EN

"Subayların övladlığa uşaq götürməsi təqdirəlayiqdir, amma balans qorunmalıdır" - Sosioloq

Son vaxtlarda cəmiyyətimizdə övladlığa uşaq götürən subay şəxslərin sayında artım müşahidə olunur. Bu tendensiya ailə anlayışına və valideynlik məsuliyyətinə yeni baxışların formalaşdığını göstərir. Subay şəxslərin bu addımı atmasında həm sosial, həm də mənəvi amillər mühüm rol oynayır. Eyni zamanda, bu hal valideynlik modelinin yalnız ənənəvi ailə çərçivəsi ilə məhdudlaşmadığını ortaya qoyur. 

Mövzu ilə bağlı Missiya.Az-a danışan sosioloq Mail Yaqub bildirib ki, övladlığa uşaq götürmək cəmiyyət üçün çox gözəl və təqdirəlayiq bir addımdır:

"Atasız-anasız qalmış, taleyin ümidinə buraxılmış bir uşağa valideynlik etmək həm böyük savab, həm də yüksək mənəvi dəyərə malik bir davranışdır. Bu cür addımlar insanlarda mərhəmət, sosial məsuliyyət və humanist dəyərlərin güclənməsinə xidmət edir.

Mail Yaqubun sözlərinə görə, bu məsələ müəyyən balans çərçivəsində dəyərləndirilməlidir. Övladlığa uşaq götürmə halları tendensiya və ya kütləvi xarakter almamalı, daha çox zərurətdən doğan, təsadüfi və fərdi hallar kimi qalmalıdır. Bu yanaşma cəmiyyətin təbii inkişafı baxımından vacib hesab olunur".

Mütəxəssislərin fikrincə, əgər bu hal ümumi və geniş yayılmış bir praktika formasını alsa, insanlarda bioloji olaraq uşaq dünyaya gətirmək istəyi azala bilər:

"Bu isə arzuolunan deyil. Çünki əsas məqsəd ölkədə ailə institutunun möhkəmlənməsi və təbii demoqrafik artımın təmin olunmasıdır. Son illərdə Azərbaycanda əhalinin artım tempi zəifləyib. Bu baxımdan dövlət və cəmiyyət üçün prioritet məsələlərdən biri də doğum səviyyəsinin artırılması və ailələrin uşaq sahibi olmağa təşviq edilməsidir. Övladlığa uşaq götürmək mühüm sosial missiya olsa da, bu, təbii artımın alternativi kimi deyil, sosial zərurət kimi dəyərləndirilməlidir",- deyə sosioloq əlavə edib.

Seyranə QuliyevaMissiya.Az

Chosen
131
missiya.az

1Sources