Bakı, 16 yanvar, AZƏRTAC
Prezident İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində bir daha ana dilimizin, Azərbaycan ədəbi dilinin saflığının qorunmasının vacibliyi ilə bağlı fikirlərini səsləndirib, cəmiyyət üzvlərinin qarşısında duran vəzifələri göstərib, Azərbaycan dövlətinin ana dilimizin qoruyucusu olduğunu vurğulayıb. Dili bayraq, gerb və himnlə birlikdə dövlətçiliyin əsas atributlarından biri kimi yüksək dəyərləndirib.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Bakı Slavyan Universitetinin Jurnalistika kafedrasının professoru filologiya elmləri doktoru Şahbaz Musayev deyib. O bildirib ki, ölkə rəhbəri müsahibəsində bir xalq olaraq əsrlərboyu müstəqillik eşqi ilə yaşadığımızdan, eləcə də zəngin müstəqillik tariximizdən bəhs edib. Tarixin müəyyən çağlarında isə müxtəlif imperiyaların tərkibində yaşamağımızın istər-istəməz xalqımızın psixologoyasına təsir etdiyini xatırladıb, bütün dövrlər ərzində dilimizi qoruyub-saxladığımızı, başqa dillərin təsirinə düşmədiyimizi vurğulayıb, bunu məhz xalqımızın böyüklüyü ilə izah edib. Azərbaycan dilini böyük xalqın dili kimi xarakterizə edib və dilimizin imkanlarını yüksək qiymətləndirib. Dili əcdadlarımızın bizə əmanət verdiyini xatırladan dövlətimizin başçısı diqqəti bir neçə çox vacib məsələyə yönəltdi. Müstəmləkəçilik illərində dilimizi qoruya bilmişiksə, onu bu gün də qorumalıyıq.
Professor qeyd edib ki, ölkə rəhbəri müsahibəsində müasir dünyanın reallıqları, internet resursları, sosial şəbəkələrin mövcudluğu şəraitində bütün cəmiyyət üzvlərini diqqətli və məsuliyyətli olmağa səsləyir, yersiz xarici kəlmələrin dilimizi pozduğunu, milli kimliyimizə yavaş-yavaş sarsıdıcı təsir göstərdiyini deyir və qarşımıza Azərbaycan dilini qorumaq üçün çox məsul vəzifə qoyur. Dövlətimizin başçısı ana dilimizin qorunmasının zəruriliyini, onun həyati əhəmiyyətini bütün aydınlığı ilə diqqətimizə çatdıraraq hər birimizi səfərbər edir.
Ş.Musayev qeyd edib ki, Prezident İlham Əliyev müsahibəsində xarici ölkələrdə yaşayan azərbaycanlıların milli varlığının qorunmasında ana dili amilinə yüksək qiymət verib. Dövlətimizin başçısı Azərbaycanın hüdudlarından kənarda yaşayan həmvətənlərimizin Azərbaycan dilini məişət səviyyəsində yox, mükəmməl bilmələrinin vacibliyini söyləyib. Azərbaycanlıların yaşadıqları bəzi ölkələrdə Azərbaycan məktəblərinin olmadığını göstərib, bunu ədalətsizlik adlandırıb və bu ədalətsizliyə son qoyulmalı olduğunu vurğulayıb. Şübhəsiz ki, xaricdə yaşayan azərbaycanlıların, o cümlədən azərbaycanlı uşaqların ana dilini unutmamaları ən vacib məsələlərdəndir. Ölkə rəhbərinin göstərişi ilə xaricdə yaşayan azərbaycanlılar üçün onlayn məktəblərin açılması böyük tarixi-mədəni məsələdir. Bu, dövlətimizin başçısının bu günümüz, sabahımız və uzaq gələcəyimiz üçün çox aydın hədəfidir.
“Prezidentin müsahibəsi Azərbaycan jurnalistləri, ziyalıları, şair və yazıçıları qarşısında proqram xarakterli çox mühüm vəzifələr qoyur. Efir məkanında olan hər bir kəs xarici kəlmələrdən qaçmalı, Azərbaycan ədəbi dilinin normalarına dönmədən əməl etməli, fikir və mülahizələrini kifayət qədər zəngin Azərbaycan dilinin imkanları ilə ifadə etməli, milyonlarla dinləyici və tamaşaçıya örnək olmalıdır”,- deyə professor fikrini yekunlaşdırıb.