EN

 Zəngəzur dəhlizi təkcə yol deyil, yeni regional nizamın xəritəsidir – ŞƏRH

Bakı, 16 yanvar, AZƏRTAC

Zəngəzur dəhlizi artıq təkcə regional nəqliyyat layihəsi deyil, Cənubi Qafqazın geosiyasi gələcəyini müəyyən edən strateji platformadır. Bu dəhliz Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirməklə yanaşı, Avropa ilə Asiyanı, Xəzər hövzəsi ilə Aralıq dənizi məkanını əlaqələndirən Transxəzər və Orta Dəhlizin əsas həlqələrindən biri kimi çıxış edir.

Məhz bu səbəbdən Zəngəzur dəhlizi ətrafında formalaşan proseslər yalnız Azərbaycan və Ermənistanı deyil, ABŞ, Avropa İttifaqı, Çin, Rusiya, İran və Mərkəzi Asiya ölkələrini birbaşa maraqlandırır. Burada söhbət təkcə yük daşımalarından yox, təhlükəsizlik, enerji, təchizat zəncirləri və geosiyasi balansdan gedir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azay Quliyev söyləyib.

O bildirib ki, Zəngəzur dəhlizi müharibələr, sanksiyalar və siyasi risklər fonunda klassik nəqliyyat xətlərinə alternativ və təhlükəsiz qlobal ticarət marşrutları yaradır. Asiya və Xəzər regionunun resurslarını Qərb bazarlarına və əksinə Avropa mallarını Asiya bazarlarına çıxarır, regional sabitlik üzərindən qlobal iqtisadi dayanıqlığa töhfə verir. Ən vacibi isə Zəngəzur dəhlizi üzərindən daşımalar daha ucuz və qısa vaxt çərçivəsində həyata keçirilir ki, bu da bütün tərəflər üçün xüsusi əhəmiyyət kəsb edir və rəqabətdə digər marşrutları üstələyir.

Bütün maraqlar Zəngəzur dəhlizində kəsişir

“ABŞ-ın Zəngəzur dəhlizini dəstəkləməsi və Ermənistandan keçən hissəsinə TRIPP adının verilməsi bu layihənin beynəlxalq legitimliyini və tanınmasını təmin edir və kənar təsirlərdən qoruyur. Çünki ABŞ üçün Zəngəzur dəhlizi kritik xammal və nadir metalların təhlükəsiz tədarükü, Avropa–Asiya arasında alternativ ticarət marşrutları, qlobal ticarətdə geosiyasi asılılığın azaldılması deməkdir. Ötən ilin 8 avqustunda Vaşinqtonda əldə olunan razılaşmalara əsasən, bu il yanvarın 13-də ABŞ və Ermənistan hökumətləri TRIPP layihəsinin icra mexanizmlərinə dair birgə çərçivə sənədini açıqlayıblar. Layihə ABŞ-ın 74%, Ermənistanın isə 26% paya malik olduğu struktur üzərində qurulur. Bu model göstərir ki, ABŞ iqtisadi və geosiyasi məsuliyyəti üzərinə götürür, Ermənistan isə siyasi riskləri paylaşmağa çalışır”, - deyə deputat qeyd edib.

A.Quliyev deyib ki, Zəngəzur dəhlizi Çin üçün də xüsusi strateji dəyərə malikdir. Pekin uzun illərdir ki, “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində Avropaya çıxış üçün daha qısa, stabil və siyasi baxımdan riskləri az olan marşrutlar axtarır. Bu baxımdan, Zəngəzur dəhlizi Orta Dəhlizin cənub qolu kimi Çinin Avropaya çıxışını sürətləndirir, Rusiyadan və dəniz yollarından asılılığı azaldır, Çin mallarının Xəzər–Qafqaz–Avropa xətti ilə təhlükəsiz və fasiləsiz daşınmasını təmin edir. Bu layihə həmçinin Pekin üçün geosiyasi gərginliklər fonunda strateji manevr imkanlarını genişləndirir. Çin üçün əsas üstünlük həm də ondan ibarətdir ki, bu marşrut ideoloji bloklaşmadan kənar, iqtisadi rasionallığa əsaslanan və Azərbaycan kimi etibarlı tərəfdaş üzərindən keçən xəttdir.

