EN

Keçmiş hərbçi sevdiyi qadının eks-ərini azyaşlı uşağının gözləri qarşısında döydü

Ali Məhkəmədə qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Malik İslamovun (adı, soyadı şərtidir) barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.


İş materiallarına görə, Malik İslamov Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində sürücü-sanitar vəzifəsində, əsgər hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olub.


Hadisə 15 avqust 2024-cü il tarixdə saat 23 radələrində Naxçıvan MR-da baş verib. Belə ki, təqsirləndirilən şəxsin aralarında sevgi münasibətləri olan S.S.-lə (adı, soyadı şərtidir) telefon danışığı zamanı qadının boşandığı həyat yoldaşı, zərərçəkmiş Gülgün Kərimovun işlədiyi qadın geyim mağazasının qarşısına gəldiyini və azyaşlı uşaqları ilə birlikdə onu yaşadığı evə yola salmaq üçün gözlədiyini deyib. Bu səbəbdən əsəbiləşən Malik avtomobil ilə həmin ünvana gedib. O, mağazanın qarşısına çatdıqdan sonra zərərçəkmiş şəxsdən maşına minməsini və birlikdə kənara gedib söhbət etməyi tələb edib. Lakin Gülgün yanında azyaşlı uşaqların olduğunu bildirərək avtomobilə minməkdən imtina edib. Nəticədə onların arasında mübahisə yaranıb. Bundan sonra Malik maşından düşərək zərərçəkmiş şəxsin yanına gəlib və əvvəlcə ona qarşı nalayiq ifadələr işlədib. Mübahisə zamanı o, Gülgünün boyun nahiyəsindən tutaraq ayağından badalaq verib yerə yıxıb, hər iki əli ilə boyun nahiyəsindən sıxıb. Hadisəyə ətrafdan keçən şəxslər müdaxilə edərək tərəfləri ayırıblar.

Zərərçəkmiş şəxs yanlarında olan azyaşlı qızını qucağına alıb yaşadığı evə getmək üçün oradan uzaqlaşmaq istədikdə, Malik zorakı hərəkətlərini davam etdirərək onun arxasınca gedib. Bir qədər aralıda yerləşən “Şərq Hamamı” adlı hamam kompleksinin yanında Malik Gülgünə uşağı anasına verməsini tələb edib. Tələbinə əməl edilmədikdə isə yaxınlaşaraq başı ilə zərərçəkmiş şəxsin sifət nahiyəsinə zərbə endirib. Nəticədə Gülgünə burun sümüyünün sınığı, yumşaq toxumaların şişkinliyi və qançırı, boyun nahiyəsində iki, sol dirsək nahiyəsində bir, sağ əlində isə iki sıyrıq xəsarətləri yetirilib. Məhkəmənin müəyyən etdiyi kimi, bu xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər kimi qiymətləndirilib.


Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsinin hökmü ilə o, 7 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib. Hökmdən zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayəti verilib. Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin qərarı ilə apellyasiya şikayəti təmin edilməyib. Həmin qərarından Gülgün kassasiya şikayəti verib.


Qeyd: Malik İslamovun anket məlumatlarında göstərilib ki, o, evlidir, himayəsində iki azyaşlı uşağı var və “Xan” taksi şirkətində taksi sürücüsü vəzifəsində işləyir.
 

Kamal Məmmədov 

Tarix: 16 Yanvar 2026, 08:23   
Chosen
135
2
pravda.az

3Sources