Demokrat.az saytına istinadən ain.az xəbər verir.
Bakının Sabunçu rayonunda 42 yaşlı kişi qızına xəsarət yetirib. Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin iyunun 10-da baş verib. Lerik rayon sakini, 1984-cü il təvəllüdlü Emin həmin gün saat 22 radələrində yaşadığı evdə qızı Samirə (adlar şərtidir – red.) ilə mübahisə edib. O, ailə-məişət zəminində aralarında yaranmış mübahisə zamanı əli ilə qızının üz və baş nahiyəsinə zərbələr vurub. Hadisəni törədən Eminin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Emin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, iyunun 10-da, saat 22 radələrində yaşadığı ünvana gələrkən 3-4 şüşə pivə içdiyi üçün içkinin təsiri altında olub: “Evə bazarlıq edərək gəldiyim üçün qızımı ərzaqları yerləşdirməsi üçün oyatdım. Qızı ərzaqları yerləşdirdikdən sonra yatmaq istədiyini bildirdi. Mən isə qızımdan duz gətirməsini istədim. O, isə gətirmədi. Buna görə onu evdən qovdum. Sonra hamama keçdim. Qayıdanda qızımı görərək niyə duz gətirmədiyini soruşdum, onun saçından dartaraq şillə vurdum. Sonra evdən çıxardım. Evin qarşısında olan zaman da onun başından şillə ilə vurdum. Daha sonra qaçmaq istədikdə ona mane oldum və özüm isə həyat yoldaşımın işlədiyi mağazaya getdim. Qızımı döyməyimi ona dedim, oğlumu götürərək bir az gəzdikdən sonra evə qayıtdım”.İş üzrə zərərçəkmiş Samirənin sözlərinə görə, iyunun 10-da, saat 16 radələrində anası və qardaşı ilə işə gedib: “Çünki anam işdən gecə saatlarında tək gəldiyi üçün yolda qorxmasın deyə qardaşımı da özü ilə birlikdə işə aparıb. Atam isə səhər saat 7-8 radələrində çıxıb işə gedib. Mən həmin gün saat 21:30-da yatarkən ata məni yuxudan oyadaraq bazarlıq etdiyini və ərzaqları soyuducuya yığmağımı tələb etdi. Atamın dediklərini etdikdən sonra ona yemək verdim. İşini bitirdikdən sonra yatmaq üçün icazə istədim. Atam məni evdən çıxardı. Qısa yay geyimində olduğumdan paltarımı dəyişərək anamın iş yerinə getmək üçün evə daxil oldum. Bu zaman atam saçımdan tutaraq yoldu, dartaraq başıma şillə ilə vurdu, evdən bayıra çıxardı. Orada məni yerə yıxaraq başıma çoxsaylı şillə zərbələri vuraraq məni döydü”.Bu cinayət işinə Sabunçu Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Emin 9 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası alıb.
Təqsirləndirilən şəxsin cəzaçəkmə müddəti ərzində Bakı şəhərinin hüdudlarını tərk etməsi, həmçinin hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməsi qadağan olunub.
Bundan başqa, onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulub.Fariz Məlikli
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.