Bakı, 19 yanvar, AZƏRTAC
Kiçik və orta biznes arasında auditə maraq hələ də aşağıdır. Bu sahədə maarifləndirmə və məcburi audit tələblərinin genişləndirilməsi barədə Auditorlar Palatasının mövqeyi nədir?
Palatadan AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, kiçik sahibkarlıq subyektlərinin müstəqil auditə maraqlarının aşağı səviyyədə olmasının obyektiv səbəbi var.
“Qanunvericiliklə mikro və kiçik sahibkarlıq subyektləri məcburi audit subyektləri deyillər. Orta sahibkarlıq sahəsində palata tərəfindən müntəzəm olaraq kompleks tədbirlər keçirilməkdədir. Belə tədbirlərə misal olaraq məcburi auditdən yayınmanın mənfi nəticələri, yayınmaya görə inzibati cərimənin tətbiqi, şirkətlərin maddi məhsul şəxsləri tərəfindən dələduzluq hallarının və qanunazidd əməllərə şərait yaranması, habelə vergi, əmək və sair qanunvericilik tələblərinə qəsdən və ya bilməyərəkdən əməl edilməməsinə görə yaranan maliyyə riskləri barədə sahibkarların məlumatlandırılmasını göstərmək olar”, - deyə bildirilib.
Həmçinin qeyd olunub ki, elə sahibkarlıq subyektləri var ki, onlar öz fəaliyyətlərində maliyyə cəhətdən şəffaflığın tərəfdarı deyillər: “Məhz həmin sahibkarların məcburi auditə cəlb edilməsi mexanizmi sərtləşdirilməlidir. Bu mövzuda aktual olan digər bir amil bəzi auditorların göstərdikləri xidmət səviyyəsinin aşağı olması və nəticə etibarilə auditə çəkilən xərclərin maliyyə yükünə çevrilməsidir. Bu sahədə auditor kadrların təkmilləşdirilməsi, peşə yeniliklərinin tətbiqi, xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində palata müntəzəm olaraq fəaliyyətini yüksələn xətt üzrə davam etdirir”.