EN

TƏCİLİ! Azərbaycanlılar Rusiyadan ÇIXARILIR

Son üç gün ərzində Rusiyanın Novosibirsk vilayətində məhkəmə icraçıları ölkəyə giriş və ya qalma qaydalarını pozmuş 97 xarici vətəndaşı deportasiya edib.

NOCOMMENT.az xəbər verir ki,bu barədə Novosibirsk vilayəti üzrə Rusiya Federal Məhkəmə İcraçıları Xidməti məlumat yayıb.

Bildirilir ki, ölkədən çıxarılanlar arasında Özbəkistan (41 nəfər), Tacikistan (29), Qırğızıstan (16), Azərbaycan (7) və Qazaxıstan (4) vətəndaşları var.

Məlumata görə, miqrantlar əvvəlcə müvəqqəti saxlanma mərkəzinə yerləşdirilir, daha sonra onların barəsində ölkədən çıxarılma ilə bağlı qərar rəsmiləşdirilir və nəzarət altında sərhədə çatdırılırlar.

Qanunvericiliyə əsasən, deportasiya edilən şəxslərin Rusiyaya yenidən girişinə beş il müddətinə qadağa qoyulur. Bu müddət məhkəmə qərarının qüvvəyə mindiyi andan hesablanır.

Afsəddin Nəbiyev

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan AMİP sədrinin müavini, politoloq Afsəddin Nəbiyev qeyd edib ki, Rusiyada son dövrlər müşahidə olunan miqrasiya prosesləri və xüsusilə Novosibirsk vilayətində intensivləşən deportasiya tədbirləri sadəcə hüquqi tənzimləmə deyil, eyni zamanda genişmiqyaslı geosiyasi və daxili siyasi strategiyanın bir hissəsi kimi qiymətləndirilməlidir:

“Bu vəziyyət həm Moskva ilə Bakı arasındakı diplomatik münasibətlər, həm də Rusiyada yaşayan yüz minlərlə azərbaycanlının taleyi baxımından ciddi suallar doğurur. Rusiyanın miqrasiya sahəsində atdığı sərt addımlar bir neçə mühüm faktorla izah olunur. İlk növbədə, ölkə daxilində təhlükəsizlik qayğıları xüsusilə “Krokus Siti Holl” hadisəsindən sonra dövlət orqanlarını nəzarəti maksimum dərəcədə gücləndirməyə sövq edir. Lakin bu prosesin görünməyən tərəfi Kremlin miqrasiya siyasətini bir siyasi təzyiq aləti kimi istifadə etməsidir”.

Politoloqun sözlərinə görə, Moskva bu vasitə ilə postsovet məkanındakı tərəfdaşlarına daxili sosial sabitliyin Rusiyadan asılı olduğunu xatırladır:

“Rusiya hər zaman bu təzyiq alətindən istifadə edir. Azərbaycan vətəndaşlarının da bu prosesin hədəfinə çevrilməsi bir neçə ciddi risk formalaşdırır. Rusiyadakı azərbaycanlıların evlərinə göndərdiyi vəsaitlər əvvəlki illərdə böyük məbləğdə olsa da, hal-hazırda müharibə şəraitinə görə pul vəsaiti çox cüzi nəzərə çarpmaqdadır. Rusiya ilə Azərbaycan arasındakı “Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə”yə baxmayaraq, miqrasiya kartı ikitərəfli münasibətlərdə hər zaman bir “geosiyasi rıçaq” kimi masada qalır. Bu, gələcəkdə bəzi regional və strateji məsələlərdə Azərbaycanın qərarvermə prosesinə təsir etmək cəhdi kimi də istifadə oluna bilər. Uzun illərdir Rusiyada yaşayan, lakin hələ də rəsmi statusunu tam tənzimləməyən şəxslərin kütləvi şəkildə çıxarılması ailələrin parçalanmasına və ciddi sosial problemlərə səbəb ola bilər”.

Afsəddin Nəbiyevin sözlərinə görə, yaranmış vəziyyət fonunda Azərbaycan dövləti həm xarici, həm də daxili müstəvidə proaktiv addımlar atmalıdır:

“İlk növbədə, diplomatik kanallar vasitəsilə “selektiv yanaşma” ehtimalı aradan qaldırılmalı və vətəndaşlarımızın hüquqlarının ikitərəfli müqavilələr çərçivəsində qorunması təmin edilməlidir. Eyni zamanda Rusiyadakı konsulluq xidmətləri və diaspor təşkilatları gücləndirilmiş iş rejiminə keçməli, vətəndaşlara operativ hüquqi məsləhətlər verilməlidir.

Daxili müstəvidə isə hökumət geri dönə biləcək kütləvi işçi qüvvəsini qəbul etmək üçün reinteqrasiya proqramları hazırlamalıdır. Azad olunmuş ərazilərinizdə bu sahədə çox münbit şərait var. Bu şəxslərin kənd təsərrüfatı, tikinti və digər sektorlarda yerli əmək bazarına inteqrasiyası sosial riskləri minimuma endirə bilər. Rusiyada miqrantlara qarşı artan təzyiqlər həm hüquqi, həm də siyasi motivli olduğu üçün  bütün riskləri qiymətləndirməliyik. Azərbaycan bu tendensiyaya qarşı çevik və soyuqqanlı reaksiya vermək, vətəndaşlarının hüquqlarını qorumaqla yanaşı, miqrasiya asılılığını azaltmaq üçün uzunmüddətli daxili iqtisadi strategiyalarını inkişaf etdirməklə bu prosesə böyük fayda verə bilər”.

Chosen
113
nocomment.az

1Sources