EN

Minimum əmək haqqında mühüm dəyişiklik – Bundan sonra…

Əmək münasibətlərində sosial təminat anlayışının əsas sütunlarından biri olan minimum əmək haqqı ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi Azərbaycanda sosial-iqtisadi siyasətin yeni mərhələyə keçdiyini göstərir.

Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsinə dəyişikliklər minimum əmək haqqına yanaşmanı sadəcə texniki göstərici çərçivəsindən çıxararaq, onu daha geniş iqtisadi və sosial meyarlarla bağlı kompleks anlayış kimi formalaşdırır. Əvvəllər minimum əmək haqqı ixtisassız əməyə və xidmətə görə aylıq əməkhaqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativ kimi qəbul olunurdu və bu anlayış daha çox formal xarakter daşıyırdı.

Yeni dəyişiklik isə minimum əmək haqqını ölkənin ümumi iqtisadi vəziyyəti, sosial reallıqları və əhalinin rifah səviyyəsi ilə birbaşa əlaqələndirir.

Qanuna əsasən, minimum əmək haqqı artıq təkcə ixtisassız əməyə görə ödənilən ən aşağı məbləğ kimi yox, ölkədə iqtisadi inkişafın tələbləri, əmək məhsuldarlığı, aylıq orta əməkhaqqı, pul vahidinin alıcılıq qabiliyyəti, sosial müavinətlərin məbləği, əsas sosial-demoqrafik qruplar üzrə yaşayış minimumu səviyyəsi, məşğulluq səviyyəsinin yüksəldilməsi və saxlanılması kimi amillər nəzərə alınmaqla müəyyən edilən sosial normativ hesab ediləcək. Bu yanaşma minimum əmək haqqını real yaşayış şəraiti ilə daha sıx bağlayır və onun sırf rəsmi göstərici kimi yox, sosial müdafiə aləti kimi rolunu gücləndirir.

Əkrəm Həsənov

Mövzu ilə bağlı NOCOMMENT.az-a danışan iqtisadçı ekspert Əkrəm Həsənovun sözlərinə görə, bu dəyişiklik minimum əmək haqqının müəyyən edilməsində daha çevik və rasional mexanizmin formalaşmasına imkan yaradır.

Onun fikrincə, indiyədək minimum əmək haqqı çox zaman bazardakı real qiymət artımlarını və əhalinin gündəlik xərclərini tam əks etdirmirdi:

“Yeni yanaşma minimum əmək haqqını makroiqtisadi göstəricilərlə əlaqələndirir. Pul vahidinin alıcılıq qabiliyyəti və yaşayış minimumu kimi faktorların nəzərə alınması o deməkdir ki, bu göstərici artıq real həyatla daha uyğun olacaq. Bu, xüsusilə aşağıgəlirli ailələr üçün vacibdir”.

Ekspert vurğulayıb ki, minimum əmək haqqının aylıq orta əməkhaqqı və əmək məhsuldarlığı ilə uzlaşdırılması həm işçilər, həm də işəgötürənlər üçün balans yaradır:

“Əgər minimum əmək haqqı iqtisadi artım və məhsuldarlıqdan kənar şəkildə artırılarsa, bu, biznes üçün əlavə yük yarada bilər. Amma yeni qanun bu riski nəzərə alır və artımların iqtisadi əsaslarla aparılmasını nəzərdə tutur. Bu isə uzunmüddətli perspektivdə məşğulluğun qorunmasına xidmət edir. Sosial müavinətlərin məbləğinin və məşğulluq səviyyəsinin də minimum əmək haqqının müəyyən edilməsində nəzərə alınması sosial siyasətin daha koordinasiyalı aparılmasına imkan verəcək. Minimum əmək haqqı ilə sosial müavinətlər arasında ciddi fərq olduqda əmək bazarında motivasiya zəifləyir. Yeni yanaşma bu balansı qorumağa kömək edəcək və insanları əmək fəaliyyətinə daha çox cəlb edəcək”.

Chosen
16
3
nocomment.az

4Sources