EN

Süni İntellkt həm rutin, həm də qeyri rutin iş tapşırıqlarını avtomatlaşdırır Millət vəkili

525.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Əgər 2025-ci il Süni İntellekt (Sİ) ətrafında böyük hay-küyün ili idisə, 2026-cı il onun inkişafında dönüş nöqtəsi ola bilər. Söhbət təkcə tez-tez müzakirə olunan “Sİ köpüyü” ehtimalından, Sİ infrastrukturu üçün görünməmiş xərclərdən və bu yarışda geridə qalmamaq istəyən ölkələrin və şirkətlərin borclarının artmasından getmir. Bütün ajiotaja baxmayaraq, Sİ-ni tətbiq etmək və bu sahədə liderlik uğrunda yarışda irəliləmək 2026-cı il üçün də demək olar ki, hamı tərəfindən qəbul olunan prioritet olaraq qalacaq. Amma Sİ geniş yayıldıqca bir sıra ziddiyyətlər və paradokslar ortaya çıxır – bunlar bəzən texnologiyanın özündən çox, onu tətbiq edən və istifadə edən insanlarla bağlıdır. Fikrimcə, bir çox hallarda qeyri-dəqiq və ya doğru olmayan izahlar mövcuddur”. 

Bunu 525.az-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib. O bildirib ki, Süni İntellkt həm rutin, həm də qeyri-rutin iş tapşırıqlarını avtomatlaşdırır. Ancaq bunun məşğulluğa real təsiri hələ də tam aydın deyil. Bir tərəfdən hesablamalar göstərir ki, avtomatlaşdırma iqtisadiyyatın inkişaf səviyyəsindən asılı olaraq iş yerlərinin 0,4%-dən 5,5%-dək azalmasına səbəb ola bilər. Üstəlik, mövcud SI texnologiyaları bütöv iqtisadiyyat miqyasında daha çox insan əməyini əvəz etməyə meyllidir, nəinki yeni imkanlar yaratmağa. Texnoloji inkişafın ön xəttində olan IT şirkətlərinin artıq kütləvi ixtisarlar etməsi də bunu gücləndirir. Digər tərəfdən, təcrübə göstərir ki, SI peşələri deyil, daha çox tapşırıqları məhv edir və eyni anda yeni tapşırıqlar yaradır. Dünya İqtisadi Forumunun (WEF) 2024-cü ildə 1000-dən çox aparıcı qlobal işəgötürən arasında keçirdiyi sorğuya əsasən, 2025–2030 dövründə 170 milyon yeni iş yerinin yaranacağı, 92 milyon iş yerinin isə ixtisar olunacağı gözlənir. Yəni nəticədə xalis artım 78 milyon iş yeri ola bilər. Sorğuda iştirak edənlərin üçdə ikisi SI bacarıqları olan mütəxəssisləri işə götürməyi planlaşdırır, 40% isə avtomatlaşdırıla bilən sahələrdə ştatın azaldılacağını düşünür:

“WEF-in proqnozuna görə, mövcud bacarıqların təxminən 40%-i yaxın beş ildə dəyişəcək. Başqa tədqiqatlar da göstərir ki, bəzi peşələrdə tapşırıqlar getdikcə avtomatlaşdırılır, digər peşələrdə isə ünsiyyət və yaradıcılıq tələb edən yeni, daha mürəkkəb tapşırıqlar yaranır. Bu fonda səhiyyə, təhsil, nəqliyyat, tikinti və sosial təminat kimi sahələrdə işçi tələbi artır. Maraqlısı odur ki, iqtisadiyyat rəqəmsallaşdıqca insana yönəlik bacarıqlara ehtiyac azalmır, əksinə arta bilər. Yekunda bu, ümumi məşğulluğun kəskin azalmasına deyil, daha çox işçi qüvvəsinin yenidən bölüşdürülməsinə gətirib çıxaracaqdır. Əsas risk kütləvi işsizlik (çox güman ki, olmayacaq) yox, yenidən təlim, peşə dəyişimi və sosial adaptasiya ehtiyacıdır. Yəni gələcəyin məşğulluğu texnologiyadan çox, cəmiyyətin – dövlətin, biznesin, təhsil sisteminin – bu dəyişikliklərə necə hazırlaşmasından asılıdır”.

Sevinc Qarayeva 

 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
56
6
525.az

7Sources