EN

Rəşid Behbudovun qızı Şərif Ağayar barədə nə deyib? - Yazıçı ilə bağlı petisiya yaradılır

“Şərif Ağayar getsin, Cengiz Kurtoğluna qulaq assın. Gecə-gündüz onu dinləyə bilər. Bu, onun zövqüdür”.

Bunu “Yeni Sabah”a açıqlamasında Azərbaycanın və SSRİ-nin Xalq artisti, tanınmış müğənni Rəşid Behbudovun kürəkəni, Rəşid Behbudov Fondunun direktoru Kamil Şahverdi deyib.

O, yazıçı Şərif Ağayarın Rəşid Behbudovla bağlı qalmaqallı fikirlərinə münasibət bildirərkən söyləyib ki, gözün rəngi kimi insanların zövqü də fərqlidir:

“Zövq məsələsi mübahisə predmeti ola bilməz. Bu, onun zövqüdür və tamamilə normaldır. Amma qulaq asmasa belə, Rəşid Behbudovun bir vətəndaş mövqeyi, ictimai fəaliyyəti var. O, bu millətin sənətini, mədəniyyətini, musiqisini dünyaya tanıdan bir şəxsiyyətdir. Mənə ağır gələn təkcə onun haqqında deyilənlər yox, ümumilikdə bu millətin yüz illər ərzində formalaşmış mədəni irsinə bu cür yuxarıdan aşağı baxılmasıdır. Məqsəd nədir? Bu dəyəri belə alçaltmaq nəyə xidmət edir? Rəşid Behbudov sadəcə Çində 82 konsert verib. Həmin konsertlərin hamısı meydanlarda və stadionlarda keçirilib və hər birində ən azı 50-60 min tamaşaçı iştirak edib. Cəmi üç ay ərzində 82 konsert. Bu, az deyil”.

K.Şahverdi söyləyib ki, Şərif Ağayarın paylaşımına ilkin reaksiyası emosional olub, daha sonra məsələni dərindən analiz edib:

“Məhkəməyə müraciət edəndə, deyəcəklər ki, fikir azadlığına görə kimisə məhkəməyə verdi. Burada söhbət söz və fikir azadlığından getmir, bu artıq bütöv bir millətin, minilliklərə söykənən mədəniyyətin təhqiridir. Yazılanları analiz etdikcə başa düşürəm ki, bu, sadəcə emosional yanaşma deyil, olduqca ciddi və qəbuledilməz fikirlərdir. Muğam min illərdir xalqımızın daşıyıb bu günə gətirdiyi sənət nümunəsidir. Belə bir sənəti aşağılayıcı ifadələrlə təqdim etmək anlaşılan deyil. Bu cür münasibət nə məntiqə, nə də mədəni düşüncəyə sığır. Mən bu gün anlayıram ki, bu fikirlər ya affekt vəziyyətində yazılıb, ya da diqqət çəkmək məqsədi daşıyır. Amma hər iki halda belə münasibət qəbuledilməzdir. İstənilən şəxsi, xüsusən də dünyaca tanınan, Azərbaycanı dünyada tanıdan sənətkarı təhqir etmək düzgün deyil”.

Rəşid Behbudov Fondunun direktoru hesab edir ki, Ş.Ağayarın psixoloji problemləri var:

“Vurğulamaq istəyirəm ki, bu yazıda məni incidən təkcə konkret bir şəxsə yönəlmiş ifadələr deyil, ümumilikdə muğama və milli mədəniyyətimizə olan münasibətdir. Mən bir musiqişünas, milli mədəni irsimizin tədqiqatçısı və təbliğatçısı kimi bu mövzunu izah etməyə hazıram. Muğamın nə olduğunu, necə formalaşdığını, hansı fəlsəfəyə söykəndiyini anlatmaq olar. Ancaq anlayıb-anlamayacağını bilmirəm. Açıq deməliyəm ki, bu cür fikirlər sağlam düşüncənin məhsulu deyil. Normal psixoloji vəziyyətdə olan insan milli dəyərlərə bu cür yanaşmaz. Yəqinki onun çox ciddi psixoloji problemləri var”.

Kamil Şahverdi həyat yoldaşı, R.Behbudovun qızı Rəşidə Behbudovanın yazılanlara münasibətindən də danışıb:

“Rəşidə xanım həmin fikirləri ilk dəfə eşidəndə mənə əhəmiyyət verməməyimi tövsiyə etdi. Başa düşdü ki, Şərif Ağayar ya sərxoşdur, ya da psixoloji problemi var. Çünki bu fikirlər yalnız affekt vəziyyətdə ortaya çıxa bilər. Digər tərəfdən, o yazı çıxan gündən mənə zənglər, mesajlar gəlir. İnsanlar dəstəyini nümayiş etdirir”.

R.Behbudovun kürəkəni təklif edir ki, Şərif Ağayar xalqdan üzr istəsin:

“Təklif edirlər ki, onu bir ictimaiyyət olaraq məhkəməyə versinlər. Ancaq mənim mövqeyim tamamilə fərqlidir. Ona təklif edirəm ki, üzr istəsin. Təkcə bizdən yox, bütün xalqdan, onun mədəniyyətini, mənəviyyatını təhqir etdiyi üçün bunu etməlidir. Bir bəhanə etsin və desin ki, bu fikirləri yazanda hansısa vəziyyətdə olub. Əks halda bildirməliyəm ki, petisiya hazırlanır və minlərlə insan artıq ona imza atmağa hazır olduğunu bildirib. Çox ciddi ictimai qınaqla yanaşı, qanuni tədbirlərin görülməsi də tələb olunacaq. Gerisi isə artıq özündən asılıdır”.

Qeyd edək ki, yazıçı Şərif Ağayar sosial şəbəkə hesabında tanınmış müğənni, SSRİ Xalq artisti Rəşid Behbudov bu sözləri yazıb:

“Həmişə düşünmüşəm, niyə bizim kişi ifaçılar illah içindən qadın səsi çıxarırlar? Mirzə Babayev istisna heç kim öz səsi ilə oxumaq istəmir. Rəşid Behbidov kimi yüksək uydurulan orta səviyyəli sənətkar ... səsi üçün əziyyət çəkir. Teymur Əmrah içini qarmon kimi sıxıb ... bir ahəng axtarır”.

P.S. Yazıçının statusundakı bəzi ifadələri çıxarmışıq.

Aytac Əliyeva


Telegram kanalımız
Chosen
35
2
yenisabah.az

3Sources