EN

Qazaxıstanda 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad edilib

Astana, 20 yanvar, AZƏRTAC

Qazaxıstandakı Azərbaycan səfirliyi 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri təşkil edib.

AZƏRTAC xəbər verir ki, tədbir səfirliyin binasında ucaldılmış Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələrinin qoyulması ilə başlayıb. İştirakçılar 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan guşəyə də gül dəstələri düzüblər.

Anım tədbirində Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov bildirib ki, 20 Yanvar müasir Azərbaycan tarixində həm dərin hüzn, həm də böyük qürur günüdür.

Səfir vurğulayıb ki, törədilən amansız qırğın barədə məlumatların faciədən dərhal sonra beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.

“Ölkəmizdə müstəqillik bərpa edildikdən və Ümummilli Lider Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra xalqımıza qarşı törədilən bir sıra cinayətlərə, o cümlədən 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verildi”, – deyə o bildirib.

Ağalar Atamoğlanov, həmçinin xalqın birliyi və iradəsinin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Qələbənin əsasını təşkil etdiyini qeyd edib.

Səfir çıxışında Azərbaycanın inkişafı və sülh gündəliyi məsələlərinə də toxunub. Xüsusilə diqqətə çatdırılıb ki, 2025-ci il Azərbaycanda “Konstitusiya və Suverenlik İli” olub. Bu, ölkənin ərazi bütövlüyünün və suverenliyinin tam bərpasını əks etdirməklə yanaşı, Konstitusiyanın qəbulunun 30 illiyi və Vətən müharibəsində qazanılan Qələbənin 5 illiyi ilə bağlıdır.

Ağalar Atamoğlanov beynəlxalq sülh gündəliyinə də toxunaraq, ötən il avqustun 8-də Vaşinqtonda keçirilən görüşü və orada qəbul edilən qərarları xatırladıb. Qeyd olunub ki, aparıcı dünya dövlətinin liderinin iştirakı ilə birgə bəyanatın imzalanması və sülh müqaviləsinin paraflanması beynəlxalq arenada Azərbaycanın ərazi bütövlüyü və suverenliyini təsdiqləyən mühüm hadisələr olub.

Daha sonra Azərbaycan diasporunun nümayəndələri çıxış ediblər.

Tədbir çərçivəsində 20 Yanvar hadisələrini əks etdirən fotolardan ibarət sərgi də təşkil olunub.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Chosen
113
azertag.az

1Sources