EN

Qəhrəmanlıq qürur tariximiz

Bu gün xalqımıza qarşı törədilən ən böyük cinayətlərdən biri olan 20 Yanvar hadisələrinin 36-cı ili tamam olur. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun Bakıda və respublikamızın digər bölgələrində törətdiyi bu cinayət tariximizə yalnız faciə kimi deyil, həm də xalqımızın azadlıq mübarizəsinin qəhrəmanlıq səhifəsi kimi həkk olunub. Bu faciə xalqımızı yumruq kimi birləşdirdi və göstərdi ki, müstəqillik uğrunda mübarizənin qarşısını heç bir qüvvə ala bilməz.

147 nəfərin qətlə yetirilməsi, 744 nəfərin yaralanması ilə nəticələnən bu cinayət birbaşa sovet dövlətinin rəhbərliyinin göstərişi ilə törədilmişdi. Həmin vaxt Sov.İKP MK Siyasi Bürosunun üzvü Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilmişdir. Dinc əhaliyə qarşı hərbi əməliyyata isə SSRİ müdafiə naziri Dmitri Yazov, SSRİ daxili işlər naziri Vadim Bakatin, SSRİ DTK sədrinin müavini Filipp Bobkov rəhbərlik etmişdir.

Təəssüflə qeyd edilməlidir ki, 20 Yanvar faciəsinin baş verməsində Azərbaycan o zamankı rəhbərliyinin də müstəsna rolu olmuşdur. Bu hadisə Azərbaycanı lərzəyə gətirməsinə, cəmiyyətdə doğurduğu qəzəbə və əhalinin təkidli tələblərinə baxmayaraq, vətənpərvərlik hisslərindən məhrum olan yerli hakimiyyət orqanları baş verənlərə göz yummuş, sükut keçməyi üstün tutmuş, Kremlə münasibətlərini korlamamaq üçün bu hadisələrə etiraz etməmişdir. Faciədən sonra Azərbaycan rəhbərliyində olan A. Vəzirov vəziyyətdən çıxış yolunu ölkəni tərk etməkdə görmüşdür. 1990-cı il yanvarın 22-də çağırılan Azərbaycan Ali Sovetinin fövqəladə sessiyası öz işini yarımçıq qoymuş və sonrakı sessiyalarda bu məsələnin müzakirəsini davam etdirməmişdir. Ali Sovetin yanvar hadisələrini araşdırmalı olan komissiyası da iş başa çatdırılmamış qalmışdır.

Həmin vaxt 20 Yanvar faciəsi ilə bağlı ilk sərt etirazını bildirən xalqımızın dahi oğlu Heydər Əliyev oldu. Faciənin ertəsi günü – yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn Heydər Əliyev 20 Yanvar faciəsinə siyasi qiymət verdi, bu hadisənin hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu bildirdi və o zamankı respublika rəhbərlərinin xəyanəti üzündən baş verdiyini açıq şəkildə bəyan etdi. Vətəndaş qeyrəti və həqiqi vətənpərvərlikdən doğan bu cəsarətli bəyanatla məhz Heydər Əliyev xalqımızın haqq səsini dünyaya çatdırdı. Bu bəyanat dünya azərbaycanlılarını ayağa qaldırdı, xalqın siyasi iradəsini ifadə etdi.

Azərbaycanın o zamankı rəhbərliyi 20 Yanvar faciəsi ilə bağlı susduğu üçün hadisələrə rəsmi şəkildə heç bir siyasi-hüquqi qiymət verilmədi. Yalnız Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 21-də ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verən qərar qəbul edildi. Heydər Əliyevin qətiyyətinin və vətənpərvərliyinin təcəssümü olan bu qərar həm də Ulu Öndərin hələ sovet dövlətinin mövcud olduğu bir şəraitdə heç nədən çəkinməyərək öz xalqının milli haqqını qoruduğunu nümayiş etdirən tarixi siyasi aktdır.

Naxçıvanda qəbul edilən qərarda həmçinin respublika səviyyəsində 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymətin verilməsi tələb olunurdu. Lakin sovet dövründə Azərbaycan rəhbərlik edənlər belə bir qərarın qəbul olunması üçün özlərində cəsarət tapmadılar. Təəssüflə qeyd edilməlidir ki, müstəqilliyimizin ilk illərində də respublikamızda iqtidarda olanlar 20 Yanvar faciəsinin üzərindən sükutla keçdilər. Hətta 20 Yanvar hadisələrinə siyasi qiymət verilməsi tələbi ilə dəfələrlə çıxış edən AXC-də hakimiyyətə gəldikdən sonra bu mövzunu unutdu. Bu siyasi qruplaşma hakimiyyətdə olduğu dövrdə faciəyə hüquqi qiymət vermək üçün öz imkanlarından istifadə etmədi. Bu fakt xalqın mübarizəsini öz siyasi niyyətləri üçün alətə çevirən AXC-nin başında duranların iç üzünü nümayiş etdirdi.

