EN

Bu il evlər ucuzlaşacaq: Səbəb budur

2025-ci ilin yanvar-dekabr aylarında Azərbaycanda mənzil bazarında qiymətlər 2024-cü ilin yanvar-dekabr aylarına nisbətən 12.2% artıb. 

Dövlət Statistika Komitəsinin məlumatına görə,ötən il ilkin mənzil bazarında qiymətlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 12.7%, təkrar mənzil bazarında isə 12.2% artıb. 

Qeyd edək ki, 2025-ci ilin IV rübündə mənzil bazarında qiymət indeksi 2025-ci ilin III rübü ilə müqayisədə 3,1 faiz, o cümlədən ilkin mənzil bazarı üzrə 4,3 faiz, təkrar mənzil bazarı üzrə 3 faiz artıb. 

Əmlak bazarında bahalaşmanın davam etməsi gözlənilirmi? 

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında əmlak eksperti Anar Nəsirov bildirib ki, əmlak bazarında qiymətlərin artmasının bir neçə səbəbi var: 

"Bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da əmlak bazarı özü-özünü tənzimləyir. Yəni tələbat nə qədər çox olarsa, qiymət artımı da bir o qədər çox olur. Bu illər ərzində alıcıların çox olması qiymət artımını qaçılmaz edib. 

Əsas qiymət artımı ipotekaya yararlı, çıxarışı olan yeni tikililərdə, eləcə də Sovet dövründə – 1970-ci ildən sonra inşa edilmiş beşmərtəbəli, əsasən isə doqquzmərtəbəli binalarda müşahidə olunur. İnsanlar yeni tikilmiş, müqaviləsi olmayan evlərə etibar etmədiyi üçün “kupça”sı olan mənzillərə daha çox üstünlük verirlər. 

2024–2025-ci illərdə qiymət artımı müvafiq faiz dərəcəsində olub. Amma 2025-ci ilin dekabr ayından əmlak bazarı adətən səssizliyə bürünüb. 2023–2024-cü illərlə müqayisə etdikdə görürük ki, 2025-ci ilin dekabr ayında bazarda xeyli durğunluq müşahidə olunur. 

Alıcıların da az olduğu görünür. Dekabr ayından başlayan bu durğunluq hazırda da davam edir". Onun sözlərinə görə, əgər bazarda bu tendensiya davam edərsə, qiymətlərin enməsi qaçılmazdır: 

"Qeyd etdiyim kimi, əmlak bazarı özü-özünü tənzimləyir. Əgər bazara az alıcı daxil olarsa, bu zaman satıcılar arasında rəqabət başlayacaq. Kimsə əmlakını tez satmaq istəyər, kimsə pula ehtiyac duyar, kimsə isə satıb mənzilini dəyişmək istəyər.

Bunlar arasında rəqabət başlayacaq. Çünki bazarda real alıcı daha az olduğu üçün hamı öz əmlakını tez satmaq istəyəcək. Bu səbəbdən satıcılar arasında rəqabət yaranacaq. Bundan başqa, satıcılar anlayacaqlar ki, qiyməti aşağı salmaqla real alıcı tapmaq olar. 

Qiyməti endirimdə olan elanları saytlar və digər platformalarda gördükdən sonra onlar da qiymətləri aşağı salacaqlar. Satıcılar arasında rəqabətin başlaması qiymətlərin enməsinə səbəb olacaq". Ekspert qeyd edib ki, məsələnin digər tərəfi isə süni artırılmış qiymətlərdir: 

"Yəni 2023–2025-ci illərin sonuna qədər əmlak alanların sayı çox olduğu üçün bəzi “qəhrəmanlar” bu fürsətdən istifadə edərək əmlaklarına daha çox şişirdilmiş qiymətlər qoydular. Qiymətləri süni şəkildə artırdılar. Məsələn, əmlak 300 min manatdırsa, onu bazara 340–350 min manata çıxarırdılar ki, bu da şişirdilmiş qiymət hesab olunur. Bu, o cümlədən MTK-lara da aiddir. 

Tikinti şirkətləri gördülər ki, bazarda alıcılıq qabiliyyəti daha çoxdur, onlar da öz növbəsində qiymətləri şişirdərək müştərilərə təklif etdilər. Hazırda bazar tendensiyası bu cür davam edərsə, çox güman ki, 2026-cı ildə qiymətlərdə enmə müşahidə ediləcək. 

Çünki hazırkı bazarı 2025-ci ilin eyni ayı ilə müqayisə etdikdə alıcılıq qabiliyyətinin olduqca aşağı olduğu görünür. Bu tendensiya davam edərsə, qiymətlərin aşağı düşəcəyi, yəqin ki, şişirdilmiş qiymətlərin bazarın həqiqi qiymətlərinə enəcəyi gözlənilir". 

Chosen
97
1
cebheinfo.az

2Sources