EN

Buzlaşma ilə əlaqədar Bakı – Şamaxı – Yevlax avtomobil yoluna mütəmadi olaraq qum-duz qarışığı səpilir

Şamaxı, 20 yanvar, Rəşad Türkoğlu, AZƏRTAC

Qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar Bakı – Şamaxı – Yevlax avtomobil yolunda gücləndirilmiş iş rejimi tətbiq olunub.

4 nömrəli Magistral Yolların İstismarı MMC-nin direktoru Mübariz Paşayevin AZƏRTAC-ın bölgə müxbirinə verdiyi məlumata görə, M4 avtomobil yolunun 25–143-cü kilometrliyində qurumun texnikaları tərəfindən fasiləsiz qartəmizləmə tədbirləri həyata keçirilib. Əraziyə xüsusi təyinatlı nəqliyyat vasitələri, o cümlədən qar kürüyən və qum-duz səpən avtomobillər cəlb olunub. Texnikalar hərəkət istiqamətlərinə uyğun şəkildə yolun hər iki tərəfinə yığılan qar kütləsini kənarlaşdırıb.

Görülən operativ tədbirlər nəticəsində yol örtüyü nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti üçün tam yararlı vəziyyətə gətirilib. Direktorun sözlərinə görə, hazırda ərazidə qatı duman müşahidə olunur. Yolun hərəkət hissəsində buzlaşma müşahidə olunduğundan sürüşmə riskinin azaldılması məqsədilə yol örtüyünə mütəmadi olaraq qum-duz qarışığı səpilir.

Bildirilib ki, hazırda Bakı – Şamaxı – Yevlax avtomobil yolunun qeyd olunan hissəsində hərəkətə heç bir məhdudiyyət tətbiq edilmir, nəqliyyat vasitələrinin gediş-gəlişi normal rejimdə davam edir. Bununla yanaşı, yol istismar xidmətləri hava şəraitini daim nəzarətdə saxlayır və zərurət yarandığı halda əlavə texnikaların cəlb olunması nəzərdə tutulur.

Hərəkətin təhlükəsizliyini təmin etmək üçün polis əməkdaşları ərazidə gücləndirilmiş rejimdə xidmət aparırlar.

Chosen
128
azertag.az

1Sources