Hazırda beynəlxalq münasibətlər sistemi dərin transformasiya mərhələsindən keçir. Dünyanın müxtəlif bölgələrində, xüsusilə, Azərbaycana qonşu olan dövlətlərdə silahlı münaqişələr, geosiyasi qarşıdurmalar və təhlükəsizlik riskləri artmaqda davam edir. Bu mürəkkəb və gərgin beynəlxalq mühit fonunda regional sabitliyin qorunması və sülh təşəbbüslərinin irəli aparılması xüsusi əhəmiyyət kəsb edir. Məhz belə bir şəraitdə Azərbaycan sülh gündəliyinə sadiq qalaraq konstruktiv və məsuliyyətli mövqeyi ilə seçilir.
Mövzu ilə əlaqədar Pravda.az-a fikirlərini bölüşən Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri Azad Məsiyev bildirib ki, hazırda dünyada həm iqtisadi, həm siyasi, həm də hərbi sahədə xaos var və bu xaos fonunda böyük güclər öz maraqlarını həyata keçirməkdədirlər.
O deyib ki, iki super güc dövlətin - ABŞ və Rusiyanın maraqları dünya siyasətində toqquşur:
"Dünyada yaranan xaosun da səbəbi bu iki super dövlətin apardığı iqtisadi, siyasi, hərbi savaşdır. Ukrayna münaqişəsi ilə əlaqədar dünyanın nizam tərəzisi dəyişdi. Amerika Prezidenti Donald Trampın apardığı siyasət bir daha bu nizamı köklü şəkildə zədələdi. Amerikanın Venesuela dövlət başçısını oğurlayaraq aparması, Qrellandiyanı ələ keçirmək barədə siyasəti, İranda apardığı fəaliyyət bir daha göstərir ki, dünya beynəlxalq qanunlarla deyil, gücün qanunları ilə tənzimlənir. Bütün bunların fonunda Cənubi Qafqaz dünyanın super dövlətlərinin maraqlarının toqquşduğu bir bölgə, Şərqlə Qərbin qovuşduğu məkandır. Super güclər öz maraqlarını Cənubi Qafqazda həyata keçirmək istəyirlər. Bu da məlumdur ki, Cənubi Qafqazın aparıcı dövləti Azərbaycandır. Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində Azərbaycanda stabillik yaranıb. Dövlət başçısının balanslaşdırıcı siyasəti, eyni zamanda qonşularla dinc, yanaşı yaşamaq prinsipinin həyata keçilməsi ilə Azərbaycanda stabillik mövcuddur. Cənubi Qafqazda üç respublika var. Gürcüstan Rusiya ilə konfederasiyadadır, eyni zamanda Avropanın təzyiqinə məruz qalır. Ermənistan ABŞ-nin əlində alətə çevrilərək Rusiya əleyhinə istifadə olunur. Gərginliyin bir səbəbi də budur. Bu iki respublikadan fərqli olaraq Azərbaycan qlobal güclərin maraqlarını uzlaşdırmaqla yanaşı, çoxvektorial siyasət həyata keçirir. Həm Şimalla, həm Cənubla, həm də Şərq və Qərblə maraqları uzlaşdırır. Azərbaycan xarici siyasət doktrinasında qonşularla dinc yanaşı yaşamaq prinsipini əsas götürür və bu prinsipin beynəlxalq hüquq müstəvisində tənzimlənməsində maraqlıdır. 2022-ci ilin fevralında Rusiya ilə 43 maddədən ibarət imzalanan saziş hər bir müddəası Azərbaycan və Rusiya münasibətlərinin yaxşı olmasına hesablanıb. Azərbaycan eyni zamanda Avropanın 10-dan artıq dövləti ilə enerji təhlükəsizliyini təmin etmək kimi strateji əməkdaşlığı var. Bu əməkdaşlıq getdikcə inkişaf etməkdədir. Azərbaycan Türk Dövlətləri Təşkilatı fonunda Orta Asiya respublikaları ilə də əməkdaşlığı genişləndirməkdədir. Ölkə Prezidenti 44 günlük Vətən müharibəsində Cənubi Qafqazda yeni bir situasiya yaratdı. Bunun fonunda orta dəhlizin bir qolu olan Zəngəzur dəhlizi gündəmə gəldi. Azərbaycan Prezidentinin apardığı çoxşaxəli siyasətlə maraqların uzlaşdırılması nəticədə stabilliyin yaranmasına gətirib çıxarır. Bu gün Azərbaycan bir çox oturuşmuş dövlətlərdən fərqli olaraq daha uğurlu siyasət həyata keçirir. Bildiyiniz kimi, İran dövləti oturuşmuş bir dövlət idi, amma bu gün İran vətəndaş müharibəsi həddinə gəlib çıxıb. Həmçinin Ukrayna, Ermənistan, Gürcüstan... Bu respublikalardan fərqli olaraq Azərbaycanda stabillik yaranıb və dövlət bu stabilliyi qorumaqdadır. Geosiyasi maraqları uzlaşdırmaqla qlobal layihələrin Azərbaycan üzərindən həyata keçirilməsi gündəmdədir. Çin dünyanın super iqtisadi gücünə malik olan dövlətdir. Çinin Cənubi Qafqaz, xüsusilə, Azərbaycan üzərindən müəyyən layihələr həyata keçirməsi də aktual məsələdir. Azərbaycan Prezidenti