Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının zabiti olan Rövşən Abdullayev 1969-cu il yanvarın 16-da Lerik rayonunda anadan olub.
QHT.az xəbər verir ki, 1987-ci ildə Sankt-Peterburq Ali Hərbi-Siyasi məktəbinə daxil olub, 1991-ci ildə oranı əla qiymətlərlə bitirib. Azərbaycana qayıtdıqdan sonra DİN-in daxili qoşunlarında xidmətə başlayıb və Zəngilan rayonuna göndərilib. 70 nəfərlik taqımın komandiri kimi döyüşlərdə xüsusi şücaət göstərib, düşmənin Qafan rayonundakı hərbi obyektlərinin məhv edilməsində iştirak edib. O, 13 sentyabr 1993-cü ildə Zəngilanın Qazançı kəndi uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid olub. 15 yanvar 1995-ci il tarixli Prezident fərmanı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.
Ruhu şad olsun!