Deputat Avropa İttifaqı üçün Zəngəzur dəhlizi və onun TRIPP kimi platformalarla inkişafı strateji muxtariyyət siyasətinin tərkib hissəsi olduğuna diqqət çəkib: “Avropa perspektivindən bu dəhliz Asiya ilə ticarətdə təchizat zəncirlərinin şaxələndirilməsi və Rusiyadan keçən marşrutlara alternativ deməkdir. Dəhliz vasitəsilə Avropanın Mərkəzi Asiya və Xəzər hövzəsinin enerji və xammal resurslarına çıxışı asanlaşır, Avropa məkanında sabitlik və proqnozlaşdırıla bilənlik əmsalı artır. Xüsusilə, son illərdə Avropa üçün əsas prioritetlərdən biri enerji və logistika təhlükəsizliyidir. Bu kontekstdə Azərbaycan artıq Avropanın etibarlı enerji tərəfdaşı, logistika mərkəzi, geoiqtisadi körpüsü kimi qəbul olunur. Zəngəzur dəhlizi bu rolu daha da möhkəmləndirir və Avropanın Cənubi Qafqazda uzunmüddətli maraqlarını təmin edən əsas mexanizmlərdən birinə çevrilir”.

Azərbaycan Orta Dəhlizin əsas lokomotivi kimi çıxış edir

A.Quliyev vurğulayıb ki, bütün bu proseslərin mərkəzində Azərbaycanın strateji maraqları dayanır. Belə ki, Zəngəzur dəhlizi Azərbaycanın ərazi bütövlüyünü praktik olaraq tamamlayır, Naxçıvanla birbaşa və maneəsiz əlaqəni təmin edir, Türk dünyasının fiziki və iqtisadi inteqrasiyasını gücləndirir, ölkəni Avrasiya məkanının əsas logistika və siyasi mərkəzlərindən birinə çevirir. Bundan başqa, Azərbaycan artıq Orta Dəhlizin əsas lokomotivi kimi çıxış edir. Bakı–Tbilisi–Qars, Bakı Limanı, Ələt Azad İqtisadi Zonası və Transxəzər marşrutları göstərir ki, real infrastruktur və siyasi iradə məhz Azərbaycandadır. TRIPP kimi təşəbbüslərin uğuru isə birbaşa Azərbaycanın iştirakı və razılığı ilə mümkündür. Çünki layihə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında bağlantını nəzərdə tutur, Transxəzər marşrutunun mərkəzində məhz Azərbaycan dayanır, regional sabitliyin əsas təminatçısı kimi Bakının rolunu obyektiv şəkildə qəbul edir. Nəhayət, Azərbaycanın liderliyi yalnız tranzit ölkə olmaqla məhdudlaşmır. Bakı bununla, həm də sülh gündəliyini diktə edən, regional əməkdaşlıq formatlarını formalaşdıran, geosiyasi riskləri balanslaşdıran tərəf kimi çıxış edir.

Deputat sonda əlavə edib ki, Zəngəzur dəhlizi və ya TRIPP layihəsi ətrafında baş verən proseslər bir daha göstərir ki, Cənubi Qafqaz kənar güclərin rəqabət meydanı yox, yeni əməkdaşlıq platformasına çevrilir. Bu transformasiyanın əsas aparıcı qüvvəsi isə Azərbaycanın siyasi iradəsi, diplomatik çevikliyi, yaratdığı yeni reallıqlar və güc balansıdır. Məhz bu səbəbdən Zəngəzur dəhlizi təkcə yol deyil, yeni regional nizamın xəritəsidir.

Chosen
156
azertag.az

1Sources