EN

"ICBC Standard Bank" Türk İnvestisiya Fondunun üzv ölkələrində layihələrin maliyyələşdirilməsində iştirak edə bilər

Çinin Sənaye və Kommersiya Bankının (ICBC) əsas səhmdarı olduğu "ICBC Standard Bank" və Türk İnvestisiya Fondu (TIF) Fondun üzv ölkələrində həyata keçirilməsi mümkün olan əməliyyatları müzakirə ediblər.

"Far.Az" xəbər verir ki, bununla bağlı TIF-in baş direktoru Ramil Babayev və "ICBC Standard Bank Plc"nin baş direktoru Çonq Qao arasında müvafiq danışıqlar aparılıb.

Görüş zamanı tərəflər əməkdaşlığın konkret istiqamətləri barədə fikir mübadiləsi aparıb və xəzinə, eləcə də mümkün sindikasiya əməliyyatlarının daha ətraflı öyrənilməsinə maraq ifadə ediblər. Müəyyən edilmiş imkanların müvafiq komandalar səviyyəsində araşdırılmasının davam etdirilməsi barədə razılıq əldə olunub.

Qeyd edək ki, 2015-ci il fevralın 1-də ICBC "Standard Bank Global Markets"in London bölməsinin, o cümlədən "Standard Bank Plc" və bir sıra digər beynəlxalq əməliyyatların nəzarət səhm paketini alıb. Sonradan bank "ICBC Standard Bank Plc" adlandırılıb.

Türk İnvestisiya Fondunun yaradılması haqqında qərar Türk Dövlətləri Təşkilatının (TDT) 2022-ci il noyabrın 11-də Səmərqənddə keçirilmiş 9-cu sammitində qəbul edilib. TIF-in yaradılması haqqında saziş 2023-cü il martın 16-da Ankarada TDT-nin növbədənkənar sammitində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan tərəfindən imzalanıb və 2024-cü il fevralın 24-də qüvvəyə minib.

Macarıstanın TIF-ə qoşulmasından sonra Fondun nizamnamə kapitalı 100 milyon ABŞ dolları artaraq 600 milyon ABŞ dollarına çatıb. Daha əvvəl bildirilmişdi ki, növbəti beş il ərzində TIF-in kapitalının daha da artırılması planlaşdırılır.

Chosen
101
far.az

1Sources