Son illər marketlərdə satılan hazır və yarımfabrikat məhsulların sürətlə artması insanların qidalanma vərdişlərini köklü şəkildə dəyişib. Lakin bu rahatlığın arxasında ciddi sağlamlıq riskləri dayanır. Mütəxəssislərin fikrincə, satışda olan qida məhsullarının böyük əksəriyyəti – təxminən 90 faizi tərkibinə görə insan sağlamlığı üçün potensial təhlükə daşıyır.
Ən çox risk yaradan məhsullar sırasında geni dəyişdirilmiş qidalar, mənşəyi məlum olmayan bitki və heyvan yağları, emal olunmuş ət məhsulları, eləcə də konservant və kimyəvi qatqılarla zəngin ərzaqlar yer alır. Bu məhsullar uzunmüddətli istifadə zamanı xroniki xəstəliklərin yaranmasına, immun sisteminin zəifləməsinə və hətta ölümcül nəticələrə səbəb ola bilər.
Market rəflərində satılan bir çox tərəvəz, meyvə və taxıl məhsulları geni dəyişdirilmiş orqanizmlərdən (GMO) əldə edilir. Bu məhsullar adətən daha uzunömürlü, cəlbedici görünüşlü və daşınmaya davamlı olur. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, GMO tərkibli qidaların insan orqanizminə uzunmüddətli təsiri hələ tam araşdırılmayıb.
Məsələ ilə bağlı qida məsələləri üzrə ekspert Asim Vəliyev NOCOMMENT.az-a bildirib ki, geni dəyişdirilmiş məhsullar allergik reaksiyaların artmasına, hormonal tarazlığın pozulmasına və maddələr mübadiləsində problemlərə yol aça bilər: “Bu məhsulların əsas problemi onların nəzarətsiz şəkildə bazara çıxarılmasıdır. İnsanlar nə yediklərini dəqiq bilmirlər. GMO-lu qidalar qısa müddətdə təsir göstərməsə də, illər sonra ciddi fəsadlar yarada bilər”.

Marketlərdə satılan ucuz yağların və kolbasa, sosiska kimi emal olunmuş ət məhsullarının tərkibi də ciddi narahatlıq doğurur. Bu məhsulların bir qismində heyvan mənşəli yağlar, texniki yağlar, dad gücləndiricilər və müxtəlif kimyəvi maddələr istifadə olunur.
Asim Vəliyevin sözlərinə görə, bu cür yağlar qaraciyər, ürək-damar sistemi və mədə-bağırsaq traktı üçün son dərəcə zərərlidir:
“Xüsusilə trans yağlarla zəngin məhsullar damar tutulmasına, infarkt və insult riskinin artmasına səbəb olur. İnsanlar ucuz məhsul aldığını düşünür, amma əslində sağlamlıqları bahasına qənaət edirlər. Ət məhsullarında isə tez-tez antibiotik qalığı, hormonlar və keyfiyyətsiz xammaldan istifadə halları müşahidə olunur. Bu da immunitetin zəifləməsinə və antibiotiklərə qarşı davamlılığın yaranmasına gətirib çıxarır. Hazır yeməklər, qazlı içkilər, şirniyyatlar və paketlənmiş məhsulların əksəriyyəti konservantlarla zəngindir. Bu maddələr məhsulun raf ömrünü uzatsa da, orqanizmdə yığılıb qalaraq zamanla zəhərlənməyə səbəb olur”.
Ekspert vurğulayır ki, xüsusilə uşaqlar və yaşlılar bu məhsullara qarşı daha həssasdır: “Uşaqlarda hiperaktivlik, diqqət pozuntuları, böyüklərdə isə xərçəng və hormonal xəstəliklərin artması birbaşa yanlış qidalanma ilə əlaqəlidir. Buna görə də, dövlət səviyyəsində də nəzarət mexanizmləri gücləndirilməli, bazara çıxarılan məhsulların keyfiyyəti ciddi şəkildə yoxlanmalıdır. İnsan sağlamlığı kommersiya maraqlarından üstün tutulmalıdır. Əks halda bu, gələcəkdə daha böyük sosial və tibbi problemlərə yol açacaq”.