Bakı, 16 yanvar, AZƏRTAC
Son 20 il ərzində Azərbaycanda həyata keçirilən genişmiqyaslı infrastruktur layihələri ölkəmizin dayanıqlı inkişafının möhkəm təməlini formalaşdırıb. Elektrik enerjisi, qazlaşma, nəqliyyat və digər sahələrdə görülən əsaslı işlər dövlətin uzunmüddətli strateji yanaşmasının nəticəsidir.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Mircəlil Qasımlı bildirib.
“Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirədə Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bir vaxtlar ölkəmizdə enerji qıtlığı mövcud idi, xaricdən elektrik enerjisini idxal edirdik. Bu gün isə görülmüş tədbirlər nəticəsində mənzərə tamamilə dəyişib. Ölkəmizdə təqribən 10 min meqavata yaxın generasiya gücü yaradılıb. Artıq ölkəmiz elektrik enerjisinin dünya bazarlarına ixracı istiqamətində fəal iş görür”, - deyə deputat vurğulayıb.
Mircəlil Qasımlı qeyd edib ki, son 20 il ərzində həyata keçirilən infrastruktur layihələri sırasında qazlaşma xüsusi yer tutur. Bu gün əhalinin 96 faizi təbii qazla təchiz edilir. Bu göstərici dövlətimizin sosialyönümlü siyasətinin bariz təzahürüdür. Eyni zamanda, avtomobil yollarının, körpülərin, tunellərin, mühəndis-kommunikasiya xətlərinin inşası ölkənin bütün regionlarını əhatə edən vahid infrastruktur sisteminin formalaşmasına imkan yaradıb. Hazırda bu istiqamətdə işlər işğaldan azad edilmiş ərazilərdə də uğurla həyata keçirilir. Bu, torpaqların dirçəldilməsi və ölkənin ümumi iqtisadi sisteminə inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıyır. Elektrik, qaz, su, yol və rabitə infrastrukturu müasir standartlar səviyyəsində yenidən qurulur ki, bu da bölgələrin sürətli inkişafına yol açır.
Ötən illər ərzində su təhlükəsizliyinin də daim diqqət mərkəzində olduğunu deyən deputat qeyd edib ki, potensialı 500 milyon kubmetrdən çox olan dörd böyük su anbarı inşa olunub. Bu gün isə iqlim dəyişiklikləri və urbanizasiya şəraitində bu sahəyə xüsusi diqqətin ayrılmasını zəruri edir. Dövlətimizin məqsədi mövcud su mənbələrinin qorunmasını və səmərəli istifadəsini təşkil etmək, bu istiqamətdə ən müasir yanaşmaları tətbiq etməklə, gələcək nəsillər üçün etibarlı təminatın formalaşdırılmasına nail olmaqdır.
“Prezident İlham Əliyevi Sərəncamı ilə təsdiq edilən “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair Dövlət Proqramı” paytaxtda və ətraf ərazilərdə su təsərrüfatının müasir tələblərə uyğun qurulmasını, ekoloji təhlükəsizliyin gücləndirilməsini və xidmətlərin keyfiyyətcə yeni mərhələyə yüksəldilməsini nəzərdə tutur. Bu sənəd uzunmüddətli strateji baxışa və sistemli icra mexanizmlərinə əsaslanır”, - deyə Milli Məclisin deputatı vurğulayıb.