EN

“Əxlaq serialda yox, başqa yerlərdə pozulur” – Aktrisa

Tanınmış aktyor Hikmət Rəhimovun quruluşçu rejissoru və baş rolun ifaçısı olduğu “Səkkiz” serialı ilk bölümü yayımlanan kimi müzakirə və mübahisələrə səbəb olub. Serialda yer alan qeyri-etik ifadələrin efirə verilməsi Audiovizual Şuranın müdaxiləsinə gətirib çıxarıb. Qurum kadrları “Media haqqında” qanunun tələblərinə zidd hesab edib. Nəticədə serialı yayan “ARB” kanalının yayımı 3 saatlıq dayandırılıb.

Serial psixoloji triller janrında çəkilib və 12 seriyadan ibarətdir. Layihənin quruluşçu rejissoru və baş rolun ifaçısı tanınmış aktyor Hikmət Rəhimovdur.
Ekran işi məktəbli qızının intiharından sonra baş verən hadisələr fonunda insan psixologiyasının qaranlıq tərəflərini ön plana çıxarır.
Yenilik.az xəbər verir ki, “Yeni Sabah”ın əməkdaşı serialda rol alan aktrisa Zülfiyyə Qurbanova ilə söhbətləşib.
– Zülfiyyə xanım, “Səkkiz” serialı ilə bağlı müzakirələr gedir. Xüsusilə də serialda işlədilən bəzi ifadələrə görə “ARB” TV-nin cəzalandırılması gündəm oldu. Bu məsələyə münasibətiniz necədir?
– Açığı, mənə görə bu çox mənasız bir məsələdir. Əvvəlcə seriallara yox, efirdə yayımlanan sosial verilişlərə baxmaq lazımdır. Orada saçyoldusuna çıxan, çənə-çənəyə mübahisə edən dayılar, xalalar, əmilər efirdə şəxsi həyatlarını açıq şəkildə müzakirə edirlər. Əsl problem oradadır, seriallarda yox.

– Bəziləri hesab edir ki, seriallarda vulqar ifadələr işlədilməsi cəmiyyətin əxlaqına mənfi təsir göstərir…
– Serialda işlədilən həmin ifadələri hamı bilir. Azərbaycanda 5 yaşından 15 yaşına qədər hər kəs o sözləri eşidib. İndi bir dənə serialda bir söz deyildi deyə bunu faciə halına salmaq düzgün deyil. Bu, yaradıcılıq işidir.
– Yəni sizcə bu, obrazın tələbindən irəli gəlir?
– Bəli, tam olaraq. Mən bilirəm hansı səhnədən söhbət gedir. Orada masa arxasında oturub danışılan bir səhnədir, istintaq prosesidir. Həmin anda obraz əsəbiləşəndə nə deməlidir?! Axı hamımız əsəbləşəndə bəzi sözlər işlədirik. Bu söz həmin obraza yaraşır.
– Amma tənqidçilər deyir ki, bu cür ifadələr obrazlar üçün uyğun deyil…
– O müəllim, ziyalı obrazı, nümunə göstəriləcək bir insan da deyil. Bu adam cinayətkardır, özü də ağır cinayət törədən biridir. Onun söyüş söyməsi roluna “oturur”, ağzına yaraşır. Burada qeyri-adi heç nə yoxdur.
– Sosial şəbəkələrdə uşaqların belə seriallara baxması ilə bağlı da narahatlıqlar var. Bu haqda nə düşünürsünüz?
– Serialın əvvəlində böyük 18+ işarəsi var və saat 23:00-da yayımlanır. 7 yaşlı uşaq o saatda seriala niyə baxır?! 30-40 yaşlı adam oturub baxa bilər, amma uşağa valideyn nəzarət etməlidir.
Cəmiyyətin əxlaqını günün-günorta vaxtı yayımlanan sosial verilişlər pozur. Orada hər şey açıq şəkildə göstərilir, heç bir yaş məhdudiyyəti yoxdur. Əgər qayda-qanun yaradılırsa, hər yerdə yaradılsın: efirə də, sosial verilişlərə də, “TikTok”a da!
– Yəni seriallar günah keçisi seçilir?
– Elədir. Hər şey incəsənətin üstünə atılır. Amma problem seriallarda deyil. Mən seriala baxmışam, özüm sözügedən serialda rol almışam. Bu qalmaqal mənə çox yersiz görünür.
Türkiyə serialları efirə gedəndə hamı ailəvi şəkildə baxır. Orada qucaqlaşma da var, bir-birinin üstünə atlanma da, sevişmə səhnələri də. Onda heç kim demir ki, əxlaq pozulur. Amma söhbət yerli serialdan gedəndə birdən-birə hamı qeyrətli olur.
Elə nə xırda söhbət olur incəsənət adamları gündəmə gətirilir, bütün qadağalar onlara qoyulur. Bax belə edə-edə incəsənət adamlarını o qədər iyrəndirəcəklər ki, artıq heç kəs nə isə çəkmək, yaratmaq istəməyəcək.
Məncə, bu mövzular süni şəkildə şişirdilir. Əsl problem başqa yerdədir və biz onu görməzdən gəlirik.
Chosen
14
1
yenilik.az

2Sources