EN

Dollarla bağlı MÜHÜM XƏBƏR

Son günlər Venesuelada siyasi gərginliyin artması, İranda etiraz aksiyalarının davam etməsi və paralel olaraq ABŞ Prezidenti Donald Trampın neft qiymətlərinin aşağı salınması ilə bağlı açıqlamaları qlobal enerji bazarlarında qeyri-müəyyənliyi gücləndirib.

Bu proseslər fonunda neftin qiymətində dalğalanmalar müşahidə olunur və eyni zamanda dolların beynəlxalq mövqeyində də dəyişikliklər baş verir. Belə bir şəraitdə əsas suallardan biri də bu qlobal proseslərin Azərbaycana necə təsir edəcəyi, xüsusilə də dolların məzənnəsinin bahalaşıb-bahalaşmayacağı və devalvasiya riskinin olub-olmamasıdır.

Əkrəm Həsənov

Mövzu ilə bağlı NOCOMMENT.az-a danışan iqtisadçı ekspert Əkrəm Həsənovun fikirlərinə görə, Azərbaycanın iqtisadiyyatı hələ də böyük ölçüdə neft gəlirlərindən asılı olduğuna görə dünya bazarlarında neftin qiyməti ölkə üçün əsas həlledici faktordur.

Onun sözlərinə görə, Venesuela və İran kimi neft istehsalçısı olan ölkələrdə baş verən siyasi hadisələr adətən neftin qiymətini yüksəltməli olsa da, Tramp administrasiyasının açıq şəkildə ucuz neft siyasətini dəstəkləməsi və ABŞ-nin strateji neft ehtiyatlarından istifadə imkanları bu artımın qarşısını qismən alır və qiymətləri təzyiq altında saxlayır:

“Əgər neftin qiyməti uzun müddət 60 dolların altına düşərsə, bu, Azərbaycanın tədiyə balansına və dövlət büdcəsinə mənfi təsir göstərə bilər, çünki büdcə və manatın sabitliyi əsasən neft gəlirlərinə söykənir. Bununla belə, hazırkı mərhələdə kəskin təhlükədən danışmaq tezdir. Azərbaycan Mərkəzi Bankının və Dövlət Neft Fondunun kifayət qədər valyuta ehtiyatları var və bu ehtiyatlar qısamüddətli şokların qarşısını almağa imkan verir”.

Onun fikrincə, dolların məzənnəsinin Azərbaycanda bahalaşması daha çox psixoloji gözləntilər və neft qiymətlərində uzunmüddətli ucuzlaşma fonunda baş verə bilər, yəni bir-iki aylıq dalğalanma dərhal devalvasiya demək deyil:

“Hökumət hazırda inzibati və maliyyə alətləri ilə manatın sabitliyini qorumağa qadirdir, lakin struktur islahatları sürətlənməzsə və iqtisadiyyatın neftdən asılılığı azaldılmazsa, gələcəkdə risklər yenidən aktuallaşa bilər. İndiki şərtlərdə devalvasiyanın olmaması mümkündür və daha real ssenari manatın müəyyən müddət stabil saxlanmasıdır, amma bu stabillik tamamilə neft bazarındakı vəziyyətdən və qlobal siyasi proseslərin hansı istiqamətdə inkişaf edəcəyindən asılı olacaq”.

Chosen
85
2
nocomment.az

3Sources