EN

Təkcə yayda yox, qışda da konserv hazırlayın

Qış aylarında mövsümdən kənar meyvə və tərəvəzlərdən istifadə etmək üçün ev konservləri geniş yayılıb.

 

Pravda.az bildirir ki, düzgün hazırlandıqda ev konservləri həm qənaətcil, həm də sağlam qida mənbəyi hesab olunur. Lakin səhv üsullar ciddi sağlamlıq riskləri yarada bilər.

 

Mütəxəssislər qeyd edirlər ki, konserv hazırlayarkən ilk növbədə istifadə olunan məhsullar təzə, çürüksüz və kifsiz olmalıdır. Konserv üçün şüşə bankalar seçilməli, bankalar və qapaqlar əvvəlcədən qaynadılaraq sterilizə edilməlidir. Hazırlıq prosesi zamanı iş mühitinin təmizliyi də əsas şərtlərdən sayılır.

 

Meyvə və tərəvəzlər bankalara yerləşdirilməzdən əvvəl yaxşı yuyulmalı və qaynadılmalıdır. Bankalar doldurulduqdan sonra qapaqlar möhkəm bağlanmalı və yenidən qaynar suda müəyyən müddət saxlanılmalıdır.

 

Məlumata görə, qış üçün heyva, çuğundur, müxtəlif tərəvəz konservləri ilə yanaşı, məhsulların qurudulması, dondurulması və ya vakumlanaraq saxlanılması da alternativ üsullar arasında yer alır.

 

Qaydalara düzgün əməl edildikdə ev konservləri qış süfrələrinin etibarlı və faydalı qidasına çevrilə bilər.

 

Əminə Bayramova

Tarix: 19 Yanvar 2026, 17:34   
Chosen
55
pravda.az

1Sources