EN

Küçə ticarəti: Sahibkarın malı müsadirə edilə bilər?

Küçə ticarətinə qoyulan qadağaya baxmayaraq, metrostansiyaları, yol kənarları və digər ictimai məkanlarda səyyar meyvə-tərəvəz satışı geniş yayılıb.

Vətəndaşlar qanunun tələblərinə baxmayaraq məhsullarını satmağa davam edir, çünki bu onlara gündəlik gəlir qazandırır.

Müvafiq qurumlar tərəfindən keçirilən reydlər zamanı isə bir çox satıcının məhsulu ərazidə yığışdırılır və müsadirə olunur. 

Bu vəziyyət isə hüquqi baxımdan ciddi suallar yaradır.

Məhkəmə qərarı olmadan vətəndaşın mülkiyyətində olan məhsul müsadirə edilə bilərmi?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında Vəkillər Kollegiyasının üzvü, insan hüquqları üzrə ekspert, tanınmış hüquqşünas Roman Qaraşov bildirib ki, küçə ticarətinin praktikada geniş yayılması onun hər zaman hüquqi baxımdan qanuni fəaliyyət olması demək deyil:

““Bakı şəhərində səyyar (mövsümi) ticarət və xidmətlərin aparılması" Qaydalarına əsasən, səyyar ticarət yalnız müvafiq icra hakimiyyəti orqanı tərəfindən xüsusi müəyyən edilmiş yerlərdə və rəsmi icazə əsasında həyata keçirilə bilər və müəyyən edilmiş sahələrdən kənarda bu fəaliyyət qadağandır. 

Metrolarının giriş-çıxışları, yeraltı keçidlər, yol kənarları və digər həssas ictimai məkanlar üzrə ayrıca məhdudiyyətlər nəzərdə tutulur.

Bu qaydalar şəhər mühitinin, sanitariya normalarının və ictimai asayişin qorunmasına xidmət etsə də, inzibati nəzarət tədbirlərinin həyata keçirilməsi dövlət orqanlarına mülkiyyət hüququna qanunsuz müdaxilə etmək səlahiyyəti vermir və görülən bütün tədbirlər yalnız qanunla müəyyən edilmiş səlahiyyət və prosedur çərçivəsində tətbiq oluna bilər”.

Onun sözlərinə görə, mülkiyyət hüququnun toxunulmazlığı Azərbaycan Respublikası Konstitusiyası ilə təmin edilir və heç kəsin məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməyəcəyi açıq şəkildə təsbit olunur:

“Bu konstitusion təminat reydlər zamanı vətəndaşın satdığı məhsulun sanksiya kimi əlindən alınaraq dövlət mülkiyyətinə keçirilməsini, yəni müsadirəni istisna edir.

Küçə ticarəti İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsinə əsasən inzibati xəta hesab olunur və bu maddə üzrə məsuliyyət yalnız 80 manat məbləğində cərimə tətbiq edilməsini nəzərdə tutur.

Həmin maddənin sanksiyasında müsadirə göstərilmədiyindən, qanunsuz küçə ticarəti faktı üzrə məhsulun müsadirəsi inzibati tənbeh kimi qanuni əsas sayılmır.

İnzibati hüququn qanunilik və sanksiyanın müəyyənliyi prinsiplərinə görə, vəzifəli şəxs yalnız qanunda birbaşa nəzərdə tutulmuş cəza tədbirlərini tətbiq edə bilər.

Eyni zamanda, müsadirə ilə müvəqqəti götürmə anlayışları bir-birindən fərqləndirilməlidir: müvəqqəti götürmə inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbiri kimi yalnız işin düzgün araşdırılması və sübutların qorunması məqsədilə tətbiq oluna bilər və bu zaman ciddi prosessual tələblərə, o cümlədən protokollaşdırmaya əməl edilməlidir”. 

Hüquqşünas qeyd edib ki, vəzifəli şəxslərin qanuni göstərişlərinə əməl edilməsi hüquqi dövlət prinsipinin tələbi olmaqla vətəndaşların ümumi hüquqi öhdəliyidir, lakin bu öhdəlik şərtsiz və məhdudiyyətsiz xarakter daşımır:

“Vəzifəli şəxs öz səlahiyyətlərini həyata keçirərkən həmin səlahiyyətlərə malik olmasını təsdiq edən xidməti vəsiqəni və ya müvafiq tapşırıq sənədini təqdim etməli, fəaliyyətini qanun çərçivəsində, şəffaf və əsaslandırılmış şəkildə icra etməlidir.

Xüsusilə mediaya verilən açıqlamalarda vəzifəli şəxslər elə məlumatlar yaymamalıdırlar ki, bu, onların küçə ticarəti ilə məşğul olan şəxslər üzərində qanunla nəzərdə tutulmayan, limitsiz təsir imkanına malik olduğu təəssüratını yaratsın.

Hüquqi dövlətdə istər əməli fəaliyyətdə, istərsə də ictimaiyyətə açıqlamalarda dövlət orqanlarının fəaliyyəti yalnız qanunla müəyyən edilmiş çərçivədə mümkün olduğundan, bu çərçivədən kənara çıxılması səlahiyyət həddinin aşılması kimi qiymətləndirilə bilər”.

Chosen
104
1
cebheinfo.az

2Sources