Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Qlobal enerji bazarlarında baş verən dəyişiklikləri və iqlim gündəliyinin aktuallaşması yaşıl enerjini artıq seçim yox, zərurətə çevirib. Azərbaycanın yaşıl enerji potensialı təkcə ekoloji məsələ kimi deyil, eyni zamanda strateji və iqtisadi prioritet kimi qiymətləndirilməlidir. Ölkə bu sahədə ciddi imkanlara və böyük potensiala malikdir.
İqtisadçı Əli Səlimov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycanın coğrafi mövqeyi və təbii şəraiti yaşıl enerji istehsalı üçün əlverişli imkanlar yaradır: “Xüsusilə, külək və günəş enerjisi sahəsində potensialın yüksək olduğu danılmazdır. Abşeron yarımadası və Xəzər dənizi sahilyanı zonalar külək enerjisi baxımından regionun ən perspektivli əraziləri sırasında yer alır. Yeni yaradılmış Xızı‑Abşeron Külək Elektrik Stansiyası da dövlətin bərpa olunan enerji siyasətinin praktiki nümunəsidir və eyni zamanda enerji təhlükəsizliyinin gücləndirilməsinə xidmət edir. Paralel olaraq, ölkənin böyük hissəsində günəşli günlərin çoxluğu günəş enerjisinin iqtisadi cəhətdən səmərəli mənbə kimi inkişaf etdirilməsinə şərait yaradır. Bu potensialdan düzgün istifadə edildiyi təqdirdə enerji istehsalında şaxələndirmə və enerji təhlükəsizliyinin gücləndirilməsi mümkündür.
Lakin yaşıl enerji məsələsinə yalnız potensial prizmasından baxmaq kifayət deyil. Əsas sual “potensial varmı?” yox, “bu potensial real iqtisadi nəticələrə çevrilə bilirmi?” sualıdır. Yaşıl enerji layihələri yüksək ilkin investisiya tələb edir və bu sahədə davamlı nəticələr yalnız stabil hüquqi mühit, aydın tarif mexanizmləri və etibarlı enerji şəbəkəsi olduqda mümkündür. Əks halda, mövcud imkanların kağız üzərində qalmaq riski ortaya çıxır”.
Əli Səlimov
Əli Səlimov qeyd edib ki, yaşıl enerjinin inkişafı iqtisadi baxımdan bir neçə mühüm üstünlük yarada bilər: “İlk növbədə, bu sahə qeyri-neft sektorunun genişlənməsinə, regionlarda yeni iş yerlərinin yaradılmasına və investisiya mühitinin canlanmasına təkan verə bilər. Eyni zamanda, daxili enerji tələbatının bir hissəsinin bərpa olunan mənbələr hesabına ödənilməsi neft və qaz resurslarının ixrac üçün daha səmərəli istifadəsinə imkan yaradır. Bu isə uzunmüddətli perspektivdə ölkənin tədiyə balansına və fiskal dayanıqlığına müsbət təsir göstərə bilər.
Bununla yanaşı, açıq şəkildə qeyd etmək lazımdır ki, yaşıl enerji neft və qaz sektoruna alternativ yox, tamamlayıcı istiqamət kimi dəyərləndirilməlidir. Azərbaycan hələ uzun illər enerji ixracatçısı olaraq qalacaq və bu reallıq nəzərə alınmadan aparılan enerji siyasəti risklidir. Məhz buna görə yaşıl enerji strategiyası mərhələli, iqtisadi cəhətdən əsaslandırılmış və mövcud enerji modelinə inteqrasiya olunmuş şəkildə həyata keçirilməlidir.
Azərbaycanın yaşıl enerji potensialı realdır və strateji əhəmiyyət daşıyır. Lakin bu potensialın reallaşması üçün yalnız siyasi iradə kifayət etmir. Səmərəli planlaşdırma, institusional islahatlar və iqtisadi rasional yanaşma olmadan yaşıl enerji uzunmüddətli iqtisadi üstünlüyə çevrilə bilməz. Doğru idarə olunduğu təqdirdə isə bu sahə Azərbaycanın gələcək iqtisadi modelində mühüm dayaqlardan biri ola bilər”-deyə iqtisadçı qeyd edib.
İradə Cəlil, Bizimyol.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.