DİM 9) məqsədinə birbaşa töhfə verir.

Bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə vəkili, pakistanlı ekspert Qaiser Navab Pakistanda ilk “ASAN xidmət” mərkəzinin fəaliyyətə başlaması ilə bağlı AZƏRTAC-a məxsusi müsahibəsində bildirib.

Ekspert vurğulayıb ki, hər iki ölkənin tədqiqatçıları, siyasət üzrə ekspertləri və tələbələri üçün ASAN modelinin sosial-iqtisadi təsirlərinin öyrənilməsi baxımından yeni imkanlar yaranacaq: “Birgə seminarlar, təqaüd proqramları və tədqiqat mübadilələri dövlət siyasəti sahəsində diskursu zənginləşdirəcək və transsərhəd intellektual əməkdaşlıq vasitəsilə Keyfiyyətli Təhsil (DİM 4) məqsədinin reallaşmasına xidmət edəcək. Həmçinin “ASAN xidmət” mərkəzinin açılması peşəkar təlim proqramları və ixtisasartırma seminarları üçün geniş imkanlar yaradır. Bu proqramlar Pakistanın dövlət qulluqçularına ictimai xidmətlərin göstərilməsində inqilabi dəyişikliklərə nail olmuş azərbaycanlı mütəxəssislərin təcrübəsindən birbaşa faydalanmağa imkan verəcək. “ASAN xidmət” mərkəzi sadəcə inzibati bir qurum deyil, ortaq taleyimizin rəmzidir və Pakistan-Azərbaycan dostluğu irsinin tərəqqi, innovasiya və xalqlarımızın birgə rifahı ilə yadda qalmasını təmin edir”.

Qeyd edək ki, Qaiser Navabın müsahibəsi ilə daha ətraflı link vasitəsilə tanış ola bilərsiniz.

 

Chosen
141
azertag.az

1Sources