Ötən dönəmlərdə dünyada sabitlik, iqtisadi inkişaf və qarşılıqlı investisiya üçün əməkdaşlıq vacib hesab edilirdi. Ancaq artıq ölkələrin sıx iqtisadi inteqrasiyası güclülər tərəfindən bir silah olaraq istifadə edilməkdədir. Xüsusilə 2025-ci ildə iqtisadi alətlərin silah kimi istifadə edilməsi daha çox aktuallaşdı.
Qarşıdurmalar dünya üçün əsas risk təşkil edəcək
2026-cı il Davos forumu öncəsi açıqlanan "Global Risks Report 2026" hesabatı göstərir ki, dünya ölkələri əməkdaşlıqdan uzaqlaşaraq qlobal qarşıdurmalara davam edəcəklər və yaxın 2 il ərzində qarşıdurma dərinləşəcək. Hesabat 2026-cı ili, yaxın 2 ili və uzunmüddətli 10 ili əhatə edən riskləri əks etdirir.
Hesabata əsasən, gələcək 10 il dünya üçün kifayət qədər fırtınalı və gərgin keçəcək. Yaxın iki il ərzində geosiyasi və hərbi qarşıdurmalar dünya üçün əsas risk olaraq qalacaq. Eyni zamanda, dezinformasiya da artıq qlobal risk kimi gündəlikdədir. Yalnız 2 ildən sonra geosiyasi gərginliklərin səngiməsi ilə dünyanın gələcəyi üçün əhəmiyyətli olan qlobal iqlim dəyişikliyi və ekoloji problemlərin ön plana çıxması gözlənilir.
Hesabat göstərir ki, bu günə qədər sabitlik üçün əsas olan iqtisadi əməkdaşlıq tədricən qlobal miqyasda yerini silaha verməkdədir. Yeni mərhələdə milli maraqların qorunması və strateji çeviklik daha vacib hala gəlir. Bu gün perspektiv kimi görünən süni intellekt həlləri yaxın gələcəkdə əsas risk mənbəyinə çevriləcək. Beləliklə, hər keçən gün ənənəvi təhdidlər yeniləri ilə əvəz edilir ki, bu da dövlətləri və cəmiyyətləri daim ayıq-sayıq olmağa vadar edir.

“ABŞ-ÇİN-Avropa” üçbucağı: Kim nə təklif edir?
Bu hesabat onu göstərir ki, yaxın günlərdə Davosda başlayacaq Şərq-Qərb diskussiyaları kifayət qədər gərgin keçəcək. Builki foruma ABŞ prezidenti böyük rəsmi heyətlə qatılacaq. Çin Baş nazirin müavininin rəhbərlik etdiyi heyət, Almaniya isə yeni federal kanslerlə təmsil olunacaq.
Artıq aydındır ki, rəsmi toplantı salonları ilə yanaşı, Davosda yaradılan və ABŞ-nin müstəqillik bəyannaməsinin 250 illiyini nümayiş etdirən "USA House" dünya liderlərinin əsas ziyarət məkanı olacaq. Vaşinqton bu forumda ABŞ-nin tək mərkəz olaraq geri döndüyünü elan edəcək. “Bizimlə olmayan bizə qarşıdır və zərər görəcək!” mesajını çatdıracaq. Beləliklə, son dönəmə qədər qlobal əməkdaşlığın müdafiəçisi olan ölkə artıq çoxtərəfli deyil, ikitərəfli masaları seçir ki, bu da ümumilikdə liberal dəyərlər üzərində formalaşdırılan iqtisadi sistemin gərginliyini və risklərə həssaslığını artırır.
Paralel olaraq Pekin Davosda konfrontasiyaya getmədən Çin iqtisadiyyatının dayanıqlığını və Avropa-Çin əməkdaşlığının Avrasiya üçün həyati əhəmiyyətli olduğunu nümayiş etdirəcək. Eyni zamanda, Çin rəsmiləri bağlı qapılar arxasında avropalı tərəfdaşlarını qarşılıqlı güzəştlərlə ortaq maraqlar ətrafında uzlaşdırmağa çalışacaqlar. Bir sözlə, Çin gərginləşən geosiyasi mühitdə Avropa məkanının anti-Pekin əhval-ruhiyyəsini yumşaltmaq üçün Davosda əməli səy göstərəcək.
Diqqət mərkəzindəki digər ölkə isə Almaniya olacaq. Almaniyanın yeni federal kansleri Fridrix Merts üçün Davos ilk qlobal iqtisadi platformadır. Ona görə yeni hökumət Almaniyanın Avropanın əsas flaqmanı olduğunu nümayiş etdirməyə və Berlinin qlobal ticarətə baxışlarını açıqlamağa yönələcək.
Bütün Qafqazın adından...
Azərbaycanı Davosda Prezident İlham Əliyev təmsil edəcək. Ölkəmiz 2026-cı il forumunun devizinə sadiq qalacaq. Əməkdaşlıq ruhuna uyğun olaraq rəsmi Bakı özünü Şərqlə Qərb arasında ən etibarlı körpü, həm Qərblə, həm də Qlobal Cənubla anlaşmağı bacaran aktor kimi təqdim edəcək.
