EN

İman və inam yeri- FOTOREPORTAJ

Bakı, 16 yanvar, AZƏRTAC

Bibiheybət məscid-ziyarətgah kompleksi Bakının ən müqəddəs və tarixi dini abidələrindən biridir. Xəzər dənizinin sahilində yerləşən kompleks həm memarlıq, həm də mənəvi dəyəri ilə seçilir. Bibiheybət yalnız ibadət məkanı deyil, eyni zamanda Azərbaycan xalqının tarixini, inancını və mədəniyyətini yaşadan müqəddəs ocaqdır.

Məscid yeddinci imam Musa Kazimin qızı və səkkizinci imam Rzanın bacısı Həkimə xanımın məzarı üzərində tikilib. Həkimə xanımın Bakıya gəlməsi və Bibiheybət piri haqqında xalq arasında yayılmış rəvayətlər müxtəlif olsa da, mahiyyətcə eynidir: imam qızının bu şəhərə gəlib çıxmasının səbəbi təqib olunması ilə əlaqələndirilir. Həzrəti Həkimə qardaşının üç uşağı ilə birlikdə Azərbaycana pənah gətirib.

Həkimə xanım dünyasını dəyişəndən sonra həmin dövrdə yaşayış məskəni olmayan indiki Bibiheybət ərazisində dəfn edilib. Sonralar qardaşı uşaqları da bibiləri ilə məzar qonşuları olublar. Məscid inşa edilməmişdən əvvəl də Həkimə xanım Məhəmməd peyğəmbərin nəslindən olduğu üçün məzarı müqəddəs sayılıb. Bura gələn ziyarətçilərin ardı-arası kəsilməyib. Bibiheybət məscidi 1281-1282-ci illərdə Şirvanşahlar dövründə tikilib. Zaman keçdikcə ziyarətgahın ətrafında yeni tikililər və şeyxlərin türbələri də inşa edilib.

Bibiheybət məscidi öz tarixiliyinə və gözəlliyinə görə nadir tikili olub. Çox təəssüflər olsun ki, ötən əsrin 30-cu illərində sovet dövründə bir çox nadir, tarixi, maddi-mədəniyyət abidələri dağıdılarkən Bibiheybət məscidi də dağıdılıb. Quba xanı Fətəli xan öz vəsiyyətinə əsasən ziyarətgahda olan qəbirlərin ayaqları altında dəfn olunub. Lakin ziyarətgah dağıdılarkən xanın da qəbri yerlə-yeksan edilib.

Azərbaycan müstəqilliyini bərpa edəndən sonra xalqımızın Ümummilli Lideri Heydər Əliyevin imzaladığı Sərəncama əsasən Bibiheybət məscid-ziyarətgah kompleksi yenidən inşa edilib. Bu hadisə xalqımızın öz köklərinə və inancına bağlılığının rəmzi kimi qiymətləndirilir. Klassik Şərq üslubunda tikilən əzəmətli Bibiheybət ziyarətgahının daxili hissəsi bütünlüklə ağ mərmərlə işlənilib. Kompleksdə iki minarə ucaldılıb və minarələrdən biri Ulu Öndər Heydər Əliyevin adına “Heydər minarəsi” adlanır. Burada eyni vaxtda 3 min nəfər namaz qıla bilər.

AZƏRTAC-ın fotomüxbirinin lentə aldığı şəkillərdə Bibiheybət məscid-ziyarətgah kompleksinin çağdaş vəziyyəti əks olunub. Kompleksin memarlıq üslubu klassik Şərq memarlığını müasir elementlərlə birləşdirir. Günbəzləri, minarələri və zərif naxışları məscidə xüsusi gözəllik verir. Bu gün ziyarətgah yalnız ibadət yeri deyil, həm də mədəni və mənəvi birlik məkanıdır. Buraya üz tutanlar dua edir, rahatlıq tapır və məscidə iman və inam yeri kimi baxırlar.

 

Chosen
169
azertag.az

1Sources