EN

Magistraturaya qəbul prosesi ölkəmizdə insan kapitalının strateji inkişafının mühüm hərəkətverici qüvvəsi kimi çıxış edir - ŞƏRH

Bakı, 15 yanvar, AZƏRTAC

Müasir dövrün bilik iqtisadiyyatı paradiqması ali təhsilin magistratura səviyyəsini sadəcə ixtisasartırma mərhələsi deyil, həm də fərdin intellektual potensialının milli strateji kapitala çevrildiyi əsas platforma kimi müəyyən edir. 2026-cı il yanvarın 14-də start götürən sənəd qəbulu prosesi Azərbaycanın ali təhsil sistemində mühüm bir mərhələnin başlanğıcıdır. Bu proses təkcə bakalavrların akademik ambisiyalarını deyil, həm də əmək bazarının qlobal trendlərə və milli prioritetlərə uyğunlaşma dərəcəsini ölçən mühüm bir indikator rolunu oynayır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən və insan kapitalının inkişafı strateji hədəf olaraq götürülmüş dövlət siyasətinin mərkəzində “qara qızılın insan kapitalına çevrilməsi” fəlsəfəsi dayanır. Ölkə başçısının elm və təhsilə verdiyi müstəsna önəm, yüksəkixtisaslı və rəqabətədavamlı kadr potensialının artırılması istiqamətində atılan addımlar ölkəmizin gələcək inkişaf modelinin təməlini təşkil edir. Məhz bu strateji xəttin nəticəsidir ki, müasir Azərbaycan gəncliyi bu gün beynəlxalq standartlara cavab verən, innovativ təfəkkürlü və milli dəyərlərə sadiq mütəxəssislər kimi formalaşır. 2026-cı ilin magistratura qəbulu bu genişmiqyalı islahatların növbəti intellektual sınaq mərhələsidir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov deyib. O bildirib ki, cari ilin qəbul kampaniyası bir sıra fərqli statistik göstəricilərlə xarakterizə olunur: “Ötən tədris illərində magistratura imtahanlarında iştirak edən bakalavrların sayında müşahidə olunan davamlı artım tendensiyasının 2026-cı ildə də pik həddə çatacağı proqnozlaşdırılır. Dövlət İmtahan Mərkəzinin (DİM) müəyyən etdiyi təqvim planına əsasən, fevralın 15-nə təyin edilmiş ilk imtahan mərhələsi namizədlər üçün həlledici sınaqdır. Bu il keçid ballarının artımı təhsilin keyfiyyət standartlarını yüksəltməklə yanaşı, magistratura pilləsində meritiokratik rəqabəti daha da kəskinləşdirir.

Builki magistratura qəbulunun elmi-analitik kontekstini xüsusi edən fundamental amil işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq prosesidir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında reallaşdırılan yeni əmək bazarı reallıqları ali təhsilin qarşısında konkret vəzifələr qoyur. “Böyük Qayıdış” proqramı çərçivəsində tətbiq edilən “Ağıllı kənd” və “Ağıllı şəhər” infrastruktur layihələri əmək bazarında ixtisaslı kadr tələbatını köklü şəkildə transformasiya edib. Bu reallıq magistraturada şəhərsalma, bərpaolunan enerji və aqrar texnologiyalar kimi sahələrdə transdissiplinar yanaşmalar tələb edən ixtisasların elmi reytinqini sürətlə artırmaqdadır. Yeni yaradılan iş yerləri artıq sadəcə texniki icraçı deyil, həm də süni intellekt sistemləri ilə işləmək bacarığına və dərin elmi-tədqiqat potensialına malik kadrlar tələb edir ki, bu da magistratura təhsilini milli təhlükəsizlik və iqtisadi inkişaf baxımından strateji zərurətə çevirir.

Prosesin metodoloji tərəfləri də elmi yanaşma tələb edir. Yanvarın 26-dək davam edəcək sənəd qəbulu və yanvarın 18-də keçiriləcək sınaq imtahanları namizədlərin prosessual hazırlığını təmin edən vacib həlqələrdir. Bakalavrların fənlərarası balansı qoruması və ixtisas seçimi zamanı şəxsi akademik maraqlarla dövlətin gələcək iqtisadi konyukturası arasında harmoniya yaratması milli kadr hazırlığı siyasətinin səmərəliliyi baxımından mühümdür”.

İlqar Orucov bildirib ki, 2026-cı ilin magistraturaya qəbulu prosesi təkcə biliklərin mexaniki yoxlanılması deyil, həm də gənclərin fərdi qabiliyyət və intellektual zəhmətinin obyektiv qiymətləndirildiyi, şəffaflığa söykənən meritiokratik bir süzgəcdir: “Cari ilin qəbul kampaniyası Azərbaycanın gələcək kadr xəritəsini cızır. Ölkə başçısının ali təhsilə və elmə qayğısı, işğaldan azad edilmiş torpaqlarımızın iqtisadi dövriyyəyə qatılması və Dövlət Proqramının yaratdığı imkanlar, 2026-cı ildə magistraturanı ölkənin elmi və iqtisadi intibahının əsas hərəkətverici qüvvəsinə çevirir. Bu proses rəqabətədavamlı mütəxəssislərin, xüsusən də müasir texnologiyalarla işləməyi bacaran kadrların yetişdirilməsi və Azərbaycanın qlobal intellektual məkanda mövqeyinin möhkəmləndirilməsi yolunda atılan növbəti qətiyyətli addımdır”.

 

 

 

Chosen
130
azertag.az

1Sources