EN

Ekspert: Magistratura təhsili gənclərə akademik inkişaf imkanı yaradır

Bakı, 15 yanvar, AZƏRTAC

Fevralın 15-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən magistraturaya qəbul imtahanı keçiriləcək. İmtahanda riyazi məntiq üzrə 50, informatika üzrə 25, xarici dil üzrə isə 25 sual təqdim olunacaq. Xarici dil fənni üzrə əlavə olaraq esse tapşırığı da nəzərdə tutulur. Ümumi imtahan müddəti 3 saat 30 dəqiqədir. Bu vaxtın 3 saatı test tapşırıqlarına, 30 dəqiqəsi isə esse yazılışına ayrılır. Esse maksimum 5 balla qiymətləndirilir. Xarici dil üzrə esse tapşırığından 5 baldan minimum 2 bal toplaya bilməyən bakalavrlar tədrisi xarici dildə aparılan ixtisasları seçə bilməyəcəklər. Məsələn, tədrisi ingilis dilində olan ixtisaslara müraciət etmək istəyən bakalavrın mütləq şəkildə xarici dil üzrə (SSD) ən azı 2 bal toplaması tələb olunur. Tədrisi Azərbaycan və rus dillərində aparılan ixtisaslar üçün isə belə bir məhdudiyyət tətbiq edilmir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində ixtisas seçimi və gələcək karyera üzrə mütəxəssis, təhsil eksperti Ramin Nurəliyev deyib. Onun sözlərinə görə, əvvəlki illərdə gənclər arasında magistratura təhsilinə müəyyən soyuq münasibət müşahidə olunurdu: “Əslində, magistratura akademik göstəricidir. Hər bir bakalavr öz akademik səviyyəsini inkişaf etdirmək və gələcək akademik karyerasını genişləndirmək üçün magistratura təhsili almalıdır. Magistratura təhsili gənclərə həm öz ixtisası, həm də fərqli sahələr üzrə akademik inkişaf imkanı yaradır. Bu səbəbdən bakalavrlara magistraturaya qəbul imtahanlarında iştirak etməyi və magistr dərəcəsi almağı tövsiyə edirəm. Zaman keçdikcə yüksəkixtisaslı və akademik hazırlıqlı kadrlara ehtiyac daha da artacaq. Magistratura və doktorantura təhsili alan gənclər istər dövlət qurumlarında, istərsə də özəl sektorda daha aktiv rol oynaya biləcəklər. Akademik karyera gənclərin gələcəyinə müsbət təsir göstərir və bu mərhələlər diqqətdən kənarda qalmamalıdır”.

Ramin Nurəliyev qeyd edib ki, magistratura təhsilini başa vuran gənclər ali təhsil müəssisələrində dərs demək imkanına da malik olurlar: “Magistratura gənclərə yeni imkanlar açır. Əgər bakalavr öz ixtisasından razı deyilsə, magistratura pilləsində istiqamətini dəyişə bilər. Məsələn, ekologiya üzrə təhsil almış bir gənc MBA proqramlarına müraciət edərək biznesin idarə edilməsi sahəsində akademik fəaliyyətini davam etdirə bilər. Bu yanaşma beynəlxalq təcrübədə olduğu kimi, ölkəmizdə də mövcuddur.

Əvvəlki illərdə magistratura təhsili 2 il davam edirdi, lakin ötən ildən etibarən bəzi ixtisaslar üzrə magistratura proqramları 1,5 il və 2 il olmaqla iki hissəyə bölünüb. Bu model Türkiyə təcrübəsində də mövcuddur. Bunun müsbət tərəfi ondan ibarətdir ki, bəzi gənclər magistraturanı daha qısa müddətdə bitirib əmək fəaliyyətinə başlamaq istəyirlər. 1,5 illik proqramlar bu baxımdan əlverişlidir. Lakin bu proqramları bitirənlər doktoranturaya müraciət edə bilmirlər. Doktorantura imkanı yalnız 2 illik magistratura proqramlarını bitirənlər üçün nəzərdə tutulur. Dövlət bu yanaşma ilə gənclərə seçim imkanı yaradır. Əgər gənc akademik karyerasını davam etdirmək istəyirsə, 2 illik proqramı seçə bilər. Əgər məqsədi qısa müddətdə magistraturanı bitirib əmək fəaliyyətinə başlamaqdırsa, 1,5 illik proqram ona uyğun seçimdir. Bu məsuliyyət artıq bakalavrların öhdəliyinə buraxılıb”.

Ramin Nurəliyev prioritet ixtisaslara da toxunub: “Kompüter, IT və mühəndislikyönümlü ixtisaslarda bakalavrların eyni ixtisas üzrə magistratura təhsili almaları daha məqsədəuyğundur. Bu sahələr çox dərin və ixtisaslaşma tələb edən sahələrdir. Bu səbəbdən həmin ixtisaslar üzrə MBA proqramlarına yönəlmək hər zaman tövsiyə edilmir. Beynəlxalq münasibətlər və hüquq kimi sahələr üzrə də magistratura təhsilinin ixtisas üzrə davam etdirilməsi daha məqsədəuyğundur. Bununla yanaşı, bəzi passiv və ya əmək bazarında məhdud imkanlara malik ixtisaslar var. Məsələn, ekologiya və kənd təsərrüfatı sahələri üzrə təhsil alan, lakin bu istiqamətdə çalışmaq istəməyən gənclər üçün MBA proqramları yaxşı alternativdir. Onlar magistraturanı bitirdikdən sonra biznes sahəsində və ya ali təhsil müəssisələrində fəaliyyət göstərə bilərlər. Bu, dövlət tərəfindən yaradılmış çox əlverişli imkandır”.

Chosen
98
azertag.az

1Sources