EN

Höteborqda 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib

Stokholm, 20 yanvar, Nərgiz Cəfərli, АZƏRTAC

İsveçdə fəaliyyət göstərən Azərbaycan Qarabağ Mərkəzinin təşkilatçılığı ilə Höteborq şəhərində “20 Yanvar uşaqların gözü ilə” adlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirin əsas məqsədi İsveçdə doğulan və burada yaşayan azərbaycanlı uşaqlara 20 Yanvar faciəsi barədə məlumat verməkdir.

Tədbir Azərbaycan Qarabağ Mərkəzinin gənc və fəal üzvləri Məsumə Rüstəmli və Gülnisə İbrahimovanın təşəbbüsü ilə təşkil edilib. Anım mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra 20 Yanvar şəhidlərinin, eləcə də Vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Proqram çərçivəsində Höteborq və ətraf bölgələrdə yaşayan azyaşlı və yeniyetmələrə 20 Yanvar hadisələri haqqında məlumat verilib, mövzu ətrafında sorğu-sual aparılıb. Uşaqlar 20 Yanvar faciəsinə həsr olunmuş rəsmlər çəkib, şeirlər səsləndirərək öz düşüncə və hisslərini ifadə ediblər.

Tədbir İsveçdə yaşayan azərbaycanlı uşaqların tarixi yaddaşının formalaşdırılması və milli dəyərlərə bağlılıq ruhunda tərbiyə olunması baxımından əhəmiyyətli addım kimi qiymətləndirilib.

Chosen
90
1
azertag.az

2Sources