BAKI, TurkicWorld
Azərbaycan xalqı 20 yanvarda ən böyük qəhrəmanlıq dastanlarından birini yazdı.
Bunu TurkicWorld özəl açıqlamasında Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi sədri Hüseyn Büyükfırat deyib.
O qeyd edib ki, bu gün Azərbaycan xalqı imperiya düşüncəsini qoruyub saxlamağa çalışanlara və eləcə də bütün dünyaya sübut etdi ki, azadlıq və müstəqillik hər şeyin fövqündədir.
“Azərbaycan xalqına qarşı törədilən bu cinayətdən 36 il keçməsinə baxmayaraq acımız hələ də yenidir”- deyə o bildirib.
H. Büyükfırat qeyd edib ki, Azərbaycan xalqının 20 yanvar günü gösrərdiyi qəhrəmanlıq nümunəsi heç vaxt unudulmayacaq və hər zaman yaddaşlarda yaşayacaq.
“Bu şanlı tarixi yazan bütün qərhəmanlara Allahadan rəhmət diləyirik” – deyə o bildirib.
Qeyd edək ki, bu gün Azərbaycanda 20 Yanvar faciəsinin 36-ci ildönümüdür.
Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı il yanvarın 20-də ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı Sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı.
Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.
Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Mixail Qorbaçov başda olmaqla, SSRİ-nin cinayətkar rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın mübarizliyini, əyilməzliyini, məğrurluğunu bir daha nümayiş etdirdi.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən Sovet ordusu Azərbaycana qarşı hərbi əməlliyatlara başladı. Faciə zamanı 147 insan öldürüldü, 744-ü ağır xəsarət aldı, 841 nəfər isə qanunsuz olaraq həbs edildi. Sovet ordusunun əməliyyatları nəticəsində 200 mənzil, ev, şəxsi və dövlət əmlakı dağıldı.
Bu qanlı hadisəyə ilk olaraq öz münasibətini bildirən şəxs ümummilli lider Heydər Əliyev oldu. Belə ki, Heydər Əliyev 21 yanvar 1990-cı il tarixdə faciə ilə əlaqədar Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində keçirilən yığıncaqda çıxış edərək bu hadisəni törədən şəxsləri kəskin şəkildə tənqid edib. Heydər Əliyev bu hadisəni hüquqa, demokratiyaya yad, humanizmə və ölkədə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab etdiyini bildirib.
Məhz bunun nəticəsində uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyə qovuşduq və ölkəmiz suverenlik əldə etdi. Bu qanlı hadisələrdən illər keçsə də, xalqımız o müdhiş gecəni daim xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir.
Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi respublikamızda hər il Ümumxalq Hüzn Günü kimi geniş qeyd edilir.
Bu gün isə bütün şəhidlərimizin ruhu şaddır. Çünki onların uğrunda canlarından keçdiyi Azərbaycan 44 günlük Vətən müharibəsindən qalib çıxaraq öz ərazi bütövlüyünü bərpa etdi. Azərbaycan xalqı öz şəhidlərini heç zaman unutmayacaq, onların əziz xatirəsi daim xalqımızın qəlbində yaşayacaq.