EN

Pedaqogika üzrə fəlsəfə doktoru: Hər bir vətəndaş öz nitqində ana dilinə hörmətlə yanaşmalıdır

Bakı, 16 yanvar, AZƏRTAC

Gündəlik danışıqda yad sözlərin artması müasir dövrün reallıqlarından biri kimi qiymətləndirilə bilər. Lakin bu prosesə birmənalı yanaşmaq olmaz. Bir tərəfdən elmi-texniki tərəqqi və beynəlxalq əlaqələr yeni anlayışların dilə daxil olmasını zəruri edir. Bu gün cəmiyyətdə xüsusilə gənclər arasında xarici sözlərin dəb xatirinə işlədilməsi geniş yayılıb. Sosial şəbəkələr, reklam dili, gündəlik ünsiyyət bu tendensiyanı daha da gücləndirir. Halbuki həmin sözlərin əksəriyyətinin Azərbaycan dilində qarşılığı mövcuddur. Yad sözlərin artması dilin inkişafı kimi təqdim olunsa da, bu inkişaf milli zəminə söykənmədikdə təhlükəli hal alır. İnkişaf ana dilinin daxili imkanları hesabına baş verdikdə faydalıdır. Bu baxımdan gündəlik danışıqda yad sözlərin artması tənqidi qiymətləndirilməli, ana dilinin zəngin leksik ehtiyatından istifadəyə təşviq olunmalıdır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Bakı Slavyan Universitetinin dosenti, pedaqogika üzrə fəlsəfə doktoru, Əməkdar müəllim Ənvər Abbasov söyləyib.

O bildirib ki, dilin inkişafı yeni anlayışların, terminlərin yaranmasını və ya qəbulunu zəruri edir. Bu zaman əsas prinsip həmin anlayışların milli dilin qanunauyğunluqlarına uyğunlaşdırılması olmalıdır. Yad sözlərin birbaşa və düşünülmədən dilə daxil edilməsi əvəzinə, onların Azərbaycan dilində qarşılıqlarının yaradılması və təşviqi daha məqsədəuyğundur.

“Tarazlığın qorunması üçün təhsil sistemində ana dilinə xüsusi diqqət yetirilməli, sosial mediada dil normalarına əməl olunmalıdır. Hər bir vətəndaş öz nitqində ana dilinə hörmətlə yanaşmalı, yad sözlərdən yerli-yersiz istifadə etməməlidir. Nəticə etibarilə, dilin inkişafı milli zəminə söykəndikdə və onun saflığı qorunduqda sağlam və davamlı olur. Bu tarazlıq milli kimliyimizin gələcək nəsillərə ötürülməsinin əsas təminatıdır”, - deyə Ə.Abbasov əlavə edib.

 

Chosen
161
azertag.az

1Sources