EN

Kosmosdakı cihazlara düşən radiasiya yükü 50 dəfə artıb

Günəşdə baş verən sonuncu yüksəksəviyyəli partlayış nəticəsində Günəşdən Yerin orbitinə sürətli protonların kütləvi axınından sonra kosmik cihazlara düşən radiasiya yükü 50 dəfə artıb.

AzEdu.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının (REA) Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası və REA-nın Sibir Bölməsinin Günəş Yer Fizikası İnstitutu məlumat verib.

"Günəşdən Yer kürəsinin orbitinə kütləvi şəkildə sürətlənmiş protonlar daxil olub və kosmik teleskop görüntülərində "qar fırtınası" effekti yaradıb ki, bu da Yerə yaxınlaşan sürətli plazma emissiyasının (atılmasının) ən etibarlı əlamətlərindən biridir. Yer kürəsi yaxınlığında enerjisi 10 meqaelektron*voltdan (MeV) yuxarı olan protonların sıxlığı son 24 saat ərzində 1 000 dəfədən çox artıb. Yüksəkenerjili hissəciklərin kosmik cihazların elektronikasına təhlükəli təsirinin başlandığını göstərən "qırmızı səviyyə" hazırda təxminən 50 dəfə artıb və artmaqda davam edir ki, bu da yalnız Günəşdəki ən böyük partlayışların Yer kürəsinə birbaşa təsiri zamanı müşahidə olunur", - deyə məlumatda bildirilib.

Laboratoriya əlavə edib ki, bu göstərici 2025-ci ildə yalnız iki dəfə oxşar dəyərlərə çatıb: 1 iyun və 12 noyabr 2025-ci il tarixlərində. Hər iki halda "qar fırtınası"ndan sonra Yer kürəsinə olduqca güclü təsirlər baş verib və hissəciklərin daxil olmasından 24 saat sonra G4 səviyyəsindən yuxarı maqnit qasırğaları başlayıb.

Qeyd edək ki, daha əvvəl Rusiya Tətbiqi Geofizika İnstitutundan bildirildiyinə görə, 2026-cı ildə Günəşdə ilk partlayış bazar günü axşam (18 yanvar) qeydə alınıb və ən yüksək güc sinfinə - X1.9 səviyyəsinə çatıb.

Xatırladaq ki, Günəşdə partlayışlar rentgen şüalanmasının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X. Minimum A0.0 sinfi Yerin orbitində bir kv.m-ə 10 nVt şüalanma gücünə uyğundur. Növbəti mərhələyə keçərkən güc 10 dəfə artır. Partlayışlar, adətən, Günəş plazmasının emissiyaları ilə müşayiət olunur ki, onların buludları Yerə çataraq maqnit qasırğaları yarada bilər.

Chosen
20
1
azedu.az

2Sources