EN

Faşist Duqinin növbəti sayıqlaması: Postsovet məkanında suveren dövlətlər olmamalıdır...

Rusiyalı ideoloq Azərbaycan, Ermənistan, Gürcüstan və Mərkəzi Asiya ölkələrinin müstəqilliyini açıq şəkildə təhdid edib...

Poliqon xəbər verir ki, Rusiyanın tanınmış faşist təbliğat ruporlarından biri və Kremlə yaxın ideoloq kimi təqdim olunan Aleksandr Duqin növbəti qalmaqallı açıqlaması ilə gündəmə gəlib. Duqin çıxışında postsovet məkanında bir sıra dövlətlərin suverenliyinin legitim olmadığını iddia edib və bu ölkələrin müstəqil şəkildə mövcud olmamalı olduğunu bildirib.

Onun sözlərinə görə, suveren Azərbaycan, Ermənistan, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Tacikistan və Qırğızıstanın mövcudluğu qəbuledilməzdir. Duqin bu yanaşmanı özünün uzun illərdir təbliğ etdiyi neoimperial və “Avrasiyaçılıq” ideologiyası ilə əsaslandırmağa çalışıb.

Rus ifaşizminin ideoloqu hesab edir ki, SSRİ-nin dağılmasından sonra yaranmış müstəqil dövlətlər “tarixi yanlışlıq”dır və bu ərazilər yenidən Rusiyanın geosiyasi təsir dairəsinə qaytarılmalıdır. Onun fikrincə, postsovet ölkələrinin Qərblə əməkdaşlıq etməsi və suveren siyasət yürütməsi Rusiyanın “strateji təhlükəsizliyinə” təhdid yaradır.

Aleksandr Duqin daha əvvəl də dəfələrlə oxşar fikirlər səsləndirib, Ukraynanın dövlət kimi mövcudluğunu inkar edib və Rusiyanın hərbi ekspansiyasını ideoloji baxımdan əsaslandırmağa çalışıb. Müşahidəçilər qeyd edirlər ki, Duqinin ideyaları rəsmi Kremlin mövqeyi kimi təqdim olunmasa da, Rusiya siyasi elitasında geniş yayılmış revanşist və imperial düşüncə tərzini əks etdirir.

Ekspertlərin fikrincə, bu cür açıqlamalar region ölkələrinə qarşı təhdidedici və hörmətsiz münasibətin açıq ifadəsidir və Moskvanın qonşu dövlətlərin suverenliyinə yanaşmasında ciddi problemlərin mövcud olduğunu göstərir. Xüsusilə Azərbaycanın və digər türk dövlətlərinin adının bu siyahıda yer alması Rusiyanın bölgədəki uzunmüddətli planları ilə bağlı narahatlıqları artırır.

Poliqon.info

Chosen
85
poliqon.info

1Sources