EN

“Rəşid Behbudov böyük sənətkardır” – “Biz ölürük, Allah rəhmət eləsin!”

Yazıçı Şərif Ağayarın muğam, tanınmış sənətkarlar və Azərbaycan musiqi ənənəsi ilə bağlı sosial şəbəkədə paylaşdığı status geniş ictimai rezonans doğurub. Qısa müddətdə paylaşımda səsləndirilən fikirlər sosial mediada ciddi etirazla qarşılanıb. Bir çox istifadəçi yazıçını milli-mədəni dəyərləri təhqir etməkdə ittiham edir.

Məsələ ilə bağlı “Yeni Sabah” Şərif Ağayarın öz mövqeyini öyrənmək üçün onunla əlaqə saxladıq:

- Sosial şəbəkədə paylaşdığınız status çox qısa zamanda böyük rezonans doğurdu. Bu qədər sərt reaksiya gözləyirdinizmi?

- Rəşid Behbudovun şəxsiyyəti ilə bağlı heç nə deməmişəm. Söhbət səsin mahiyyətindən gedir. Səsə qiymət vermişəm. Təslimçilik, köləlik aşılayan ifalar haqda məndən daha sərt Əhməd Ağaoğlu danışıb və yazıb. Bunlar ciddi təhlillər istəyir. Dövlət himnimizdəki minor notlar da müzakirə olunmalıdır. Ruh düşkünlüyü, üsyandan uzaq musiqi düşüncəmizin mərkəzinə gəldiyi üçün bu qədər sentimental ulaşmalar peyda olub və xalq hər gün on minlərlə pul xərcləyir.

- Statusunuza 600-ə yaxın şərh gəlib və əksəriyyəti tənqid, hətta qınaq xarakterlidir. Bu reaksiyaları necə qiymətləndirirsiniz?

- Mən fəlakət anonsu vermişəm. Rəşidi həmişə dinləyirəm, o böyük sənətkardır, amma gətirib çıxardığı yer bərbaddır. Anlamaq lazımdır.

- Bəziləri  iddia edir ki, bu statusu emosional vəziyyətdə, hətta sərxoş halda yazmısınız. Bu iddialara münasibətiniz necədir?

- Bizdə ciddi həqiqət yazılanda ya adama dəli deyirlər, ya sərxoş... Çünki standart danışmalısan. Totalitar sistemlərin dilində. Trafaretlərlə. Mən o standartı dağıtmaq istəyirəm. Bu statusda da həcv dilidir. Qasım bəy Zakirin, Vaqifin, Seyidin, Aşıq Ələsgərin dilində daha sərt ifadələr olub. “Elə billəm qoca çaqqal ulaşır, olsa sənin kimi yüz şair Nağı...” Yaxud “Xandəmirov keçəl qurumsaq...” Axundovun adını Milli Kitabxanaya vermişik, rəhbəri isə 40 ildir Kərim Tahirov kimi konyuntura nökəridir. Bilmirsən nə deyəsən...

- Əgər bu məsələ hüquqi müstəviyə keçərsə, mövqeyinizi müdafiə etməyə hazırsınızmı?

- Kitabdan uzaq düşüb mənasız səslərə milyonlar xərcləyən xalqın sonu ölümdür. Biz ölürük. Mən onu deyirəm. Ağırdır, anlayıram, lakin reqllıqdır. Biz ölürük, Allah rəhmət eləsin! Bir yazıçı var, öldürsünlər, kef etsinlər, Manafla Aygün də gəlib oxusun…

- Statusunuzda ad çəkmədən, iki nəfərə işarə edirsiniz: “dünya səviyyəli danabaş...” və “qarabağlı...”. Bu sözlər kimə aiddir?

- Bu sözlər konkret şəxslərə aiddir. Ad çəkməyəcəyəm. Hər kəs kim olduqlarını bilir.

Əsmətxanım Rzazadə 


Telegram kanalımız
Chosen
187
3
yenisabah.az

4Sources