enerji layihələrində yaşıl enerji strategiyasını gündəmə gətirir ki, bu da yeni layihədir. Bütövlükdə, bu gün dünyadakı xaosda bir çox dövlətlər çalxalanır, vətəndaş müharibələri, dövlət çevrilişi baş verir. Hətta iqtisadi sahə tənəzzülə uğrayır. Milli valyutalarda devalvasiya gedir, dəyərdən düşür. Bunu Rusiyanın, İranın, hətta Türkiyənin timsalında görə bilirik. Buna baxmayaraq, Azərbaycanda Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində uzun müddət milli valyuta qorunub- saxlanılır. Bununla da iqtisadi stabillik yaranır, vətəndaşların sosial vəziyyətində normallaşma prosesi gedir. Manat dəyərdən düşərsə, bu, sosial problemlər, iqtisadi tənəzzül yarada bilər. Ümumilikdə, iqtisadiyyatın siyasətə, siyasətin iqtisadiyyata bir bağlılığı var. Bunlar tarazlaşdırılmalıdır. Azərbaycan xarici siyasətində uğurlu addımlar atmaqla yanaşı, daxili siyasətini də gücləndirir. Bu da iqtisadiyyatda sabitlik yaratmaq məqsədi daşıyır. Azərbaycan dünyaya yeni bir nümunədir, həm siyasi, həm iqtisadi, həm də geosiyasi baxımdan regional sahədə apardığı balanslaşdırılmış siyasət dolayısı ilə qlobal müstəvidə təsirini göstərir. Yəni Azərbaycanın çoxşaxəli siyasəti, dünyanın isə azşaxəli siyasəti Azərbaycanda və Cənubi Qafqazda stabilliyin yaranmasına gətirib çıxarır. Bu da iqtisadi sahədə uğurların əldə olunmasına səbəb ola bilər".
Politoloq Yusif Bağırzadə də deyib ki, hazırda dünya səhnəsində regional və qlobal təhlükəsizlik mühiti kifayət qədər mürəkkəbdir:

"Şimal qonşu Rusiyanın Ukrayna ilə apardığı müharibə, Cənubda İranda baş verən etirazlar və siyasi qeyri-sabitlik, həmçinin digər regionlarda gərginliklər dövlətlərarası münasibətlərə təsir edir və qeyri-sabitliyi artırır. Bu kontekstdə Azərbaycanın sülh gündəliyini davam etdirməsi və beynəlxalq diplomatik arenada konstruktiv siyasət yürütməsi diqqətəlayiqdir. Azərbaycanın sülh gündəliyi bir neçə əsas istiqamətdə özünü göstərir. Birincisi, regionda sabitliyin qorunması və gərginliklərin azaldılması. Qonşu ölkələrdəki münaqişələr Azərbaycanın iqtisadi və təhlükəsizlik maraqlarına birbaşa təsir göstərir. Bakı diplomatik təşəbbüslər, çoxtərəfli əməkdaşlıq və dialoq platformaları vasitəsilə bu riskləri idarə edir. Bu siyasət qonşular və beynəlxalq təşkilatlar ilə sıx koordinasiyada həyata keçirilir ki, regionda təhlükəsizlik mexanizmləri güclənsin. İkincisi, energetika və iqtisadi diplomatiya sahəsindəki yanaşma sülh gündəliyini dəstəkləyir. Azərbaycan enerji resurslarını regional və qlobal əməkdaşlıq vasitəsi olaraq istifadə edir ki, bu da yalnız iqtisadi fayda təmin etmir, həm də regionda sabitliyi təşviq edən konstruktiv mexanizm rolunu oynayır. Enerji tranzitləri və infrastruktur layihələri Azərbaycanın qonşular və beynəlxalq tərəfdaşlarla əməkdaşlığını gücləndirir və gərginliklərin idarə olunmasına xidmət edir. Daha bir istiqamət çoxtərəfli diplomatiya ilə bağlıdır. Azərbaycan BMT, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq platformalarda fəal iştirak edir. Bu, Azərbaycanın balanslı və prinsipial xarici siyasətini nümayiş etdirir və regiondakı tərəflərlə konstruktiv əlaqələri möhkəmləndirir. Eyni zamanda bu fəaliyyət Azərbaycanın beynəlxalq nüfuzunu artırır və uzunmüddətli strateji maraqlarının qorunmasına xidmət edir. Odur ki, ölkəmizin mürəkkəb qonşuluq və qlobal gərginlik fonunda sülh gündəliyini uğurla həyata keçirdiyini deyə bilərik. Bu siyasət daxili sabitlik və təhlükəsizlik üçün vacib olmaqla yanaşı, regionda sabitlik yaratmaq, beynəlxalq nüfuzu gücləndirmək və strateji maraqları qorumaq baxımından əhəmiyyətlidir. Tam məsuliyyəti ilə demək olar ki, Azərbaycan həm balanslı, həm də nəticəyönümlü xarici siyasət yürütməklə, mürəkkəb regional və qlobal mühitdə sülh təşəbbüslərinin mərkəzi aktorlarından birinə çevrilmişdir".
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” mövzusu üzrə dərc olunub.
Aytəkin Qardaşova
