EN

Su təchizatı və su infrastrukturu məsələsi strateji əhəmiyyət kəsb edir ŞƏRH

Bakı, 16 yanvar, AZƏRTAC

Dünyanın bir çox yerində olduğu kimi, ölkəmizdə də su təchizatı və su infrastrukturu məsələsi strateji əhəmiyyət kəsb edir. Bildiyimiz kimi, bununla əlaqədar uzunmüddətli dövlət proqramı qəbul olunub. Bu proqrama Bakı və Abşeron yarımadasında gələcəkdə suya artacaq tələbatı qarşılamaq üçün həm su təchizatı, həm də kanalizasiya sistemlərinin yenidən qurulması, təkmilləşdirilməsi ilə bağlı məsələlər daxildir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında ekspert Fuad Kərimli söyləyib.

Onun sözlərinə görə, bu proqram uzunmüddətli olsa da, çox vacib məsələləri əhatə edir və icrası respublikamızın inkişafına xidmət edəcək. Bu proqramdan geri addım atmaq mümkün deyil. Çünki bu, sadəcə, ekoloji və humanitar problem deyil, həm də milli təhlükəsizlik məsələsidir.

O bildirib ki, Ermənistan uzun illər ərzində Azərbaycan torpaqlarında su resurslarından təzyiq və təxribat aləti kimi istifadə edib. Belə ki, isti aylarda kənd təsərrüfatında suya tələbat artanda Ermənistan Sərsəng su anbarından axını dayandırır, digər dövrlərdə isə suyun həcmini süni şəkildə artıraraq daşqınlara səbəb olurdu. Bu addımlar həm ekoloji, həm də iqtisadi terror kimi qiymətləndirilirdi.

“Azad edilmiş ərazilərdə hazırda bu problem aradan qalxsa da, Azərbaycan hələ də bəzi su ehtiyatları baxımından qonşu ölkələrdən asılıdır. Məhz bu səbəbdən qonşu dövlətlərlə uzunmüddətli və sabit münasibətlərin qorunması suyun davamlı axınının təmin edilməsi, əhalinin kənd təsərrüfatı, sənaye və məişət ehtiyaclarının ödənilməsi baxımından böyük əhəmiyyət daşıyır. Məsələn, Hindistan və Pakistan arasında təxminən 65 ildir qüvvədə olan su müqaviləsi mövcuddur. Bu müddət ərzində üç münaqişə yaşanmasına baxmayaraq, saziş öz qüvvəsini qoruyub saxlayıb. Bu fakt suyun geosiyasi alət, hətta bəzən silah kimi istifadə edilməsinin bariz nümunəsidir”, - deyə ekspert vurğulayıb.

O, həmçinin qeyd edib ki, Prezident İlham Əliyev su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair Dövlət Proqramı ilə bağlı keçirilən müşavirədə tarixdə ilk dəfə olaraq Azərbaycan üçün Xəzər dənizində suyun duzsuzlaşdırılması prosesinə başlanılacağını vurğulayıb. Bu strategiya çərçivəsində ölkənin su ehtiyacının bir hissəsi daxili imkanlar hesabına ödəniləcək və xarici asılılıq əhəmiyyətli dərəcədə azaldılacaq.

“Lakin burada bir məsələ var: Xəzər dənizinə axan ən böyük su mənbəyi Volqa çayıdır və bu çay Rusiyanın ərazisindədir. Xəzər dənizinin səviyyəsinin azalması həm iqlim dəyişiklikləri, həm də Volqa çayı üzərində su infrastrukturunun yaradılması ilə bağlıdır. Bu səbəbdən Xəzər dənizinin kiçilməsi aktual bir problemdir. Azərbaycan iqlim siyasəti və diplomatiyasında son illərdə çox fəal olub. COP29 və COP30 tədbirlərində Xəzər dənizi məsələsi diqqət mərkəzində olub. Göründüyü kimi, bu, yalnız iqlim problemi deyil, həm də su axınının tənzimlənməsi məsələsidir. Buna baxmayaraq, Azərbaycan Xəzər dənizindən hüquqi normalara əsasən istifadə edə bilər. 2018-ci ildə imzalanmış Xəzər Dənizi Konvensiyası bu hüquqları təmin edir. Bu konvensiyanı daha da təkmilləşdirmək imkanı var. Artan demoqrafik tələbat və iqlim dəyişikliyi nəticəsində Xəzər dənizinin səviyyəsinin azalması qonşu ölkələrlə əməkdaşlıq şəraitində həm dənizi qorumağa, həm də hüquqlarımızdan maksimum istifadə etməyə imkan yaradır”, - deyə Fuad Kərimli diqqətə çatdırıb.

 

 

Chosen
137
azertag.az

1Sources