20 Yanvar faciəsinə respublika səviyyəsində siyasi-hüquqi qiymətin verilməsi yalnız Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra mümkün oldu. Ulu Öndərin 20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi ilə bağlı 1994-cü il yanvarın 5-də imzaladığı fərmanda Milli Məclisə hadisəyə tam siyasi-hüquqi qiymət verməsi tövsiyə olunurdu. Bu qiymət xalqımızın müstəqillik yolunda mübarizəsinin dolğun mənzərəsini əks etdirməli idi. Beləliklə, 1994-cü ilin mart ayının 29-da Milli Məclis tərəfindən “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul olundu. Qərarda deyilirdi:

“Azərbaycanda vüsət tapmış milli azadlıq hərəkatını boğmaq, demokratik və suveren bir dövlət yaratmaq amalı ilə ayağa qalxan xalqın inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq məqsədilə 1990-cı il yanvarın 20-də Sovet Silahlı Qüvvələrinin Bakı şəhərinə və respublikanın bir neçə rayonuna yeridilməsi, nəticədə haqq və ədalətin müdafiəsi naminə küçələrə çıxmış silahsız adamların qəddarlıqla qətlə yetirilməsi Azərbaycan xalqına qarşı totalitar kommunist rejimi tərəfindən hərbi təcavüz və cinayət kimi qiymətləndirilsin”.

Beləliklə, 20 Yanvar hadisələrinə məhz Heydər Əliyevin sayəsində respublika səviyyəsində hüquqi-siyasi qiymət verildi.

Respublikamızda 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, onların ailələrinə dövlət qayğısının göstərilməsi hər zaman diqqət mərkəzindədir. Məhz Heydər Əliyevin təşəbbüsü ilə Şəhidlər xiyabanında “Əbədi məşəl” abidə kompleksi yaradıldı. Ulu Öndər tərəfindən 1998-ci il martın 31-də “20 Yanvar Şəhidi” fəxri adının təsis edilməsi haqqında fərman imzalandı. Heydər Əliyevin 2000-ci il 17 yanvar tarixli fərmanı ilə 1990-cı il yanvarında şəhid olmuş oğul və qızlarımıza “20 Yanvar şəhidi” fəxri adı verildi.

Bütün sahələrdə Heydər Əliyevin müəyyən etdiyi siyasi xətti layiqincə davam etdirən Prezident İlham Əliyev də 20 Yanvar şəhidlərinin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həllinə xüsusi diqqət ayırır. Paytaxtımızda vüsət alan abadlıq işlərinə paralel olaraq Şəhidlər Xiyabanında da əsaslı təmir və yenidənqurma işləri aparılıb, Bakıdakı “20 Yanvar” dairəsində şəhidlərin xatirəsinə memorial abidə kompleksi ucaldılıb.

Habelə Prezident İlham Əliyevin təşəbbüsləri sayəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün effektiv sosial müdafiə sistemi formalaşıb. Dövlət başçısının “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 2006-cı il 19 yanvar tarixli Fərmanına əsasən şəhid ailələrinə təqaüd verilir. 2025-ci ildə icra olunan növbəti sosial islahat paketi çərçivəsində 20 Yanvar şəhidlərinin ailə üzvləri üçün Prezidentin aylıq təqaüdü 700 manata qaldırılıb. O cümlədən, 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər üçün Prezidentin aylıq təqaüdü, əlilliyi olan şəxslər üçün müavinət və qulluq haqqına görə Prezidentin aylıq təqaüdü artırılıb. İndiyədək 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olanlara 143 mənzil, 100-dək avtomobil təqdim edilib.

36 il əvvəl törədilən 20 Yanvar faciəsi bütün dünyaya Azərbaycan xalqının sarsılmaz ruhunu, milli mübarizə əzmini nümayiş etdirdi. Artıq həm 1990-cı ilin yanvarında, həm Birinci və İkinci Qarabağ müharibələrində şəhid olan bütün oğul və qızlarımızın ruhu rahatdır. Çünki Azərbaycan dövləti şəhidlərimizin uğrunda canlarından keçdikləri bütün məqsədlərinə nail olub. Müstəqil Azərbaycan artıq ərazi bütövlüyünü də bərpa edərək tarixinin ən qüdrətli dövləti səviyyəsinə yüksəlib.

Xanlar Fətiyev -Milli Meclisin deputatı

Chosen
64
4
missiya.az

5Sources