EN

Bu şəxslərə ŞAD XƏBƏR – Rüsumdan AZAD EDİLDİLƏR

Prezident İlham Əliyevin təsdiqlədiyi və “Dövlət rüsumu haqqında” qanuna edilən son dəyişikliklər sosial ədalətin gücləndirilməsi, müharibə və xidmətlə bağlı ağır talelər yaşamış insanların hüquqlarının daha effektiv qorunması baxımından mühüm addım kimi qiymətləndirilir.

Bu dəyişikliklər bir daha göstərir ki, dövlət yalnız sosial müavinətlər və yardımlarla kifayətlənmir, eyni zamanda vətəndaşların gündəlik hüquqi və inzibati prosedurlarda üzləşdiyi maliyyə yükünü də azaltmağa çalışır.

Xüsusilə mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi kimi mühüm və bəzən xərcli prosesdə dövlət rüsumlarından azadolma bu kateqoriyadan olan şəxslər üçün real və praktik dəstək mexanizmi yaradır.

NOCOMMENT.az xəbər verir ki, qanunvericiliyə edilən dəyişikliklər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 6-cı və “Dövlət rüsumu haqqında” qanunun 26-cı maddələrində öz əksini tapıb. Həmin maddələr daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsinə görə tutulan dövlət rüsumlarının dərəcələrini müəyyən edir. Yeni yanaşmaya əsasən, artıq müəyyən sosial həssas qruplar bu rüsumları ödəməkdən tam azad edilirlər.

Söhbət daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı reyestrdən çıxarışların, texniki sənədlərin – o cümlədən əmlak pasportu və plan ölçülərinin verilməsindən, torpaq sahələri üzərində hüquqların qeydiyyatı üçün mərzçəkmə işlərinin aparılmasından, daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasına, yəni yüklülüyünə dair dövlət reyestrindən arayışların təqdim edilməsindən, ipotekanın dövlət qeydiyyatına alınmasından və ümumilikdə daşınmaz əmlaka dair digər hüquqi hərəkətlərdən gedir.

Dəyişikliklər müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə, 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş vətəndaşlara, hərbi xidmət vəzifələrini yerinə yetirərkən (o cümlədən Çernobıl AES-də xidmət zamanı) sağlamlığını itirmiş şəxslərə, həmçinin şəhid ailəsi statusu almış vətəndaşlara şamil edilir.

Bu kateqoriyaya aid olan şəxslər artıq sadalanan xidmətlərə görə dövlət rüsumu ödəmədən öz mülkiyyət hüquqlarını rəsmiləşdirə, qeydiyyat proseslərini başa çatdıra biləcəklər.

Əkrəm Həsənov

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan hüquqşünas Əkrəm Həsənov qeyd edib ki, mülkiyyət hüququ Konstitusiya ilə qorunan əsas hüquqlardan biridir və bu hüququn reallaşdırılması üçün vətəndaşın üzərinə əlavə maliyyə yükünün qoyulması, xüsusən də sosial cəhətdən həssas qruplar üçün, ədalətli yanaşma hesab edilə bilməz:

“İndiyədək bir çox müharibə əlilləri və şəhid ailələri üçün daşınmaz əmlakla bağlı qeydiyyat xərcləri real problem yaradırdı. Bu insanlar çox zaman ya müavinət, ya da məhdud gəlir hesabına yaşayırlar. Texniki pasportun alınması, çıxarışın verilməsi, mərzçəkmə işləri və digər prosedurlar bir yerdə kifayət qədər ciddi məbləğ təşkil edirdi. Yeni dəyişikliklər bu problemi aradan qaldırır və onların mülkiyyət hüquqlarından tam və maneəsiz istifadə etməsinə şərait yaradır”.

Hüquqşünasın sözlərinə görə, bu addım eyni zamanda hüquqi qeyri-müəyyənliyin azalmasına da xidmət edir:

“Çünki rüsumların yüksək olması səbəbindən bəzi vətəndaşlar əmlaklarını illərlə qeydiyyata salmır, nəticədə sonradan miras, alqı-satqı və ya ipoteka ilə bağlı ciddi hüquqi problemlər yaranırdı.

Dövlət rüsumundan azadolma bu kateqoriyadan olan şəxsləri əmlaklarını rəsmiləşdirməyə təşviq edəcək və bu da daşınmaz əmlak bazarında hüquqi şəffaflığı artıracaq. Dəyişikliklərin üstün cəhətlərindən biri də ondan ibarətdir ki, məsələ yalnız sosial yardım müstəvisində deyil, hüquqların bərabər reallaşdırılması kontekstində həll olunur. Bu, sadəcə güzəşt deyil, bu insanların dövlət qarşısında və cəmiyyət üçün göstərdikləri xidmətlərin hüquqi müstəvidə tanınmasıdır. Dövlət deyir ki, sən Vətən üçün sağlamlığını itirmisənsə və ya ailə üzvünü şəhid vermisənsə, mülkiyyət hüququnu həyata keçirərkən əlavə maneələrlə üzləşməməlisən”.

Tunar

Chosen
31
nocomment.az

1Sources