İqtisadiyyat naziri Mikayıl Cabbarov Vyetnamın “VinFast” şirkətinin İdarə Heyətinin sədri Le Thi Thu Thuyun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə ölkəmizin əlverişli işgüzar mühiti barədə məlumat verilib, investorlar üçün yaradılmış hüquqi və institusional mexanizmlər, vergi və gömrük güzəştləri, sənaye zonaları və investisiya təşviqi alətləri, eləcə də sabit makroiqtisadi mühit diqqətə çatdırılıb.
Tərəflər Vyetnamla iqtisadi əlaqələrin şaxələndirilməsi istiqamətində biznes dairələri ilə əməkdaşlıq, dayanıqlı inkişaf prioritetlərinə dair fikir mübadiləsi aparıblar.
Görüşdə yerli istehsalın təşviqi, elektrik avtomobillərinin istehsalı sahəsində birgə fəaliyyət imkanları, bu sahədə texnologiya və təcrübə mübadiləsinin əhəmiyyəti müzakirə olunub.
Qeyd edək ki. "VinFast" Vyetnamın ilk qlobal elektrikli avtomobil (EV) istehsalçısıdır. O, "Vin Group" konqlomeratının tərkibinə daxildir və innovativ dizayn və texnologiya ilə təchiz olunmuş, münasib qiymətli, yüksək keyfiyyətli və ağıllı elektrikli avtomobillər təqdim etməklə EV inqilabına təkan verməyi hədəfləyir. Şirkət Vyetnamdakı əsas bazasından başlayaraq Şimali Amerikaya və digər regionlara genişlənir, ABŞ-nin Şimali Karolina ştatında yeni istehsal zavoduna əhəmiyyətli investisiya yatırıb.