Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.
Misir əl-Bəhr əl-Əhmər (Qırmızı dəniz) vilayətinin səhrasında 1260 hektarlıq ərazidə saldığı jojoba (Çin simmondsiyası) bağından məhsul yığımına başlayıb.
Bu məhsulun ölkəyə milyardlarla funt gəlir gətirəcəyi gözlənilir.
Yuxarı Misirin İnkişafı İdarəsinin direktoru Amr Əbdülmunim Mustafa qeyd edib ki, bu bitkinin kütləvi becərilməsi Misirin yaşıl iqtisadiyyata keçidi hədəfləyən aparıcı layihələrindən biridir. Layihənin əhəmiyyəti həm də budur ki, quraq bölgələrdə böyüyən çoxillik bu səhra kollarının becərilməsində şirin su resurslarına qənaət edilir. Misirin adıçəkilən bölgəsində bağın suvarılmasında üçqat təmizlənmiş çirkab sularından istifadə olunur.
Qeyd olunur ki, bu bitki yüksək iqtisadi dəyəri və həm ağır, həm də kosmetik sənayedə müxtəlif tətbiqlərinə görə "yaşıl qızıl" adlanır. Bildirilir ki, yüksək temperatura və səhra soyuğuna dözümlü olan bu yarımkol 100 il və ya daha çox yaşaya bilir. Bitki çox güclü və dərin köklərə malik olur, yerin 9 metr dərinliyinə qədər uzanan köklər nəmi udur və quraqlığa davamlı olur. Jojoba yağı yüksək temperaturda həll olmadığı və keyfiyyətini qoruduğu üçün aviasiya və mühərrik sənayesində istifadə olunur.
Bundan başqa, bu yağın antibakterial və dəri üçün nəmləndirici xüsusiyyətinin olduğu bildirilir.(azərtac)
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.