Ötən ilin avqustunda baş tutan Vaşinqton zirvəsindən sonra rəsmi Bakı bu platformada tam yeni simada təmsil ediləcək. Qeyd etmək lazımdır ki, Prezident İlham Əliyev Davosda təkcə Azərbaycanı deyil, bütövlükdə Qafqazı təmsil edəcək. Belə ki, Dünya İqtisadi Forumunun rəsmi saytında Gürcüstanın ali səviyyədə qatılmasına dair qeyd yoxdur, Ermənistan isə prezident səviyyəsində təmsil ediləcək. Nəzərə alsaq ki, Ermənistanda əsas söz sahibi baş nazirdir, bu o deməkdir ki, həmin ölkə ilə istənilən müzakirə sadəcə diskussiya xarakteri daşıyacaq. Ona görə, Cənubi Qafqazla söhbət etmək istəyən Prezident İlham Əliyevlə danışacaq.
Azərbaycan Davosa kifayət qədər zəngin portfellə gedir. Əgər ötən illərdə “yaşıl enerji” ilə bağlı niyyətlə çıxış edirdisə, artıq rəsmi Bakı Avropaya onu təklif edir. Bugünlərdə xarici investisiya ilə icra edilən “yaşıl enerji” layihəsi dövriyyəyə daxil oldu. Bu artıq yeni layihələrə investisiya cəlbi üçün də yaxşı nümunədir. Rəsmi Bakı həm enerjinin satışı, həm də yeni mənbələrin yaradılması üçün tərəfdaşlarla açıq müzakirə aparacaq.
Yaşıl enerji “mavi yanacaq” layihələrini kölgədə qoymur. Avropa öz “mavi yanacaq” ehtiyaclarını qarşılamaq üçün rəsmi Bakı ilə əməkdaşlığı dərinləşdirmək niyyətindədir. Xüsusilə bu il Çexiya və Avstriyanın Azərbaycan qazı almağa başlaması haqda xəbərlər mövcuddur. Bu isə rəsmi Bakını vazkeçilməz tərəfdaş edir. Artan tələbat infrastrukturun genişləndirilməsini vacibləşdirir. Bunun üçün də Avropa alacağı qaza öncədən investisiya etməyə hazır olmalıdır. Bu məsələ də Davosda Azərbaycan heyətinin masasında olacaq.
Bu tip forumlar çoxtərəfli müzakirələrlə yanaşı, ikitərəfli söhbətlər üçün də yaxşı platforma hesab edilir. Ötən illərin nümunəsi də göstərir ki, Prezident İlham Əliyevin Davos gündəliyi kifayət qədər məhsuldar olur. Builki gündəliyin isə əvvəlkilərlə müqayisədə daha zəngin olacağı gözlənilir.
Əsas istiqamətlər
Davosda əsas təmaslardan biri böyük ehtimalla, Azərbaycan Prezidenti ilə Almaniya Kansleri arasında baş tutacaq. Belə ki, ötən ilin sonlarında iki ölkə liderinin telefon danışığı baş tutub və tərəflər qarşılıqlı rəsmi səfər etməklə bağlı razılaşıblar. Böyük ehtimalla, Davos çərçivəsində görüşüb ilkin olaraq gündəliyi müəyyən edəcəklər ki, diplomatlar bu gündəlik əsasında liderlərin qarşılıqlı səfər proqramı üzərində işləsin.
Prezident İlham Əliyevin Davos gündəliyində Ukrayna və Suriya ilə də görüşləri gözləmək olar. Azərbaycan Ukrayna ilə münasibətlərinə xüsusi önəm verir. Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Azərbaycan Prezidenti Ukraynaya humanitar yardımların göstərilməsinə göstəriş verib. Eyni zamanda, Azərbaycan kraynanın müxtəlif sektorlarına investisiya yatırıb ki, bu da post-müharibə dövründə rəsmi Bakının Ukraynanın sürətli bərpasında marağını göstərir.
Suriyaya gəldikdə isə, rejim dəyişikliyindən sonra rəsmi Bakı bu ölkənin yenidən qurulması və sabitliyinin təmin edilməsinə dəstəyini açıq şəkildə göstərdi. Davos Forumunda Suriyanın keçid hökumətinin başçısının iştirakını nəzərə alaraq, ehtimal etmək olar ki, tərəflər yeni layihələri müzakirə edəcəklər.
Rusiya və İran ətrafında münasibətlərin gərginləşməsi və hər keçən gün hərarətin artması Şimal və Cənub marşrutlarını logistika üçün yararsız edir. Alternativ kimi yalnız Azərbaycanın üzərindən keçən Orta Dəhliz qalır. Nəzərə alsaq ki, yaxın 2 il ərzində gərginliklərin artacağı və yeni münaqişə ocaqlarının yaranacağı proqnozlaşdırılır, o zaman Qərb Bakı ilə logistika sahəsində əməkdaşlığı dərinləşdirmək üçün səylər göstərəcək. Xüsusilə Zəngəzur dəhlizinin reallaşmağa doğru getməsi yük göndərən və qəbul edən tərəfləri Azərbaycanla əlaqələri dərinləşdirməyə sövq edir. Azərbaycan üzərindən keçən yol indi yalnız iqtisadi baxımdan deyil, həm də təchizatın təhlükəsizliyi baxımından aktuallıq qazanmaqdadır.
Bütün bunlar isə imkan verir ki, Azərbaycan Davosda özünü "Orta Güc" kimi uğurla təqdim etsin və bu statusunu möhkəmləndirsin.
Beləliklə, “Davos-2026” forumu dünya üçün aktual və narahatedici problemləri həll etməyəcək, mövcud gərginlikləri yumşaltmayacaq. Ancaq bu forum dünyanın hərarətini ölçmək, planeti bürüyən duman və çəndə yolunu düzgün müəyyən etmək baxımından faydalı olacaq.
Aqil Familoğlu
Politoloq
AzVision.az üçün