"İran rejiminin yarandığı gündən yürütdüyü siyasətin yanlışlığı nəticə etibarilə öz qapısını döydü. Məsələ ondadır ki, yaratdığı “şiə hilalı” strategiyasının guya İranı sərhədlərindən kənarda qoruyacağı planı iflasa uğrayıb".
Bunu Redaktor.az-a Ədalət, Hüquq, Demokratiya Partiyasının (ƏHD) ictimai-siyasi əlaqələr üzrə katibi, politoloq Azər Qasımov İranda mövcud olan gərgin vəziyyətdən danışarkən qeyd etdi.
"Milyardlarla dollar vəsaitin xalqın boğazından kəsilərək siyasi qrupların maliyyələşməsinə sərf edilməsi İran xalqının yoxsullaşmasına səbəb olmaqla yanaşı, ölkədaxili infrastruktur layihələrindən məhrum olması ilə nəticələnərək xalqın səbr kasasını daşırdı. İran rejimi etirazçı kütləni yatırmaq üçün yaratdığı silahlı qrupları öz xalqını qırmaq üçün istifadə edib və bununla 5 mindən çox insanın öldürülməsinin şahidi olduq. "Qırmızı xətlər" artıq keçilib. Xalq ona olunan bu vəhşiliyi bağışlamayacaq. Hesab edirəm ki, İran rejiminin öz xalqını qırması onlar arasındakı uçurumu dərinləşdirib. Bu uçurumun molla rejiminin sonunu gətirəcəyi mütləqdir", - deyə o bildirdi.
Aytəkin TOFİQQIZI