Bakı, 20 yanvar, AZƏRTAC
“Zayed İnsanlıq Qardaşlığı Mükafatı” dünyanın hər yerində insan qardaşlığı qəhrəmanlarını müəyyən etmək və şərəfləndirməklə bu yolda missiya ruhu əvəzsiz olan insanları seçir. Bu mükafata layiq görülən hər kəsin prosesdəki sədaqəti təqdir olunmaqla kifayətlənmir. Bu, həm də dünyanın hər yerində görkəmli şəxslərə, təşkilat və təsisatlara həyati əlaqə rolunu, missiyanı, atılan hər addımın, hər ritorikanın əhəmiyyətini xatırlatmaq üçün vacibdir.
AZƏRTAC xəbər verir ki, siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova deyib.
O bildirib ki, mükafat üçün seçilən kəs sülh səsinin eşidildiyi, beynəlxalq səviyyədə dəstək qazandığı üçün layiq görülür: ”Mükafat ümumi diplomatik bacarıqlardan tutmuş ətraf mühitin qorunması, ticarətin təmin edilməsi və millətlər arasında münasibətlərin möhkəmləndirilməsi üçün çox vacib olan əlaqələrin qurulması kimi müəyyən məsələlərin həlli baxımdan ixtisaslaşmış bacarıq və səriştələrə qədər uzanır. Mövcud dünyamız göstərir ki, buna hər lider nail ola bilmir. Hər halda baş verən proseslər inkarolunmaz reallığımızdır. Azərbaycan Prezidenti İlham Əliyev qətiyyətli və səriştəli lider qıtlığı reallığı fonunda bütün bu məsələlərin öhdəsindən uğurla gəlir”.
Şəbnəm Həsənova qeyd edib ki, dövlətimizin başçısı həm də bu reallıqlar fonunda insan qardaşlığı mükafatına layiq görüldü: ”Prezident İlham Əliyev çətin vəziyyətdə öz mövqeyini ortaya qoymağı bacarır. Azərbaycan Lideri hər detalına qədər incə hesablanan elə addımlar atır ki, liderlərin orijinal funksiyalarını və ənənəvi məsuliyyətlərini xatırladır. Qətiyyətli siyasət, ədalətli yanaşma, humanitar yardım, bütün bunlar Azərbaycan Liderinin obrazını formalaşdırır. Müharibə və münaqişə ocaqlarının aktiv fazada davam etdiyi bir vaxtda dövlətimizin başçısı sülh gündəliyini uğurla önə aparmağı bacarır. Şübhəsiz ki, mükafat dövlətimizin başçısının sülh gündəliyinin dünya tərəfindən təqdiri deməkdir. Müharibədə qalib gələn Azərbaycan Lideri sülhdə də qalibdir”.
“Daha bir inkarolunmaz, son dərəcə aydın görünən reallıq ondan ibarətdir ki, sülhə aparan yolda buna mane olan qüvvələr var. Ermənistanı revanşizmə kökləyən tərəflər mövcuddur. Azərbaycan Lideri bütün bu həmlələrin qarşısını qətiyyətlə və prinsipiallıqla alır. Azərbaycan öz iradəsini diktə etdirməyi bacardı və 2025-ci ilin avqustunda Vaşinqtonda məsələyə nöqtə qoydu. Azərbaycanın mütləq qələbəsi, münaqişələrin həll edilməsində nümunəvi təcrübəsi dünya tərəfindən öyrənilir və təqdir edilir. Zayed Fondunun mükafatı da Azərbaycan Liderinə verilən haqlı dəyərin, Azərbaycan xalqına duyulan rəğbətin ifadəsidir”, - deyə o əlavə edib.