EN

Bu halda ölən şəxsin kreditini övladları ödəməyəcək

Konkret.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Ölən şəxsin kredit borcunun ailə üzvlərindən tələb edilməsi cəmiyyətdə tez-tez narazılıq doğuran məsələlərdəndir. Bir çox hallarda vətəndaşlar düşünür ki, kredit sığortalıdırsa, borc avtomatik olaraq silinməlidir. Lakin mövcud praktika göstərir ki, bu, hər zaman belə olmur. Bəs, ölən şəxsin krediti sığortalanıbsa, bəs niyə borcun ödənilməsi ailə üzvlərindən tələb olunur?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, əgər kredit sığortalanıbsa, həmin şəxsin ailə üzvləri, vərəsələri və ya zamin borcu ödəməli deyil..

“Problem əsasən Azərbaycanda kreditlərin böyük hissəsinin sığortasız verilməsi ilə bağlıdır. Hazırda kreditlər üzrə sığorta daha çox ipoteka kreditlərində tətbiq olunur və bu da əsasən borcalanın həyat sığortasını əhatə edir. Şəxsin həyatı sığortalanıbsa və sığorta hadisəsi baş veribsə, sığorta şirkəti kredit borcunu ödəməlidir. Bu halda bank ailədən və ya vərəsələrdən pul tələb edə bilməz”, – deyə Ə.Həsənov vurğulayıb.

Onun sözlərinə görə, sığorta hadisəsi baş verdikdə sığorta şirkətinə müraciət üçün müəyyən müddət mövcuddur. Həmin müddət ərzində tələb irəli sürülərsə və sığorta pulu ödənilərsə, kredit borcu bağlanmış hesab olunur. Bu şərtlər sığorta müqaviləsində açıq şəkildə göstərilir.

“Bəzi hallarda sığorta şirkətləri ölümü sığorta hadisəsi kimi tanımır. Məsələn, şəxs yaşlıdırsa, ağır ürək xəstəliyi varsa və infarktdan vəfat edibsə, sığorta şirkətləri bunu sığorta hadisəsi hesab etməyə bilər. Amma ölüm yol-nəqliyyat hadisəsi və ya qəza nəticəsində baş veribsə, bu halda sığorta ödənişi həyata keçirilir”, – deyə ekspert bildirib.

Beləliklə, mütəxəssislər vətəndaşlara kredit götürərkən sığorta şərtlərini diqqətlə oxumağı və müqavilədə sığorta hadisələrinin hansı halları əhatə etdiyini dəqiqləşdirməyi tövsiyə edirlər.

Müşviq Tofiqoğlu

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
43
2
konkret.az

3Sources