EN

Rusiyanı sevindirən nəsil dəyişikliyi: 700 minlik ordu saxlanıldı 4 il sonra nə baş verəcək?

ain.az, GlobalInfo saytına istinadən bildirir.

Avropanın Moskva ilə “dialoq siqnalları” son aylarda Almaniya kansleri Fridrix Merz, Fransa Prezidenti Emmanuel Makron və İtaliyanın Baş naziri Corcia Meloninin Rusiya ilə münasibətlərin normallaşdırılması barədə verdiyi açıqlamalar fonunda diqqət çəkir.

Lakin bu siqnallar real strateji dönüşdən daha çox Avropa siyasi elitalarının dərin geosiyasi dilemma qarşısında verdiyi ziddiyyətli reaksiyaları əks etdirir. Avropa bir tərəfdən ABŞ-la münasibətlərdə artan asılılıqdan narahatdır, digər tərəfdən isə Rusiya ilə açıq qarşıdurma kursundan geri çəkilməyə hazır deyil.

Globalinfo.az-a danışan politoloq Rüstəm Tağızadə deyib ki, bu ziddiyyət xüsusilə Ukrayna məsələsində aydın görünür:

“Parisdə qəbul edilən təhlükəsizlik zəmanətləri paketi faktiki olaraq Avropa İttifaqının (Aİ) 700 minlik Ukrayna ordusunun saxlanmasına, Avropa qoşunlarının Ukrayna ərazisinə yerləşdirilməsinə və Kiyevin müdafiə-sənaye kompleksinin Aİ-nin dəstəyi ilə inkişaf etdirilməsinə yönəlib. Belə bir yanaşma fonunda eyni zamanda “Rusiya ilə balans tapmaqdan” danışmaq strateji uyğunsuzluq yaradır. Çünki Avropa nə Ukraynanın neytrallaşdırılmasına, nə demilitarizasiyasına, nə də Rusiyanın yeni sərhədlərinin hüquqi tanınmasına hazırdır.

Bu “dialoq siqnalları”nın digər mühüm motivi ABŞ-a ünvanlanan dolayı mesajdır. Vaşinqtonun Qrenlandiya ətrafında artan marağı və Danimarka üzərində potensial təzyiq rıçaqları Avropa paytaxtlarında ciddi narahatlıq doğurur. Avropa elitaları üçün bu, artıq təkcə ərazi məsələsi deyil, o cümlədən strateji suverenlik problemidir. Məhz bu fonda Moskvaya yönələn qeyri-müəyyən jestlər ABŞ administrasiyasına ünvanlanmış taktiki xəbərdarlıq kimi də oxuna bilər.

Lakin problem ondadır ki, Avropanın bu alternativləri hələ hazır deyil. Mövcud siyasi elita Rusiyanı hələ də strateji tərəfdaş yox, sistemli rəqib kimi qəbul edir. Bu yanaşma ideoloji selektivliklə müşayiət olunur. Avropa siyasətçiləri Qrenlandiyada inuitlərin mədəni hüquqlarını müdafiə etməyə hazır olduqları halda, Ukraynada rusdilli əhalinin hüquqları mövzusunu sistemli şəkildə görməzdən gəlirlər. Bu isə dialoq üçün etibarlı zəmin yaratmır”.

Rüstəm Tağızadə

Politoloq bildirib ki, Avropa–Rusiya münasibətlərinin əbədi düşmənçilik üzərində qurulacağı qənaətinə gəlmək də tezdir:

“Tarixi təcrübə göstərir ki, Avropada geosiyasi arxitektura dəyişiklikləri adətən elita dəyişikliyi ilə üst-üstə düşür. 2030-cu illərə doğru hazırkı siyasi nəslin səhnədən çəkilməsi ilə yeni bir mərhələnin başlanması mümkündür. Həmin mərhələdə Rusiya ilə Avropa arasında real dialoq yalnız bir mövzudan başlaya bilər: ABŞ-dan asılı olmayan yeni Avropa təhlükəsizlik arxitekturasının formalaşdırılması.

Nəticə etibarilə, bugünkü “normallaşma siqnalları” strateji dönüş yox, strateji boşluğun əlamətidir. Avropa nə Vaşinqtonu əvəz etməyə, nə də Moskva ilə həqiqi kompromisə hazırdır. Lakin bu qeyri-müəyyənlik uzun müddət davam edə bilməz. Qrenlandiya ətrafında gedən proseslər göstərir ki, gələcək Avropa–Rusiya dialoqu artıq yalnız Ukrayna üzərindən deyil, qlobal güc balansının yenidən bölüşdürülməsi kontekstində aparılacaq”.

Turan Rzayev

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
42
globalinfo.az

1Sources